Tanrı qəzəbinə gəldi yer üzü... - Adil Cəmil - şeirlər

Tanrı qəzəbinə gəldi yer üzü

Bir bəla yetişib bəşəriyyətə

Nə elmə bəllidir, nə şəriətə,

Nə şaha rəhm edir, nə rəiyyətə -

Tanrı qəzəbinə gəldi yer üzü.

 

Qaldı su altında kiçik adalar,

Tufanda boğuldu səslər, sədalar.

Elə çoxaldı ki, haramzadalar

Tanrı qəzəbinə gəldi yer üzü.

 

Xeyir öz yerini şərə verəndə,

İblisin əkdiyi bəhrə verəndə,

Avropa oğlunu ərə verəndə

Tanrı qəzəbinə gəldi yer üzü.

 

Allahı yadına salmayan bəndə

"Ayətül-kürsü"nü oxuyur gündə.

Bu hansı millətdir və hansı dində?!

Tanrı qəzəbinə gəldi yer üzü.

 

Adam bu azardan qoruna bilmir,

Düşünmə: hardasan korona bilmir...

Bu dünya başqa cür darana bilmir,

Tanrı qəzəbinə gəldi yer üzü.

 

Bu azar sarımsaq, soğana baxmır,

Qocaya, uşağa, cavana baxmır.

Ona yazıq-yazıq baxana baxmır,

Tanrı qəzəbinə gəldi yer üzü.

 

Subaylar əlindən tutandan qorxur,

Evlilər yanında yatandan qorxur,

Ay Adil, adamlar adamdan qorxur,

Tanrı qəzəbinə gəldi yer üzü.

 

Məni qınamayın

Bütün güzgülərdən acığım gəlir -

Təpir gözlərimə qocalığımı.

Yaralı qəlbimdən aça bilmirəm

Yaşın bağladığı qəm sarığımı.

 

Bütün küləklərdən xoşum gəlməyir -

Ya Cənubdan əssin, ya da Şimaldan.

Onun əsiminə meh necə deyim -

Bu külək adamı salırsa haldan.

 

Bütün sevənlərə yazığım gəlir -

Keçirlər ürəyin imtahanından.

Amma ki, dünyamız sevilərdimi

İnsan doğulmasa sevgi qanından?!

 

Bütün ayrılıqlar ölümdən betər

Adamı şam kimi əridəsidir.

Göy üzü yavadır uçan ruhlara,

Yer üzü ayrılıq xəritəsidir.

 

Qismətin olmasa

Həyatdır, qatıldım çox oyunlara,

Oyunbaz görmədim bu fələk kimi.

Məni dönə-dönə çəkərək dara

Fırlatdı əlində çərpələng kimi.

 

İnsan rəzalətlə razılaşanda,

Yumşalıb, yuxalıb quzulaşanda

Elə o məqamda, elə o anda

Dərd gələr üstünə şir-pələng kimi.

 

Qismətin olmasa əl boşa çıxar,

Naxışı tutanlar tez başa çıxar.

Ömür-gün ələnər, çıxdaşa çıxar,

Qalar nəzərində boş ələk kimi.

 

Bağlı qapılara ümiddir açar,

Ay, Adil, bir kimsə qalmasın naçar.

Yaralı sinədə dərd çiçək açar

Yağışdan sonrakı göbələk kimi.

Yaşamaq

Vallah yaşamaq deyil

Elə-belə yaşamaq.

Ağırdan ağır olur

Beldə şələ yaşamaq.

 

Olum müvəqqətidir,

Ölüm isə qətidir.

Məcnunluq xislətidir

Düşüb çölə yaşamaq.

 

Ağı boza döndərər,

Çoxu aza döndərər,

Səni buza döndərər

Yayda çilə yaşamaq.

 

Yıxılsan sağ, solundan

Kimsə tutmaz qolundan.

Səni eylər yolundan

Yolda tələ - yaşamaq.

 

Nə qiymət var, nə qədir,

İllər ömürdən gedir.

Pərvanə bilər nədir

Dönüb külə yaşamaq.

