Məhəbbət nağılı - Barat VÜSAL - şeirlər

Ziyarət

Kərəmə lələyəm, qəribə yoldaş,

Mən eşqin camını içmiş şairəm.

Mən sözün quluyam, sözün şahıyam,

Sazın köynəyindən keçmiş şairəm.

 

Dünya gözlərimdə bir yuxu-röya,

Dünya məni görür

gedib yuxuya,

Dünyaya gəlməmiş gəlib dünyaya,

Dünyadan köçməmiş köçmüş şairəm.

 

Barat sadiq qalıb öz adətinə,

Aldanmaz dünyanın zər-zinətinə.

Könüllər mülkünün ziyarətinə,

Evdən baş götürüb qaçmış şairəm.

 

Köhnə küllük

Allahı tək türkdənəm,

Varlığı haqq türkdənəm.

Dərbənddən, Borçalıdan,

Təbrizdən, Kərkükdənəm.

 

Könüldənəm, ahdanam,

Küləkdənəm, mehdənəm,

Çəməndənəm, şehdənəm,

Güldənəm, güllükdənəm.

 

Məni Göydən atıblar,

Yerdə göydə tutublar!

Köhnə küllük tapıblar,

Mən həmin küllükdənəm!

 

Yoxam bu canda daha,

Varam hər yanda daha!

Ruham başdan-ayağa,

Xalqdanam, Xaliqdənəm!

 

Ürəyim elə bağlı,

Çiçəyim gülə bağlı.

Bəzmi - Əzələ bağlı,

Camdanam, tuluqdanam!

 

Gəzib hardan gəlirəm,

Yazın, Ordan gəlirəm.

Əsrlərdən gəlirəm,

Neçə minillikdənəm.

 

Zatım ulu zat olub,

Onçün adım ad olub,

Mayam eldən tutulub,

Öydənəm, öylükdənəm.

 

Tanış olun, deyirəm,

Yerim məlum, deyirəm.

Erkanokon deyilən

Dağdakı dəlikdənəm.

 

Haqqın yolu yolummuş,

Aşiq halı halımmış.

Bir vaxt Yusif salınmış

Dərin quyuluqdanam.

 

Mənəm o Oğuz Xaqan,

Öz gücünə inanan.

Qonanda qartal qonan

Daşdan, qayalıqdanam.

 

Bir sütuna can qurban,

Bisutuna bir zaman,

Türk sözünü ilk yazan

Qələməm - külünkdənəm!

 

Bir babam var, mərd, Ərən,

Bir atam var, mərdə tən!

Bu torpağı yurd edən,

Süddənəm, Sümükdənəm!

 

Nər dizimi bükəmməz,

Mən çəkəni çəkəmməz.

Ömrüm bitməz, tükənməz,

Qandanam, ilikdənəm.

 

Dərgah Odur - "Hu" olan,

Könül məcunu olan.

Bircə Məcnunu olan,

Kəbədən, Çöllükdənəm!

 

Hər ürəyə yolum var,

Danışmağa dilim var.

Sanma mənə ölüm var,

Əbədi sağlıqdanam!

 

Səni yaxşı tanıyıram

Sanma məndən bezəcəksən,

Üç gün, beş gün dözəcəksən.

Yenə məni axtaracaq,

Yenə məni gəzəcəksən,

Səni yaxşı tanıyıram!

 

Göz-qaşının aşiqinə,

Göz-qaşının acığı nə?

Göz yaşların axmayacaq,

Göz  yaşının acığına,

Səni yaxşı tanıyıram!

 

Yaman günlər görəcəksən,

Yaman güllər dərəcəksən.

Günahı məndə görənə,

Özün cavab verəcəksən,

Səni yaxşı tanıyıram!

 

Qanad alıb kəpənəkdən,

Uçacaqsan, düşüb həkdən...

Gəzib məni tapmayanda,

Çiçəkləri öpəcəksən,

Səni yaxşı tanıyıram!

