ADONİS - şeirlər

"Küləyin yaddaşı" kitabından

 

Florensiya və Hüseyni salamlama

 

Dəclənin Fəratla* birləşdiyi
sularda
Ayaqlarını yuyan
Bir şumer Allahına deyirdim:

 

Dostum, Allah, doğrumudur ki,

Bir gün arvadının qulağına pıçıldayıbsan,

Deyibsən ki, "bu dünyada mənimçün ən çətini

Elə Allah olmaqdır".

 

Birdən mələklər

Üstümüzə tökülüşüb də

Dil-boğaza qoymasalar:

Söz oddursa,

Sükut olsa-olsa cəhənnəmin kandarıdı.

 

Doğrudan da, qəzaların kökü

Göylərdə bitər, cücərər.

Doğrudan da, Bağdadda daşlar

Utancdan çatlaya bilər.

 

Parisdə, kədər dolu otaqda

Ölkəmi dizlərim üstünə almaq istərdim.

Bu heç də Rembonu təqlid olmaz, dostum,

Bu onun gözəlliyə yanaşmasıydı, ancaq

İndi bəyan etməyə qorxduğum

Digər insan hüquqlarının əsasını qoymaqdan yanaydı həm də.

 

Görəsən, dilin qocalığı

əlifbanın uşaqlığına nə qədər möhtacdı.

Dünya qətlə yetirilmiş cəsədlərin üstündə

Ağlayıb da

Göz yaşlarını qurutmaqdan bezməyəcək,

O vaxta qədər ki,

Günlərin gözəl bir günü

Ey ana torpaq özünü

Dan yerinə təslim edəsən.

***

Səsini eşitmirəm onun.

Bu əlifba nə deyir görən?

Şair çöllər boyu uzanan meşələrdən şübhələnir,

Simşəklərini başına yağdırır...

***

Səninlə necə rastlaşmağı bilmədiyim

Hər anın yaddaşını sil getsin...

 

Bulud üçün güzgü

Qanadlar,

Əfsus mumdan qanadlar

Yağan da heç yağış deyil,

Fəryadımızda üzən gəmilərdir.

***

İkimizdən hansımızın keçmiş olduğunu nədən biləcəm

Necə deyə bilərəm ki, eşqimiz

Zamanın qırışlı əllərində qalıb...

Yuxu üçün güzgü

 

Yuxumu götür, tik onu,

əyninə geyin,

Dünən əllərimin içində

Yuxu apardı səni

Məni dörd yana gəzdirdin

İnilti kimi

Gəzdirdin məni

Günəş arabasında

Qağayı kimi göyə milləndin

Gözümdən dən-dən töküldün.

***

Qızılgül görünməzdir, bilirəm,

Bir qadın da eləcə

Üzümüz səmanın gizli tərəfidir,

Astar üzü,

bulud-bulud tanıyıram oranı.

Səma yerdəki cənnəti çiyinlərində tutur

Tarixə xoş gəldin, demək qalır bizə

Və onun atom külü,

Fanilik

Necə ümidsiz ola bilər ki,

Yolu küləkdən keçirsə...

Küləyin yaddaşı

Küləyin üzünə yazdım

kimliyimi

soyadımı unutdum,

yazmadım...

Yazıda zaman dayanmır,

amma suyun barmaqlarıyla imza atır

qəlbində yatan ağrıya...

Bilirsənmi

kəndimin ağacları şairdir

ayaqlarını

səmanın mürəkkəbinə batırır

hər axşam.

Külək yorulur

Səmasa onun ayaqları altına sərilir

Həsir kimi.

Yaddaş son sığınacaq yerindi

Ancaq orda sən

Özü də yaddaş olmuş

Cisminlə qala bilərsən

Büsbütün...

Dilin səhrasında

yazı kölgədir

gizlənmək üçün.

Bir şair üçün ən gözəl məzar

Sözlərin arasındadı,

Sözlər arasındakı boşluqlardadı...

Bəlkə işıq

Çaşdıracaq səni

Səhər olunca

Belə olarsa,

heç nədən qorxma

təqsir günəşindi.

 

Ovsun yeri

Tanrıyla mənim aramda

Nə qisas, nə qovğa qaldı

Hərə çəkilib getdi

bulud qapısını üzünə bağlayaraq

Hər kəs yerini bildi,

Sərhədini tanıdı

Yurdum sehr,

Ovsun yeridir

Mən havanın xəyalıyam

Suyun üzünə toxunuram

Yaralanır...

və mən

Butulkanın içindən dənizə düşürəm...

Tərcümə edəni: Cavanşir YUSİFLİ

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!