Yatan bir gün ayılır -

Günlər qalıb sayılı.

Olmur ki, əzrayılı

Tutub dilə yaşamaq.

 

Qürurlu qapı döyməz,

Kimsəyə boyun əyməz.

"Bir azad günə dəyməz

Yüz il kölə yaşamaq".

 

Ər olanlar ərimiş,

Xislət qana yerimiş.

Ölməkdən çətin imiş

Ölə-ölə yaşamaq.

 

Böyük şəhərlərdə

Böyük şəhərlərdəki

kiçik adamlar

kiçik şəhərlərdəki

böyük adamlardan

böyük görünür.

Böyük şəhərlərdə insan

böyük arzulara bürünür,

böyük yola çıxır -

nə məkan onu sıxır,

nə zaman onu sıxır.

...Böyük şəhərlərdə

böyüməyin sirri var -

"balıq dəryada böyüyər"

demiş ulular...

Ankara, 2018

 

Bu payız

Saralıb, sozalır yamyaşıl dağlar,

Cığırda payız var, çəhlimdə payız.

Dəymiş yarpaqlara dəysə barmağım

Ovulur, sovulur əlimdə payız.

 

Durna qatarında qatarım gedir,

Məni ayrılığa atanım gedir.

Solur - bağım gedir, bostanım gedir,

Həsrət nəğməsidir dilimdə payız.

 

Fəsil dəyişəndə ayrısı gəldi,

Uçdu kəpənəyi, arısı gəldi.

Bu payız ömrümün payızı gəldi -

İçimdə payızdır, çölümdə payız.

 

Əsa

Satışda əsa gördüm,

Beynimdə nəsə gördüm.

Gördüm ki, qocalmışam

Haya gəlib bu çəlik.

Onun "ayağı" ilə

Gedişim bir küçəlik.

Sonra da düşündüm ki,

Bu da bir şərəf olar -

Qocalıb büdrəyəndə

Əsayla tapışasan,

Ögey ayağın ilə

Torpaqdan yapışasan...

 

Hamısı yuxu

Havayı yağmayıb saçıma bu qar,

Gələn yaş dərd verir, sər verir mənə.

Bir zaman qəlbində yer verən qızlar

İndi də metroda yer verir mənə.

 

Qulağın qidası yaxşı musiqi,

Gözün də qidası gözəllikdədir.

Təzədən görəndə köhnə aşiqi

Görərsən baharı xəzəllikdədir.

 

Ay ömür, nə yaman tez gəlib-getdin,

Sən demə bu ömrün yarısı yuxu.

Cavanlıq deyilən ilğımda itdim,

Sonra nə yaşadım - hamısı yuxu.

Sən görmədin

Sinəsində yeridiyin

Yamac oldum - sən görmədin.

Yollarına kölgə salan

Ağac oldum - sən görmədin.

 

Bir gün oldu bir il mənə,

Yalvardım ki, bir gəl mənə...

Bal süzülən bir kəlmənə

Möhtac oldum - sən görmədin.

 

Qəlbimdə bir yuva gəldim,

Başımda bir hava gəldim.

Dərdlərinə dəva gəldim,

Əlac oldum - sən görmədin.

 

Lənət hicran hasarına -

Gərək mənə o sarına?!

Yetmədiyim vüsalına

Mən ac oldum - sən görmədin.

 

Keçib

Soruşma saçlarım ağarıb niyə,

Bu illər mənim də üstümdən keçib.

Fəsillər kökləyib ürək ritmini,

Ömür soyuğumdan, istimdən keçib.

 

Sənsiz saralsa da çölüm, çəmənim,

Hələ solmayıbdır ümid səmənim.

Bu hicran yolunda çəkdiyim mənim

Elə yanmışam ki, tüstümdən keçib.

 

Adil tamarzıdır busənə, gözəl,

Qəribə gəlməsin bu sənə, gözəl.

Həyat nə verir ki, küsənə, gözəl,

Vallah küsməmişəm, "küsdüm"dən keçib.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!