Vaxt yetişdi, yarpaq düşdü, ömür adlı müddətə son! - Fikrət Sadıq - şeirlər

Fikrət Sadıq - 90

 

 O qədər

Burda - qəzavü-qədər, orda  - qədər o qədər.

Sevinci barmaqla say, saysız kədər o qədər.

 

Dörd yanım dərə-təpə, hamar yol indi handa?

Nəyə baxım sevinim bəsdi, yetər o qədər!

 

Tale adlı nəsnə var, səni yumub-yumurlar,

Dişləri qurd dişindən iti, betər o qədər.

 

Günlük ruzi payını sədəqə kimi alıb

O - sərgərdan bu qədər, bu dərbədər o qədər.

 

Aylıq güzaran haqqı sənətkara görədir,

Dülgər alır bu qədər, amma mehtər o qədər.

 

O qədər bu qədərdir, nə az, nə çox bir qədər,

Sənin qismətin burda bir o qədər, o qədər!

 

Bu qədər o qədər də az deyil fürsət düşsə,

Hirslənib birər-birər pislik edər o qədər.

 

Vaxt şəffaf su kimidir, heç kim, heç nə görünmür,

Günlərə bax, sakitcə axıb gedər o qədər.

 

Hər biri heç - puç olan kor ümidlər imiş, bu!

Bitdi nəsihətim ta, həpsi hədər, o qədər!

 

Bel bağlama

Yaxşı da var, yaman da, yamana bel bağlama,

Bomboş xəyala inan, gümana bel bağlama.

 

İnsan adamla dost ol, paxıldan qaç,  amandır,

Səndə nə varsa, səndən umana bel bağlama.

 

El-obanı əziz tut, ananın qədrini bil,

Buğdanı xırmanda yığ, samana bel bağlama.

 

Yağışlı-ildırımlı bulud istə göylərdən,

Dərə-dərə sürünən dumana bel bağlama.

 

Sözdə, daşda, ağacda nə hikmətlər gizlənib,

Damlada kainat var, ümmana bel bağlama.

 

Bir günlük ruzi üçün tərif demə nadana,

Tərif üçün verilən ənama bel bağlama.

 

Ox ol, - pis gözə sancıl, ər ol, - sınma, əyilmə,

İkiqat əyiləndi, kamana bel bağlama.

 

Sən səmada işıq gəz, Tanrını axtar, oğul!

Dar gündə istədiyin “amana” bel bağlama.

 

Sevinc-dərd qovuşanda dünyada eşq göz açır,

Eşq varsa, ta başqa bir inama bel bağlama.

 

Vaxtıdır

Bir koma ara, daldalan, ilin qar-yağış vaxtıdır,

Çətir fayda verməz, baba, ömrünün də qış vaxtıdır.

 

Göylər bomboz, üfüqlər buz, üşüyür dağ-daş büsbütün,

Torpaq da soyuyub tamam, şum zamanı, xış vaxtıdır.

 

Torpaq başqa, can bambaşqa, əlin donur, ayağın ləng,

Nəyə əl vurursan düşür, səbrin yorulmuş vaxtıdır.

 

Kitabları yığ, düz rəfə, nəvələri öp son dəfə,

Həyat qalır bu dünyada, bu gün ta son iş vaxtıdır.

 

Ömür bitdi, vədə yetdi, gələn getdi, gəl sən də get!

Qeybdən bir səs gəldi, dur, ayə, yır-yığış vaxtıdır.

 

Allahdan başqa Allah yoxdur

Dünən olmasa - sabah yoxdur.

Bəyaz yoxdursa - siyah yoxdur.

 

Bir “gah” yazmasan, - bir “gah” yoxdur.

Özü yıxılsa, “cinah” yoxdur.

 

 Zülm qovmasa - pənah yoxdur.

Yerdə hər şey var - bir haqq yoxdur.

 

 İnsan yoxdursa - günah yoxdur.

Allahdan başqa Allah yoxdur.

 

Əslində

Əslində əslində əslində deyil,

Əsli də heç də bir mislində deyil.

