Yeni və "yeni olmayan" Avstriya ədəbiyyatı

Səlim Babullaoğlunun təqdimatında İlze Helbixin şeirləri və Antonio Fianın dramoletləri

Tərcüməçidən: Uzun illər, əsrə yaxın bir dövrdə, biz az və ya çox dərəcədə çağdaş dünya ədəbiyyatı nümunələri ilə yalnız rus dili, "sovet xətti" ilə tanış ola bilmişik. Amma artıq otuz ildir müstəqilik və hələ də dünya ədəbiyyatı ilə zamanında və birbaşa əlaqə qura bilmir, yenə də azman dünya ədəbi prosesinə münasibətdə mezalyans vəziyyətində qalırıq. Hikkəmiz, dünyaya və bir-birimizə münasibətimiz, bu münasibətdən doğan önyarğılı davranışımız, bu davranışın tənzimləndiyi ləng tərcümə və mübadilə prosesi, tendensiyalar icazə verir ki, təəssüflə də olsa deyim: halımız tezliklə düzəlməyəcək, "üslubçu Avropaya" münasibətdə biz hələ uzun müddət Vidia Naypolun "Qara Conu" kimi qalacayıq.

Və yenə də ədəbi cərəyanlar, tendensiyalar bizə "copy paste" üsulu ilə gələcək, əsla bizim cəmiyyətin ovqatını, çıxılmazlığını, problemlərini ifadə etməyəcək, buna cəhd edənlər təklənəcək, nəticədə həm biz dünya xalqları ədəbiyyatlarını sistemli şəkildə öyrənməyəcəyik, həm də çağdaş ədəbi prosesi bizim ögey anamız, ya da biz "onun yad qapılarda böyüyən balası" olaraq olacayıq...

Avstriya ədəbiyyatını tanımırıq. Bu ədəbiyyatı tədris edən 2-3 mütəxəssis xaricində, əksərimiz 5-10 müəllifin (onların da yaradıcılığını əsla köklü olaraq bilmirik) adını eşitmişik və bu mənada hamımız dərin boşluq içindəyik. Keçmişdən miras qalan bu böyük boşluq indiki ləngliyimiz hesabına hər gün bir az yekəlir.

İndi "Ədəbiyyat qəzeti"nə təqdim etdiyim (və təəssüf ki, rus dilindən çevirdiyim) çağdaş Avstriya ədiblərinin əsərlərindən tərcümələrim bir tərəfdən və ilk növbədə, həmin böyük boşluğu bir misqal olsa da doldurmaq cəhdidirsə, başqa tərəfdən, çağdaş insan həyatının ədəbiyyatda üslubi və məzmuni inikası kimi (xüsusən, Antonio Fianın dramoletləri, mini-dramları) maraqlı olacağına ümid edirəm. Digər tərəfdən, Avstriya ədəbiyyatında "İlze Helbix ədəbi faktı" isə "ədəbiyyatda müasirlik" probleminə yeni baxış sərgiləyir; 65 yaşında roman yazmağa başlayan bu xanım, öz şeirlərini 2017-ci ildə, 94 yaşında dərc elətdirir və bu yaşda çağdaş Avstriya ədəbiyyatının hadisəsinə çevrilir.

Yaxşı oxular...

Səlim Babullaoğlu

İlze Helbix (1923) - nasir, şair, publisistdir. Alman dili və ədəbiyyatı üzrə doktordur. Bir müddət nəşriyyatda klerk kimi çalışıb. Müxtəlif nəşrlər üçün, xüsusən, "Die Presse"ə yazılar yazıb, radio ilə əməkdaşlıq edib. Fərdi bədii yaradıcılığa gec başlayıb, 65 yaşında. İlk romanı ("Qaranquşun məktubu", 2003) 80 yaşındaykən dərc edilib.

Xanım Helbix, həmçinin, "İndiki anda. Sonrakı ömürdən yeddi novella" (2018), "Xoşbəxtlik barədə iki hadisə" (2018) adlı hekayə toplularının, "Yolüstü" (2017) şeir kitabının müəllifidir.

Aşağı Avstriya Federal torpağının mədəniyyət mükafatını (2018) alıb.

***

Sözdən zireh.

Obrazların toru.

Obrazlardan tor - sözlərin zirehi.

Obrazların zirehi - sözlərin toru.

Sözlərin toru və mən qəfəsdəyəm.

***

Quşlar

ağcaqayının taxt-tacı altında

bərk-bərk susublar.

Və bağçanın otağını

mənim bilmədiyim,

heç vaxt da bilməyəcəyim

sirləri ilə doldurublar.

***

Çoxlu gizlin yerlərim var.

Bəziləri olduqca maraqlıdır.

Bir çoxu qadağandır.

Hamının məni tapa biləcəyi

qiymətli yerim də var -

o təkid edir ki, gözlərimi açım.

***

Nə deyilməlidirsə söylənir.

Söylənməyənlər sözlərdən uzaqlaşır.

Dərində bir musiqi varsa da

nəğmə oxunmur.

