Gərək yağmayaydın bu yer üzünə... - Allahşükür Ağa - şeirlər

Ayaq izlərim

Yollarda qoyub getdiyim

Ayaq izlərimə yazığım gəlir,

Qayıdanda qabağıma çıxana qədər

darıxırlar.

Sanki saralmış yarpaqlar da

ayaq izlərini sevirmiş deyə,

Onları qucaqlayıblar.

 

Düşünürəm, yarpaqlar

ayaq izlərini niyə belə sevsin ki...

O saat barmağımı dişləyirəm.

Ayaq izlərim əslində, məndən tökülür,

Yarpaqlar da ağacdan...

 

Yalan və həyat

Həyat nədir,

Birdən ayaqlarının

Olmamağını düşünmək...

 

Birdən gözlərinin tutulmağını

düşünə bilmək...

 

Dayan,

Arxamca yüyürən

qonşu uşağı nə deyir:

Əmi, bizim işıqlar sönüb,

sizinki yanır?

Amma sənin xəbərin yoxdur

İşıqların yanmamağından,

Çünki günəş səni

aldatmışdı,

Evdən çıxanda.

 

Qonşu uşağı dükandan aldığı

çörəyin evə çatanacan

Yarısını yeyib.

Həyat

Yarımçıq çörək,

Və həmin çörəkdəki dişlək...

Nə qədər sevgili və qəddar.

 

Yol ağzı

Durmusan yolumun ağzında,

Çıx deməklə çıxmazsan,

Gəl deməklə gəlməzsən,

Əllərimi sıxmazsan,

Ölçər-biçər ayaqlarım...

 

Ətəyindən sallanan

Bir körpəcə uşaq var.

Körpənin ətəyində

Yerin çəkə bilmədiyi,

Göyün çəkə bilmədiyi

Bir qara daş var.

 

Yerin əli körpədə

Körpənin əli səndə

Sənin əlin göylərdə

Göylərin əli məndə...

Ölçər-biçər ayaqlarım...

 

Ayrılıq

Hansı ilin,

Hansı günün,

Hansı saatın,

Hansı dəqiqəsində qoyub gəldim səni, gözəlim.

 

Vaxtı necə fırladım -

yanına qayıtmağa?

Gərək onda buludları göyə qaldırım,

Dumanları yerə endirim,

Solub düşən yarpaqları

Ağaclara göz yaşımla yapışdırım.

Bir az vaxt verilsin səni xatırlamağa...

 

Yoxsa

Necə düşmək olar yanına?

Dəqiqələr, saniyələr

Ağırlığından

Necə xilas olmaq olar?

 

Bircə çıxış yolu var:

Bir bulud baxışını

Qopart at buludların üstünə,

Göydən əyilib götürəcəm onu.

Durna səsi

Hər gecə yazdığm şeirlərə

Evimizin üstən keçən durnaların səsi

Vergül kimi qoyulur,

Bu vergüldən sonra yarpaqlar tökülür,

Yağışlar yağır,

Küləklər əsir.

 

Heç vaxt durnaların

Səsindən nöqtələr yağmır.

Hər durna səsindən sonra gələr,

Payız

Toy,

Yağış,

Yarpaq,

Qar...

 

Əgər

Pulları çiçəklərə çevirə

bilsəydik,

Deyərdim, xanım qız, 

Mənə 10 dəstə çiçəyə

bir qadın paltosu verin.

Bu qış mənim sevgi fəslimdir.

O vaxt deyərdilər ki,

Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.

Çörək bir çiçək,

İşıqpulu bir ləçək.

Pulları çiçəklərə çevirə bilsəydik,

Sevgi azalmazdı, əsla.

 

Qar

Necə də təmizsən

Bir körpə

Qız kimi.

 

Qaranlıqda ağ işıqsan

Gözoxşayan

Ay kimi,

Ulduz kimi...

 

Gərək yağmayaydın

bu yer üzünə.

Nə əyrisinə

nə düzünə,

nə soyuğuna

nə istisinə,

Bıçağın nə kütünə,

nə itisinə.

 

Gərək yağmayaydın

yazıq deyildinmi?

yazığın gələydi

barı özünə.

İndi üstündə bir maralın qanı

sürüşür

Qırmızı

Şərf kimi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!