Payız şəkli... - Ramiz Qusarçaylı - şeirlər

Gecə yarısı

Bir şeir ağladım gecə yarısı,

Bir şeir hönkürdüm... ağ vərəqlərə.

Göydə Ay bildiyim saman sarısı

Qopub yarpaq-yarpaq töküldü yerə.

 

Gözümün nəmində məzar sükutu,

Üzümdə şehlənən ölüm buxarı.

Çiynimdə gecənin qara tabutu,-

İçində bir ölü sevinc ağarır...

 

Bu gecə ürəyim elə ağrıdı,

Heç kəsin ürəyi ağrımaz elə.

Bu gecə özümə elə ağladım,-

Ölsəm, heç anam da ağlamaz elə...

                                                           

Xınalığın

Hər daş bir kitab, - incidi,

Atəşgah od qılıncıdı.

Özüm baxdım,

dörd məscidi,

Qırx piri var Xınalığın.

 

Buzbulaq güllü qafiyə,

Şəlalə telli qafiyə,

Sükutu dilli qafiyə,

Yüz şeri var Xınalığın.

 

Gül arının şan dağları,

Lalə bağrı qan dağları.

Qoy küsməsin Xan dağları,

Şah yeri var Xınalığın.

 

Heyrət dindi, dərd toxtadı,

Ömrün sonu dörd taxtadı.

Dünya köhnə nərdtaxtadı,

Öz zəri var Xınalığın.

 

Bir qartaldı, - bax başına,

Qonub uca dağ başına.

Rəhim Alxas, ağ başına

Bənzəri var Xınalığın ...

 

Qərib şairə

Noldu qərib yetim,

qəribə yetim.

Ölümün gözündə çiçəklədinmi?!

Evindən qəbrinə uzanan yolu

Dörd taxta üstündə iməklədinmi?!

 

Əlində bel idi, kürəyində tər,

günün  varıydımı,

gün-gündən betər ...

Qəribin  qəbri də ayrılıq ötər,

Bu təzə sevdaya söz köklədinmi?!

 

Bu yaz bənövşələr sənsiz qaldı ki...

Sevdiyin çay yeri çənsiz qaldı ki...

Çat düşən ürəyin dənsiz qaldı ki...

Torpağın altında dərd ləklədinmi?!

 

Bu torpaq sənindi,

Sən bu torpağın.

Ələyir, sovurur qəm bu torpağı,

Həm səni ağladım, həm bu torpağı,

Gözümün yaşını yelpiklədinmi?!

 

...Bilməyib gəlmişəm dünyaya mən də,

Elə sənin kimi tənhayam mən də.

Dönürəm bir bəyaz röyaya mən də, -

Yanında bir qara yer rənglədinmi?!

 

Yağacaq

Kim deyir ki, bu çəndə

Sisdə qarlar yağacaq.

Yağsa, yağsa bu axşam

İsti qarlar yağacaq.

 

Eşq göylərin çuxası,

Ələ gəlmir yaxası.

Çox könüllər yıxası

Qəsdi, qarlar yağacaq.

 

Xəzan gülün məhşəri,

Sarısına şeh sərib...

Ürək qərib, meh qərib -

Əsdi, qarlar yağacaq.

 

Sözdə qəm yığın-yığın,

Hara gedir bu axın.

Üşüyür tənhalığın

Büstü, qarlar yağacaq.

 

Yon daşa son sətrini,

Qoy daş bilsin qədrimi...

Gül açacaq qəbrimin

Üstü, qarlar yağacaq.

Payız şəkli

Nə gözəl əsərdi bu,

Boyalar yumru-yumru.

Yamaclar yastı-yastı, -                            

Qayalar yumru-yumru.

 

Boz talada göy yamaq,

Kövşən sarı, yol dümağ.

Cığırlar yumaq-yumaq,

Tayalar yumru-yumru.

 

Xəzəllər xışıl-xışıl,

İlğımlar işıl-işıl.

Mürgülər mışıl-mışıl,

Röyalar yumru-yumru.

 

Burda hər şey gül kimi,

Daş açılıb tül kimi.

Çıxarıb ürəyimi

Soyalar yumru-yumru.

 

Rəngi qaçıb bir qızın,

Gözü dolub payızın.

Sevgilər uzun-uzun,

Dünyalar yumru-yumru.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!