 

Sözünə qulaq asansan,

Gözünə qulaq asansan.

Sevgi, məhəbbət sarıdan,

Özünə qulaq asansan,

Səni yaxşı tanıyıram!

 

O qəm üzündən köçəcək,

O nəm gözündən köçəcək.

Ha qaçsan da, yolun gəlib,

Dönən üzümdən keçəcək,

Səni yaxşı tanıyıram!

Məhəbbət nağılı

Sən açan səhərin axşamı varmı,

Sanırsan ölmüşəm, yaşamırammı?

Mən səni sevənə oxşamırammı,

Məndən çox sevirsən şeirlərimi!?

 

Əllərim əlinə dəyə, qoymursan,

Niyə məni sevinməyə qoymursan.

Niyə məni sevilməyə qoymursan,

Məndən çox sevirsən şeirlərimi!

 

Arayıb-axtarıb bir fənd etmisən,

Məni misra-misra, bənd-bənd etmisən.

Şeiri aramızda sərhəd etmisən,

Məndən çox sevirsən şeirlərimi!

 

Məni işə salıb, işə düşmüsən,

Xəbərin yox, dilə-dişə düşmüsən.

Sən daha sevgini başa düşmüsən,

Məndən çox sevirsən şeirlərimi!

 

Olmaq istəyirdim özüm bəxtəvər,

Yaman oldu könlüm-gözüm, bəxtəvər.

Məndən bəxtəvərmiş sözüm, bəxtəvər,

Məndən çox sevirsən şeirlərimi!

 

Demirsənmi halımıza gülərlər,

Ölüb getsək ölümüzə gülərlər.

Demirsənmi birdən baxıb görərlər,

Məndən çox sevirsən şeirlərimi!

 

Suyulub bir sözün ətrinə görə,

Qatil axtarmırsan, qətlimə görə.

Hələ dəyməmişdin xətrimə belə...

Məndən çox sevirsən şeirlərimi!

 

Demək o məhəbbət nağılı buymuş?

Demək, bir ümmanın sahili buymuş?!

Demək, şairliyin axırı buymuş,

Məndən çox sevirsən şeirlərimi!

 

Daha sənə qulaq asmayacağam,

Mən səni Baratla gəzməyəcəyəm.

Daha bir də şeir yazmayacağam,

Məndən çox sevirsən şeirlərimi!

 

Nizaməddin Şəmsizadəyə

Səsin gəlir, səsi gəlir Türkün səsi,

Belə olur insanlığın gördüm səsi!

Belə olur əyilməzim, yenilməzim,

Əldə qələm, alnındasa alın təri...

Nizaməddin Şəmsizadə həzrətləri!

 

Ürəyini haqq yolunda nəzir verdin,

Çox dərdləri dərdə saldı əsl dərdin.

Ayağını ayaqsıza kəsib verdin,

Vüsalına qovuşdurdun həsrətləri,

Nizaməddin Şəmsizadə həzrətləri!

 

Adam olan yer üzündə baxtından var,

Özünün də adam olan vaxtından var.

"Azərbaycan mənəm" demək haqqın da var,

Ürəyində yurdun bütöv sərhədləri,

Nizaməddin Şəmsizadə həzrətləri!

 

Belə olur, sənin kimi oda yanmaq,

Bir amalın olub sənin, o da yanmaq!

Sən yolçusan, olmaz sənə o dayanmaq,

Köhnəlməsin şam-pərvanə söhbətləri,

Nizaməddin Şəmsizadə həzrətləri!

 

Qəmlənirəm duyub-duyub qəm, sözündən,

Gözüm dolur göz yaşıtək nəm sözündən.

Yaşadırsan həm özündə, həm sözündə,

Aşiqanə, şairanə fitrətləri,

Nizaməddin Şəmsizadə həzrətləri!

 

Səni sevir, sevir ürək, deyir ürək,

Sən də çox vaxt soyulmusan Nəsimitək.

