Keçmiş gələcəkdən küsüb...qoca zaman onları barışdırır... - Kənan Hacı

Pandemiya ilinin şeiri

 

Sabah

hələ zamanın əli toxunmayan

keçmişdir,

keçmiş nə vaxtsa

ölülərimizin sabahı olmuşdu,

zaman adlı qoca

milyon illərdi

elə hey

son fəsli "Qiyamət" adlanan

Dünya kitabının

vərəqlərini çevirir,

"zəmanə korlanıb" deyə

ona şər atır adamlar,

bomboşdu küçələr, parklar,

şəhərlər adamsız qalıb,

amma doğum evlərində

çoxalır, artır adamlar,

qoca zaman

günü-gündən cavanlaşır,

keçmiş gələcəkdən küsüb,

qoca zaman

onları barışdırır -

cavanlaşır, cavanlaşır...

bütün pandemiya dövrlərində

ixtisara düşür adamların çoxu;

keçmiş gələcəkdən intiqam alır...

1 may, 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!