Aləmzər Əlizadə - uşaq şeirləri

Hop-hop, Gül-top

Hop-hop, Gül-top,

Hop-hop, Gül-top,

Gizlənmişəm,

Gəl məni tap.

Uzun dimdik,

Hop-hop, Gül-top,

Üzü dimdik,

Hop-hop, Gül-top.

Dedim sənə,

Gəl məni tap.

Hop-hop, Gül-top,

Niyə çaşdın?

Bir böcəyi,

Tutub qaçdın.

Hop-hop, Gül-top,

Gəl məni tap,

Gəl məni tap.

 

Kal nar

Uşaqlar nar yeyirlər,

Əl-üzləri qırmızı.

Səadət də istədi,

Ağzı sulandı qızın.

Qardaşı verdi ona,

Yepyekə bir nar seçib.

Qız dişləyib gördü ki,

Ağdı, çiyiddi içi.

Hirsləndi, acıqlandı,

Uşaq daha neyləsin?

Narı tulladı dedi:

- Səni cücülər yesin!

 

Krossvord

Hələ kiçikdi Türkan,

Məktəbə çatmır yaşı.

Krossvord qəzeti var,

Həm yazan karandaşı.

Qaşını çatıb baxır,

Heç bilmir sual nədir?

Mızıldanır, guya ki,

O, krossvord həll edir.

Axı hələ bacarmır,

Onu, bunu yazmağı.

Yenicə öyrənibdi,

"A" nı, "B" ni yazmağı.

Gah fikirli göründü,

Gah baxdı ora-bura.

Öyrəndiyi hərfləri,

Yazdı boş xanalara.

 

Tezcə sağal

Gəzməyə aparırdın

Məni hər gün, babacan.

İndi xəstələnmisən,

Durmursan yatağından.

Baxacağam sözünə,

Ay baba, sağal təki.

Lap iynəni də bu gün,

Qoy mənə vursun həkim.

 

Bizim Tağı

Heç xoşlamır,

Bizim Tağı

İş görüb,

Dərs oxumağı.

Bir arzum var,

Çatım deyir.

Yeyim deyir,

Yatım deyir.

Atam, anam,

Söz deməsin.

Məndən cavab

Gözləməsin.

Kimsə məni

Dindirməsin.

Cin atına,

Mindirməsin.

 

Mən qoğal olsam

"Qoğal"ın nağılını,

Nənəm söyləyir axşam:

- Undum, qoğal olmuşam,

Süd ilə yoğrulmuşam.

Özümə yol açmışam,

Nənədən də qaçmışam,

Babadan da qaçmışam,

Dovşandan da qaçmışam,

Ayıdan da qaçmışam,

Bəs səndən nə var qaçmağa?

- Ancaq mən qoğal olsam,

Özümə yol açmazdım.

Nənədən də qaçmazdım,

Babadan da qaçmazdım.

Eşitmirəm deməzdi,

Tülkü məni yeməzdi.

 

Qar yeyən quşlar

Cikkildəyir sərçələr,

Qar dənləyir sərçələr.

Onlar xəstələnəcək,

Başları ağrıyacaq.

Həkim iynə vuracaq.

Oynamağa çağırdım,

Qar yeyən quşları mən.

Hamısı uçub qaçdı,

Yemirəm heç qarı mən.

 

Tez ye

Bu alma, üzüm,

Bu armud, qaqaş.

Tez ol ye, qaqaş,

Tez ol, ud, qaqaş.

Dənələmişəm,

Bax şirin narı.

Nənəm görməmiş,

Anam bilməmiş,

Tez ye bunları.

Bilsələr onlar,

Yenə hay-həşir,

Qoparacaqlar.

Səni çöpçüyə,

Aparacaqlar.

Boğazından çöp,

Çıxaracaqlar.

Tez ol ye, qaqaş,

Tez ol ud, qaqaş.

Bu alma, üzüm,

Bu armud, qaqaş.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!