Harmoniya... - Süleyman ABDULLA - şeirlər

Karantin şeirləri

Özünə yolçuluq

Pozur mürgüləri diktorun səsi,

Tərpənir kirpiklər çimir yerindən.

Diqqət... Bakıdan çıxan...

saat filanda...

Tərpənir yolçular bir-bir yerindən.

 

Bu da son görüşlər, son əlsıxmalar,

Alır yedəyinə kimin nəsi var.

Yola salmağın da, yolçuluğun da,

Xəlvətcə kövrəlmək fəlsəfəsi var.

 

Sayrışan işıqlar göz vurur yola,

Sağ çıxır ötməyə siqnalın solu.

Sapsarı səhralar qaçır boşluğa,

Sənin çamadanın tənhalıq dolu.

 

Ən uzaq yolların kəsişməsindən

kafe iyi verən bir vağzal keçir.

Adam var, səs-küydü dörd təkər üstə,

adam var, özünü ötüb lal keçir.

 

Hardan başlayırsan, başla, yol yarı,

Kürdəmir durağı daha ac olmur.

Artıq dəbə düşüb hesab kartları,

indi konduktora ehtiyac olmur.

 

Xoşbəxtmi sayılır kim başa çıxsa,

önə nökər qaçıb sona xan yeri.

həmişə bağlıdır... olmur, açıqsa,

qabaq biletlərin satılan yeri.

 

Süzür radarlardan keçir "Nuhoğlu"

Gələnin qayıdıb getməyi bəlli.

Bütün çantalara göz atır gömrük,

Kim səni aparır, sən nəyi, - bəlli.

 

Qərib boşluq üzür üfüqlər sarı,

Neytral zonada qəmə batıb sus.

Ey gömrükçü cənab, qaytar yolları,

Qoyma ayrılığa varsın avtobus.

 

Bir çınqı şeir

Bütün atəşlərin sönəcəyi bir gün var,

bütün küllərin bir gün alovlanacağı...

Boş şeydir vulkanlara yatmış demək,

Günlərin birində oyanacağı var gözəlim lavaların.

Əgər iki buludun qarşılaşmasından

ildırım yaranırsa,

qaçılmazdır şimşəklərin çaxması...

Ayağın altından yer sürüşməsi nədir ki,

başın üstündən göy qaçırsa...

Şərt, - tutunub qalmaqdır özündə

batmağa nə var ki, fikirlərin fırtınasında.

Bir ümman ahıdır boğulmağın havasızlığı

Yanğınların ən pisidir sularda zəbanə çəkmək...

Adamın gözlərindən qığılcım çıxırsa

yanğı var demək Yer kürəsinin bətnində.

Episentrini axtarmağa gərək yox zəlzələnin

Son od püskürməkdisə, vəlvələnin nə günahı?!

Sən, sus, İnanna*!..

Bütün atəşlərin sönəcəyi bir gün var,

bütün sönmüşlərin bir gün alovlanacağı...

Bir çınqı bəsdir

dünyanı barıt çəlləyinə çevirməyə...

Sən, sus!..

*İnanna - müharibə tanrıçası

Karantin

Pəncərə önündə xoflu adam,

hürkü dolu bir yaz günü...

uçuşur toz qarışıq tumurcuq pülüşükləri,

kimsə asqırır üzü küləyə...

qorxma, ötüşdü "sağlam ol" deyəcək qaraltı!

Səksəkəli pəncərə də bilir ki,

həyət uşaqları futbol oynamağı tərgitmiş artıq,

danlanası bir adam qalmayıb səkidə,

söyüləsi iki...

Atalar üçdənmi demişdi bu küçənin gur vaxtları?..

"İndi olmasın" - mızıldanmağa gərək yox,

sükutun qulaq batırdığı bu yaz günündə

hətta, səsi gəlmir ağcaqanadların, - məəttəlçilik...

Şellənib "oxay" deməyə çəkinir adam,

"düşər-düşməz"i var

gözlərini qıymağın tozlanan ağaclara,

adamı qıyıqgöz edə bilər dünyanın faniliyi.

"Olar-olmaz"ı çoxdur Bakı küləklərinin...

Pəncərə önündə bir kölgə...

uzaqlara baxmağı unutmuş

səksəkə dolu yaxınlar var gözlərini dikməyə

və qorxu dolu pəncərənin o biri üzü...

...Sonra, bir də sabah var, açıla-açılmaya...

 

Tost və dua

Daha bir sağlığa sığmaz sağ olmaq,

Çoxdan kəraməti itib duanın.

Qədəhə çatınca əsər əllərin,

"Amin" deyənəcən ağrıyar canın.

 

Vaxtı yemək idi peşən həmişə,

İndi sən yeyəni vaxt yeyə bilməz.

Quzu kababıdır nəfsin istəyən,

Dişləri tökülən baxt yeyə bilməz.

 

Haraya dönürsən üzün qışadır,

Ömürdən bircə gün olmur yaz almaq.

Yenə günü günə satmaqdır işin,

Heç nəyə yaramır dəstamaz almaq.

 

Sən yerə çökərsən, söz düşməz yerə,

Olmur bu gedişlə ömrü qət etmək.

Sən də çox demisən, "sözdür deyilən"

Gecdir cavanlarla məsləhət etmək.

 

Səmtini dəyişib dost tostları da,

Qədəh nə "oh" bilir, nə də ah bilir.

Haracan çatacaq pıçıltıların,

Harda yubanacaq, bir Allah bilir.

Harmoniya

Orda güllər var idi, ağappaq, al-qırmızı,

Orda yamyaşıl idi otlar, ağaclar, kollar.

Elə masmavi idi göylərin dərinliyi...

Gah qapqara olurdu, gah da sapsarı, - yollar.

 

Tutmuşdu balçiçəyi arıların gözünü,

Çobanyastıqlarıydı köks ötürən dərindən.

Böcəklər vermişdilər ağız-ağıza, şən-şən,

Nəğmələr uçuşurdu qaymaqçiçəklərindən.

 

Zirvənin qurşağından sürünürdü bəyaz çən,

Üstündə gəzdirirdi boz qaya dalğınlığı.

Qartalın uçuşuymuş adrenalin deyilən,

Qanımı coşdururdu rənglərin alğınlığı.

 

Çırpırdı yamaclara biçənəyi küləklər,

Üfüqlərdə üzürdü buludların alayı.

Quşların cəh-cəhində yuyunurdu su səsi,

Durnagözü axırdı dərədəki dağ çayı.

 

Bənövşə titrəyirdi sübh şehinin nazından,

Göz doluydu gözəllik hər tonda rəng çaları.

Meh dolça düzəldirdi büllur su zanbağından,

Nərgizlər göz vururdu qımışan şüalara.

 

Üzü şər vaxtınaydı badyaların süd ağzı,

Narın çisəklər idi qarışan dağ sisinə.

Sürü-sürü axırdı örüşdən arxaca yol,

Qarışırdı buzovlar quzu mələrtisinə.

 

...Sonra, hər şey dəyişir önə qaçır kadrlar,

Gözlərimin içindən keçir yaşanmış ömür.

Rəngbərəng fraqmentlər qarışır bir-birinə,

Bir az nimdaş, bir az cod, bir az şıltaq, bir az kür.

 

Uşaqlaşır qəlbimin incələn sarı simi,

İçimdə duyğuları yenə titrədir zaman.

Burda saç-saqqalımda ilahi bir bəyazlıq,

Orda yamyaşıl idi arzularım bir zaman.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!