Tanrının bizdən gəlməyən, xoşu hardadı, hardadı? - Məhəmməd - şeirlər

Akif Səməd, başımızın

Daşı hardadı, hardadı?

Gözümüzün Allah deyən

Yaşı hardadı, hardadı?

 

Uçsun göylər üstümüzə,

Yetişməyin tüstümüzə!..

 Hamı bilir, könlü təzə

 Naşı hardadı, hardadı?..

 

Mənəm, odu o sən deyən -

Tamahından daşı yeyən...

Tanrının bizdən gəlməyən

Xoşu hardadı, hardadı?

 

Dilimə gəlin, dağ basın,

Əlimə gəlin, dağ basın,

Gətirin, ruhum ağlasın,

Nəşim hardadı, hardadı?!

 

Qərib Mehdiyə

Dağ kimi durub Gəncədə

Sözə həyan Qərib Mehdi...

Köhnə kişidi, qamətin

Düz saxlayan Qərib Mehdi...

 

Üzündən axan nura bax,

Dönür başına kürə - bax!

Heç görmədim qaraqabaq,

Gülən, deyən Qərib Mehdi!

 

Əlindədi sözün canı,

Könüldü, ruhdu ünvanı,

Qocaldıb qoca dünyanı

Qocalmayan Qərib Mehdi...

 

Barat Vüsala məktub

Sənin yerin ayrı, göyün ayrıdı,

Sənin ilin ayrı, ayın ayrıdı,

Sənin havan ayrı, suyun ayrıdı,

Belə havan, belə suyun mübarək!

 

Bülbül könül bircə dəfə gül demir,

Oda yanır, qor söyləmir, kül demir,

Sən deyəni ürək deyir, dil demir,

Möhkəm oxun, dəli yayın mübarək!

 

Yol gedirəm, mən yolları haçayam,

Əzəl gündən bir hikmətin acıyam...

Saçların hayqırır - dərviş saçıyam,

Dərviş adam, dərvişliyin mübarək!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!