Səni Tanrı göndərib qanadsız mələk kimi... - Vüqar Bayramov - şeirlər

Darıxmışam

Sinəmdə buz parçası var,

Közdən ötrü darıxmışam.

Ürəyimi ovudacaq,

Sözdən ötrü darıxmışam.

 

Əzib məni kəc baxışlar,

Yumaz dərdimi yağışlar.

Yorub dizimi yoxuşlar,

Düzdən ötrü darıxmışam.

 

Dərdli görüb, döz dediyin,

Ümid verib, söz dediyin,

Yadındamı "biz" dediyin?

"Bizdən" ötrü darıxmışam.

 

İnciyəndə sərin baxan,

Həm mənalı, dərin baxan,

Gözlərimə şirin baxan,

Gözdən ötrü darıxmışam.

 

Saça düşüb dənmi deyim,

Anlamırsan, mənmi deyim?

Sizmi deyim, sənmi deyim,

Sizdən ötrü darıxmışam.

 

Hələ də...

Ürəyimdə yerin var, dəli məhəbbət kimi,

Ümidim dəniz kimi, çağlayıram hələ də.

Ətrinə də həsrətəm, özünə həsrət kimi,

Sınıq ətir şüşəni saxlayıram hələ də!

 

Bu elə bir dərddir ki, alıb-sata bilmirəm,

Canımdan can kimisən, kəsib ata bilmirəm,

Dünyaya gec gəlmişəm, sənə çata bilmirəm,

Eh, gecikmiş bəxtimə ağlayıram hələ də!

 

Səni Tanrı göndərib qanadsız mələk kimi,

Əlçatmaz arzu kimi, müqəddəs dilək kimi.

Başqa sevənin olmaz, inan, bu ürək kimi,

Bu yazıq ürəyimi dağlayıram hələ də!

 

Şirin səsini duydum, sözünə vurğun oldum,

Baxışından alışdım, gözünə vurğun oldum,

Elə özünü sevdim, özünə vurğun oldum,

Gözlərimi hər kəsə bağlayıram hələ də!

 

Harda oluram olum, dilimdə sorağımsan,

Ürəyimə ev deyim, evimdə qonağımsan.

Yaşamağa həvəsim, dünyaya marağımsan,

Telefonda nömrəni yoxlayıram hələ də!

 

Yerinə

Getdi cavanlığım, getdi gəncliyim,

Çatmadın ömrümün bahar yerinə!

Nə məndə arzular səbirli oldu,

Nə sən ümid qoydun qubar yerinə.

 

Çırpındı fəryadım, boğuldu sözüm,

Yenə sən qoxudu ocağım, közüm.

Sənin həsrətinə nə qədər dözüm,

Salmışam sinəmin qabar yerinə!

 

Doğuşdan ümidi kəsib doğuldum,

Boynumdan kəfəni asıb doğuldum.

Neyləyim dünyaya kasıb doğuldum,

Yaşaya bilmədim kübar yerinə!

 

Saxladım sevgimin dilində səni,

Gizlətdim bağrımın külündə səni.

Yudum gözlərimin selində səni,

Qıymadım düşəsən axar yerinə.

Say gəlim

Tənhalıqdan darıxırsan bilirəm,

Bizdən başla sizə qədər say, gəlim!

Səbrin çatmır gözləməyə bəlkə də,

Birdən başla yüzə qədər say, gəlim!

 

Bircə demə qocalıbdır, ləng gəlir,

Səsim gəlir, yanağına rəng gəlir,

Bir də gördün cəftənizdən zəng gəlir,

Mən verdiyim sözə qədər say, gəlim!

 

Demə dünya sənə, mənə qalandır,

Dünya eşqsiz cəhənnəmdir, talandır.

Cənnət var ha… baxışında yalandır,

Qaşdan başla gözə qədər say, gəlim.

 

Yalanlardan düzü seçib gələcəm,

Bizdən çıxıb, sizə köçüb gələcəm,

Çaydan keçib, seldən keçib gələcəm,

Dağdan başla düzə qədər say, gəlim.

 

Çatmır

İnsanlar o qədər vəfasız olub,

Söz sözə qovuşmur, dil dilə çatmır.

Hər şeyi dadından çıxarıb insan,

Gülün qoxusu da bülbülə çatmır.

 

Yamanlar yaxşını udur, qardaşım,

Həyatın gerçəyi budur, qardaşım.

Dünyanın üç payı sudur, qardaşım,

Çay çaya tökülmür, sel selə çatmır.

 

Bir kişi dərdi var dulun, çoxdurmu,

Azadlıq həsrəti... Qulun çoxdurmu.

Ay evdən xəbərsiz, pulun çoxdurmu,

Ümidlər sürünür bel-belə, çatmır!

 

Tək bircə hecadır, dərd də qəm kimi,

Cənnəti tanıdıq cəhənnəm kimi.

Hər günü gözlədik təzə dəm kimi,

Anladıq qışqırsaq zil, zilə çatmır.

 

Yeməyi aldılar qazan yaladıq,

Yazdıq alnımıza bəxtə caladıq.

Boyat arzulardan ocaq qaladıq,

Nə qədər yandırdıq, kül külə çatmır.

 

Yenə

Axtarma, arama, gəzmə dalımca,

Şikəst ümidini tuşlama mənə.

"Göydən üç alma"nı çox eşitmişəm,

Mənasız nağıllar başlama yenə.

 

Həyat qorumayıb sultanı, xanı,

Sənsiz də açılır səhərin danı.

Bəsdir, çox görmüşəm seli, leysanı,

Yalandan gözünü yaşlama yenə.

 

Gördüyüm ən çətin tərssən, inadsan,

Daha məndən ötrü bir quru adsan.

Mən sənə arzuyam, sən mənə yadsan,

Get, bahar ömrümü qışlama yenə!

 

Qəlbindən yox olsun bu ümid, inam,

Çətin sənin kimi alışam, yanam.

Nə sənə qibləyəm, nə də şeytanam,

Əlinə daş yığıb, daşlama yenə.

Özümdən yazıram

Başqa yerə yozulmasın bu şeirim,

Həm canımdan, həm gözümdən yazıram.

Heç bir kəsin bostanında daşım yox,

Nə yazıram mən özümdən yazıram.

 

Gücüm yoxdur çevrə çəkim, səth edim,

Boyum çatmır zirvələri fəth edim.

Nə etmişəm bir özümü mədh edim,

Nə səhvimdən, nə düzümdən yazıram.

 

Dilim gəlmir qanmazlara söz deyim,

Dilim gəlmir əyrilərə düz deyim,

Bəs nə qədər ürəyimə döz deyim,

Qaya kimi bu dözümdən yazıram!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!