 

O, miskin, sərgərdan, dünya - xəzinə,

Açarı sehrli “sim-sim” də deyil.

 

Bu - yerdə yaşamaq sadə bir işdir,

Burda hər nə varsa tilsimdə deyil.

 

Yalanla doğrunun arasındadır,

Yalana doğruya təslim də deyil.

 

Yarısı qaranlıq, yarısı işıq

Tam kafər, tam bütöv müslim də deyil.

 

Əsli var, kökü yox, əsilzadədir,

Bu halın günahı nəslində deyil.

 

Üzü gün, qəlbi buz, ikili sifət

Gül açıb, amma gül fəslində deyil.

 

Hüseyn də dəyişib, Söyün olubdu,

Gülsüm də əvvəlki Gülsüm də deyil.

 

Bu günün adamı kimi - adamdı,

Dindir gör, heç o da, əslində deyil.

 

Adamın pisi

Tikansan sünbüllü süsən içində.

Sustalıb qalmısan süst an içində.

 

Biz ləkəgötürməz ayna kimiyik,

Hər bizi görəndə paslan içində!

 

Min oyun oynadı tülkü xislətin,

Aslanı kiritdi aslan içində.

 

Gördü xeyir çətin, şər də asanmış.

Çətini əritdi asan içində.

 

İnsanlıq qədrini bilmədi adam,

İnsanı öldürdü insan içində.

***

“Bu” “O”dur, “O” “Bu”dur, aləm qarışıb.

Sən də guya “Bu”san, “O”san içində.

 

Çox da öyünmə ki, gözündə “od” var.

Amma özün boyda susan içində.

 

Qurdun dəbərdikcə kiçiləcəksən

Həsəddən qıvrılıb sussan içində.

 

Altılıq kartlarla qumar oynadın,

Uduzdun yalançı “as”lar içində.

 

Dostuna düşmənsən, düşməninə dost,

Yer yoxdur sənə dost kəsnən içində.

 

Qanında “yaxşı-pis” axır yanaşı,

Yaxşı yola getmir pisnən içində.

 

Çölün, cildin məlum, yerişin tanış,

Bir, biləydim, kimsən, nəsən içində.

Kədər, kədər

Yovuşmaz-sərt, əyilməz-ər - kədər, kədər.

Qəmdən böyük, dərddən betər - kədər, kədər.

 

Sənə qardaş, bir arxadaş, olmaya kaş!

Daş kimidir, daşda bitər - kədər, kədər.

 

Ümmanlarda üzə çıxan incilər var,

Füzulidə ümman qədər - kədər, kədər.

 

Bu çeşmədən su içmişdir Leyli-Məcnun,

Ali qanun tək mötəbər - kədər, kədər.

 

Tərs qədəmi sevincdən də uğurludur,

Dar ayaqda dada yetər - kədər, kədər.

 

Lap istəsə sarayları yerlə-yeksan,

Gülzarları viran edər - kədər, kədər.

 

Lap istəsə ürəkləri puç eləyər,

Niyyətləri də dərbədər - kədər, kədər.

 

Bəlkə qismət, bəlkə alın yazısıdır,

Çövri-səfa deyil hədər - kədər, kədər.

 

Möhkəm dayan, bil düşmənin çox zalımdır,

Zənn eləmə, keçib-gedər - kədər, kədər.

 

Bəlkə dönən insana öz əməlidir,

Bu göz yaşı, bu dərdi-sər - kədər, kədər.

 

Olmasaydı nə şair, nə şeir vardı,

Yazılmazdı şah beytlər - kədər, kədər.

 

Bağrı-badaş doğulubdur bizim ilə,

Əskik olmaz Yerdən dərdlər - kədər, kədər.

 

Ayrılıram

2013-cü ilin son şeri

Qocaldım, sonra bildim ki, mən tənimdən ayrılıram, 

Vətənimdə qürbətdəyəm, Vətənimdən ayrılıram.

