Gördüyüm quru ağac deyirdi: "Qayıtsa bir də o günlər, əyilib yerdən yarpaqlarımı yığardım"... - Ümid Nəccari - şeirlər

 

Unutmaq

Gördüyüm quru ağac deyirdi:

"Qayıtsa bir də o günlər,

əyilib yerdən yarpaqlarımı yığardım".

 

Yuvasını külək aparan quş,

"Məzarım üstə bir azca göy üzü səpin", - deyirdi.

 

Yanmış kibrit dənələri dünyanın sürgün şairləri idi.

Yandılar...

Söndülər...

Atıldılar uzaqlara.

Qutusuna qayıtmaq arzusu ilə can verdi şairlər.

 

Gördüyüm körpünü sel apardı, sel...

Üstündən bir kimsə keçmədən.

 

Balıqlar isə unutdular hər şeyi

Quru ağacları...

Yuvasız quşları...

Şairləri...

Körpüləri unutdu balıqlar.

 

Balıqlar bir səhər yuxudan durmadılar.

Balıqlar ürək döyüntülərini unutdular.

Karantin günləri...

Burası Bakıdır.

"Korona" küçəsi.

Hamı gizlənib maskalarında.

Ağ yaşmaqlılar yanımdan keçir bulud kimi

Tanımıram kimsəni.

Tanımırlar məni.

Burdayam, "Korona" küçəsində.

İşini itirən klounun gülümsəməsidir dünya,

Gülümsəyir üzümüzə karantin günlərində.

Küçələrdən kimsəsizlik gedib-gəlir.

Boylanır pəncərədən bir quşun səsi.

Divarlar qəfəs rəngində.

Uşaqların sükutu oynayır məhəllədə.

 

Burası Bakıdır.

"Covid - 19" döngəsi.

Necə çılpaqcasına üşüyər gecələr "karantin" aylarında.

Uzanıb ölər tənhalar yalqızlıq qibləsinə.

Gedər-gəlməz qatarın relslərində it kimi vurular sabahlar.

Vurular günəşə kölgələr.

Vurular oda ağaclar.

 

Burası Bakıdır.

Çin markalı telefonumla anama zəng edirəm:

- Ana, necədir Təbrizin kefi?

 - Qızdırması var, Təbrizin,

Təbriz öskürür saat meydanında,

Pişəvəri ömürlük Vətən virusuna yoluxur,

Vətəndaşlar gedib,

daşları qalır...

Bayraqları qaldırmağa gücü çatmır küləyin,

Telefonu bağlayıram.

 

Burası Bakıdır.

Qeyri-vətəndaşlar siyahısındayam.

Vəsiqəmi cibimdə görmürəm.

Mən bir ögey kölgə,

bu şəhərin soyuq küçələrində,

Sərt adamların izdihamında itirəm.

Hamı gizlənib maskalarında.

Ağ yaşmaqlılar yanımdan keçir bulud kimi.

Tanımıram kimsəni.

Tanımırlar məni.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!