***

Göydən daş kimi düşür quş -

sanki harasa atılır.

Kölgəsi şimşək kimi otluğa düşür.

Düz üstümə.

***

Sanki kimsə məni arabaya qoyub

qaranlıq küçə ilə itələyib aparır.

Yellənirəm, əsirəm.

Yarpaqlar boynumu oxşayır.

Məni bu sükut içində kim aparır,

bilmək istərdim,

amma geri çevrilmirəm.

O burdadır,

mənim əziyyətli yerişim...

Antonio Fian (1956 ) - nasir, şair, esseist, köşə yazarıdır. Altı dramolet, iki roman və altı prozaik kitabın müəllifidir ki, onların sırasında

"Avstriya yazıçılarının yazı masaları" (1987), "Yuxuda. Yuxuların iziylə" (2009) nəsr kitabları, "Qum saatlarından ibrət götür!" (2018) şeir kitabları daha məşhurdur. Antonio Fian publisistika üzrə Avstriya Dövlət mükafatını (1990) və Karinti Federal Torpağının (2001) xüsusi mükafatını alıb, habelə Avstriya ədəbiyyata dəstək ödülünə (2001) və Reynxard Prisnitsa adına ədəbiyyat mükafatına (2018) layiq görülüb.

"Dramoletlər"dən

Sığallama,

yaxud Yeni romantika

2014. Yayın sonu. Adriatika qürub günəşində bərq vurur. Ləpədöyəndəki körpünün sonunda bir-birinə qısılmış iki gənc - qız və ondan sağda oğlan əyləşib. Hər ikisinin kürəyi adamlara tərəfdir. Qızın sağ əlində gözünü ayırmadığı və o biri əlinin şəhadət barmağı ilə displeyini vaxtaşırı sığalladığı smartfon var. Oğlan da sağ əlində gözünü ayırmadığı, vaxtaşırı eyni əlinin baş barmağı ilə displeyini sığalladığı smartfon tutub.

Sükut.

Günəş batır.

Qaranlıq getdikcə tündləşir.

Aramsız sığallar.

Gecə düşür. Smartfonlarn displeyi gur işıq saçır.

Ay çıxır.

Sükut, qızın qəfil ehtiraslı və gərgin səsi, nəfəsi: artır, azalır və sakitləşır.

Sükut.

Ay batır.

Smartfonların displeyi gur işıq saçır.

Aramsız sığallar.

Gün doğur.

Pərdə... 

Qastayn vadisi - yol eskizləri

Zalsburqdan Karintiyə gedən beynəlxalq ekspresin vaqon-restoranı. Üç müxtəlif masanın arxasında otuz-əlli yaş arasında üç qadın. Hər üçü mobil telefonla danışır. Qatar tuneldən indicə çıxıb.

Birinci qadın. Alo! Alo!

İkinci qadın. Eşidirsən məni? Mən səni eşidə bilmirəm. Hə, bax, indi eşidirəm! Elə bil itdin axı. Tuneldəydik, hə. Məni qarşılayacaqsan? Hə-hə. Amma əvvəlcə tezbazar "Ucuzluğ"a baş çəkək, qarniturçün, ya da "Min bir xıdavat"a.

Üçüncü qadın. Düşünürəm ki, Dorfqastayn. Ya bəlkə əvvəl Xofqastayn?

Birinci qadın. Alo! Alo! (Telefonu aşağı salır. Üçüncüyə tərəf çevrilir.) Sizdə şəbəkə var, amma məndə nədənsə tutmur.

Üçüncü qadın (çiyinlərini çəkir; telefona). Əvvəl Dorfqastayn, sonra Xofqastayn, sonra isə Bad... Bad Qastayn. Yox e, nə Bad Xofqastayn? Bunu hardan çıxardın? Ya Xofqastayn, ya Bad Qastayn! İkisindən biri.

İkinci qadın. Nə? Niyə axı olmaz... Alo? Yenə itdi. Alo? Hə, indi eşidirəm. Necə yəni "Diskont-miskont" olmaz, niyə? Bəlkə "Bizim ev"ə gedək? O da olmaz!? Nə!? Alooo!?

Birinci qadının mobil telefonu zəng çalır. Cavab verir.

Birinci qadın. Salam. İndi eşidirsən? Mən səni çox yaxşı eşidirəm. Bax, sonuncu dəfədir deyirəm, mən buna heç bir halda...  Alo!? Alo!? Yenə itdi.

İkinci qadın. Nə deməkdir hər şeyi qamarla?! Mənəm hər şeyi qamarlayan?! Nə!? "Min bir xırdavat"a hər halda bir baş çəkək, necə bilirsən?..

Birinci qadın. Alo! Alo!

Üçüncü qadın. O heç vaxt Bad Xofqastayn kimi təqdim etməyib özünü. Bu dəqiqdir! Dorfqastayn, Xofqastayn, Bad Qastayn! Alo? Burdasan?

İkinci qadın. Səni başa düşmürəm!

Birinci qadın. Alo! Alo!

Qatar tunelə daxil olur.

Pərdə

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!