Onçün sənə deyə billəm, deyim gərək:

"İmadəddin Şəmsizadə həzrətləri",

Nizaməddin Şəmsizadə həzrətləri!

 

Yaraşırmı axı adi olmaq sənə?

Yaraşırmı "atıl-batıl" olmaq sənə?

Yaraşıqdı eşqin adı olmaq sənə,

Dur, vəhdəti-vücud eylə kəsrətləri,

Nizaməddin Şəmsizadə həzrətləri!

 

Adəm-Həvva dastanı

Adəmlə Həvvanın söhbəti uzun,

Adəmlə Həvvanın söhbəti qısa.

Çoxdan bu dünyadan çıxıb gedərdi,

Adəmlə Həvvanın qeyrəti olsa,

Adəmlə Həvvanın mürvəti olsa!

 

Kim kimin ucundan azara keçib,

Bilmirsən arada kimdir günahkar?

O nurmu zülmətdi,

bu zülmətmi nur?!

Adəmmi Həvvanın dalınca düşüb,

Yoxsa ki, Həvvamı Adəmi qovur?

 

Adəm təbiəti, Həvva xisləti,

Doğur günəşiylə, yaxır Ayıyla.

Bir söhbət başlayıb... bir söhbət gedir,

"Sevirəm" kəlməsi, "ah" harayıyla!

 

O söhbət acıdı, bu söhbət şirin,

Toydan çox əllərin xınası çoxmuş.

Mənalı görünən bu söhbətlərin,

Bir də baxırsan ki, mənası yoxmuş.

 

O qədər işlərə qarışırlar ki,

Bu işlər Tanrıya

vallah, xoş getmir.

O qədər susurlar... danışırlar ki,

Adəmlə Həvvanı Allah eşidir,

Adəmlə Həvvanı Allah eşitmir?!

 

Ayıbdı, hər şeyi qələmim, demə,

Gör Adəm övladı nə gündə imiş.

Zirvədən danışan Adəmin demə,

Fikri bir kolluğun dibində imiş.

 

Nə üçün gəlmişdi dünyaya, Adəm,

Sanır ki, bu dünya

quyruqdur, sökür...

Bir söz deyəsiydi Həvvaya Adəm,

Hələ ki bir ucdan üyüdüb tökür.

 

Neçə cildə girir adam hər dəfə,

And içir, öz yalan sözünə gülür.

Həvvanı aldadıb Adəm hər dəfə,

Özünə ağlayır,

özünə gülür?

 

Bu yazıq Adəmə qıymaq olmayır,

Ağzına dikibdi aləm ağzını.

Adəmin sözündən doymaq olmayır,

Qoymayın, açmağa Adəm ağzını?!

 

Biz nələr görmüşük bir ömrümüzdə,

Deyirlər, hər şeyi

qəlbə salmayın.

Adəmlə Həvvanın yeri göz üstə,

Adəmlə Həvvanı qəbrə sallayın!

 

Bəlkə bəhanəymiş o iş, bu söhbət,

Nə var, çırpışdırıb

çalmaq üçünmüş.

Olmaya bu boyda qırğın-qiyamət

Həvvadan bir öpüş almaq üçünmüş?

 

Üzülür... pozulur axırı kefi,

Gah yerlə sürünür,

gah gedir göylə.

Adəmlə Həvvanın yıxılır evi,

Özgə əliylə yox, öz əlləriylə!

 

Dedi, unutmadı qaldısa sözü,

Dünyanın sırtılmış üzü - Adəmmiş.

Adəmmiş dünyanın ən qısa sözü,

Dünyanın ən uzun sözü - Adəmmiş?!

 

... Hanı Adam oğlu, özün yetirsin,

Qaldırsın Adəmi qolları üstə?

Əl atır budaqdan meyvə götürsün,

Həvvanın qan damır

əlləri üstə?!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!