 

Qızılı göyə sovrulan yaralı torpaq kimiyəm,

Zəngin idim, fəqət, indi - mədənimdən ayrılıram.

 

Gör hardan hara gəlmişəm, hara gedirəm, kim bilir,

Cavab tapa bilmədiyim nədənimdən ayrılıram.

 

Ağır idim,  yumuluram, zərif ruha çevrilirəm,

Məni sıxan dar hücrəmdən, bədənimdən ayrılıram.

 

Bağban oldum bağ becərdim, ağac əkdim, nübar dərdim,

Bitməyənə əlim çatmaz, bitənimdən ayrılıram.

 

Dənizə batmış kimiyəm, oyaqkən yatmış kimiyəm,

Yaxınım məni unudub, yetənimdən ayrılıram.

 

Qalın dünya ormanında qərib, aciz quş kimiyəm,

Gör nə gündü, həm suyumdan, həm dənimdən ayrılıram.

 

Ömür təsbeh daşlarıdı, təsbeh daşları - tale tək

Şaqqaqla şaqqıldayıb ötənimdən ayrılıram.

 

Hər daşı bir döngə-dalan, əvvəl dünən, sonra bu gün,

Sabahıma ümidim yox, dünənimdən ayrılıram.

 

Son

Vaxt yetişdi, yarpaq düşdü, ömür adlı müddətə son!

Bu dünyada yaşamaqdan şirin dadlı  adətə son!

 

Səhrada gül bitirən - bu! Sudan işıq olan da - bu!

Daşı sıxıb, od çıxaran fövqəladi qüdrətə son!

 

Qılıqlıdır, bir kəpənək qanadından incə, zərif.

Qəzəbindən qaya çökən sarsılmayan hiddətə son!

 

Bir külüngün tişəsiylə dağ çapan bir məhəbbətə,

Dağ çayını bir sözüylə əyləyən sərt nifrətə son!

 

Bu al-əlvan dağı-düzü əziz, ülvi təbiətə,

Yerdən doyub, yorulmayan, göyə qalxan həsrətə son!

 

Nə qədər ki, sağsan varsan, adın soyuq çəkilsə də,

Çalış ölmə, öldün yoxsan, öldün şeirə, sənətə son!

 

Dünya baqi, məkrli bir küpəgirən qarı kimi...

Çox fikrətlər gəlib-gedib, bu gün də bir Fikrətə son!

 

Yoxdur

Qardaşım oğlu Yanvarın xatirəsinə

Bu gün burda adam vardı, sabah burda adam yoxdur,

Bu gün burda odam vardı, sabah burda odam yoxdur.

 

Dilimizdə təsəlliyçin xeyli söz var, kara gəlməz,

Bir “var” vardır, bir də ki, “yox”, daha başqa kəlam yoxdur.

 

İnsan gəlir, gələn gündən hər gün ölür yavaş-yavaş,

Ömrün cəbrən bitməyinə açıq-aşkar edam yoxdur.

 

Dünya qonaq məskənidir gələn gedir, gedən gəlmir,

Yerdə heç nə baqi deyil, yerdə heç nə müdam yoxdur.

 

Ən möhtəşəm qəsrlər də ovulmada zaman-zaman,

Küləklərə, yağışlara tab gətirən bir dam yoxdur.

 

İnsan qəlbi döyünməkçün ümid yandırıb, yaşayır,

Əgər qəlb də yorularsa, ümidlərə inam yoxdur.

***

Gənclik illərində, heyhat, unudulmaz dəmlər vardı,

Ömür sona əyiləndə o dəmlərdən bir dəm yoxdur.

 

Qan soyuyub, göz yorulub, mehr-məhəbbət azalıb,

Su codlaşıb, söz yadlaşıb o gördüyün aləm yoxdur.

 

İndi insaf unudulub, xeyirxahdan xudbin çoxdur,

Hacı Zeynalabdin yoxdur, indi Tai-hatəm yoxdur.

 

Gəldi əcəl, verməz macal, əcəlsiz gələnlər də var,

Suç kimdədir, bilən bilir, indi daha avam yoxdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!