Füzuli (Füzun) - Şeirlər - Bədirxan Əhmədlinin təqdimatında

 

"Ədəbiyyat qəzeti"nin baş redaktoruna!

Hörmətli Azər Turan! Sizə göndərdiyim şeirlər AMEA Fəlsəfə İnstitutu İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun son dövr yaradıcılığının məhsuludur. İdrak nəzəriyyəsi üzrə Azərbaycanda çox az alimlərdən biridir. Məqalələri Azərbaycanda və dünyanın müxtəlif ölkələrində elmi məcmuələrdə dərc olunub. Bir çox ölkələrdə elmi konfranslarda etdiyi məruzələr maraqla qarşılanıb. Əsasən təbiətşünaslığın fəlsəfi problemləri, ontologiya, idrak nəzəriyyəsi, eləcə də fəlsəfi fikrin metodoloji problemləri ilə məşğul olur. "Sinergetika elmi təfəkkür üsulu kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Elmə sinergetik yanaşma ilə bağlı monoqrafiyası dərc edilib.

Füzuli Qurbanov bu günlərdə şeirlərini təqdim edəndə mənim üçün də gözlənilməz oldu. Çünki mən onu yarım əsrdən çoxdur ki, tanıyıram, lakin şeir yazdığını bilmirdim. Şeirləri təbii, səmimi və effektivdir; bədii dünya duyumunu, estetik dünyagörüşünü fəlsəfi, sosial kontekstdə ifadə edir. Predmet və hadisələrə poetik yanaşmada bədii və fəlsəfi qavrayışlar paralellik təşkil edir. Əlvanlıq, poetiklik, çoxçalarlılıq, görümlülük bu şeirlərin bədii məntiqini təşkil edən faktorlardandır. Poetik mətndə sözlər və fikirlər bir-birini tamamlayır və bədii emosionallıq yaradır.

Füzulinin (Fizun) şeirlərindən bir neçəsini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.

Hörmətlə, professor Bədirxan Əhmədli          

Füzuli (Fizun)

Ana, muğayat ol

Dağlar, nankor olduq, getdik obadan,

Yollara bir dağ ol, qalan getməsin,

Vüqarlı zirvədə yurd-yuva salan,

Çiyni yapıncılı çoban getməsin.

           

Torpağın altında yatanlara bax,

Ömrünü yurduna qatanlara bax,        

Kökünə güvənib, qalanlara bax,         

Qaylayın, araya şeytan keçməsin!

 

Sevgi qismətidir Allah qulunun,

Ondan yarıyanı tapsanız, bulun,

Saçına dən düşmüş, gözləri yorğun,

Yollara boylanan canan getməsin.

 

Buludlar dolaşır taleyimizdə,

Acı yuva salır ürəyimizdə,

Allaha dualar diləyimizdə,

Ana, muğayat ol, Vətən getməsin!

P.S. "Qaylamaq" qədim türk sözü "qay"dandır. Mənası güc, dəstək verməkdir. Mənim fikrimcə, kəndimizin adı "Gəyliyən" sözü, əslində, "Qaylıyan"dır. Yəni güc, dəstək verən, haylı-huylu. Bu da kəndin əhalisinin Azərbaycanda geniş yayılmış oğuz türk qayı boyundan (Osmanlı dövlətini quran boy) olmasına işarədir (müəllif).

Dəymə, fələk

Dəymə fələk, könlün qəmli sazına,

Pərdəsi siminin oduna yanır,

Toxunarsan payızına, yazına,

Bir tatsız sevdanın badına yanır!

 

Dəymə fələk, dərdlər dərdə qalansın,

Dərd ağacı dağla qoşa dayansın,

Bəlkə, onda yatmış baxtım oyansın,

Naləmdən dünyanın ini oyanır!

 

Qıyma fələk, top zülfümün telinə,

Sazaq dəyə qəlbindəki gülünə,

Bir nabat ol onun şəkər dilinə,

Bal özünü dillərə dərman sanır!

 

Dəymə fələk, o, dağlara yol edir,

Lalənin yanında bir gül də bitir,

Güllərin içində bülbüllər ötür,

Səsindən dağların könlü oyanır!

 

Dəymə fələk, Günəş bizi isitsin,

Xəyallar zamana axış gətirsin,

Fizun ahlarıyla bir gül bitirsin,

Yoxsa qüssəsindən qəlbi dayanır!

 

Nazlı

Sağdan əsən meh laləni

Yırğalayır sola nazlı.

Ətri vurur tüm aləmi,

Nola, gələ yola, nazlı!

 

Zirvədəki uca qala,

Sevgimizə yuva ola,

Yarın könlü eşqlə dola,

Qucağımda qala nazlı!

 

Dağ başına dən düşəndə,

Yollarıma çən düşəndə,

Gözlərimə nəm düşəndə,

Düşər haldan-hala nazlı!

 

Kəklik yalnız ötərmi heç,

Könlüm səndən keçərmi heç,

Eşqdə dərd-qəm bitərmi heç,

Uyma qeylü-qala, nazlı!

 

Telli sazdan ey ruh alaq,

Gəl, qartala yoldaş olaq,

Mələklərdə qonaq qalaq,

Qayıtmayaq dala, nazlı!

 

Fizun sənə sir söyləyə,

Ağız aça bir diləyə,

Tanrı bizə rəhm eyləyə,

Özü yola sala, nazlı!

 

Halal eylə

Qalıb üfüqlərdə, yatmır gözlərim,

Yuxunu gözümə gəl bilal eylə.

Açıb qanadını uçur illərim,

Vüsalı səmama al, hilal eylə!

 

Sevgi dağımınmı yalında qalım,

Ordamı yurd salım, xəyala dalım,

Dumana bürünsə o qafil halım,

Al məni qoynuna, əhli-hal eylə!

 

Gülmürsə üzümə hüsnü-ərbabım,

Yanırsa atəşdə könül sərdabım,

Açmırsa qəlbini lisan mehrabım,

İlahi, dilimi bəndi-lal eylə!

 

Dalğasız çayların çaydaşı olmaz,

Ağzı boş olanın sirdaşı olmaz,

Sevdasız ağılın faydası olmaz,

Məni eşq yolunda Sən kamal eylə!

 

Bir vədə gəlməsə səsim uzaqdan,

Soruşma halımı bahardan, yazdan,

Müjdəmi alanda qarlı sazaqdan,

Könlündə haqqını sən halal eylə!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!