Sevgi bəhanə imiş... - Əlizadə Nuri - şeirlər

Bir

Famil Cəfərli üçün

Bir ağacın kölgəsində uzanıb bu yol...

Bir dəryanın qucağında dincəlir sular...

 

Bir günəşin saçlarını oxşayır hamı,

Bir Allahın ümidinə qalıb bu dünya.

 

Bir padşahın sarayında darıxır sevinc,

Bir yetimin gözlərində yuyunur o dərd.

 

Bir buludun sevgisinə buxarlanır yer,

Bir durnanın qanadında enir göy üzü...

 

Bir dərzinin iynəsinə ilişib işıq,

Bir kasıbın süfrəsində can verir ümid.

 

Bir şairin qələminə qısılıb o qəm,

Bir bağbanın bağçasında soyunub payız.

 

Bir ananın saçlarında açılır səhər,

Bir gözəlin çöhrəsində dalğalanır Ay...

 

Bir otağın tavanında ucuz bir kədər,

Bir aynanın yaddaşında ağlayan min üz.

 

Bir komanın divarına yazılır şeir,

Bir şeirin divarına hörülür bu dərd.

 

Bir qərənfil ləçəyində yurd salan ağı,

Bir məzarın gözlərində donmuş göz yaşı.

 

Bir cavanın xəyalında xumarlanır eşq,

Bir qocanın təsbehitək qırılır həyat.

 

Bir cəhənnəm vadisində rəqs edir Şümür,

Bir cənnətin ortasında susub Məhəmməd.

 

Bir tabutun qapısını döyür əllərim,

Bir torpağın yaxasına adım tikilir. 

 

Bir yarpağın yaşılında yatır bir uşaq,

Bir səhranın yuxusuna yağır yağışlar...

 

Bir bülbülün nəğməsində gülə yalvarış,

Bir sünbülün süfəsində yüz acın gözü.

 

Bir silahın tətiyində açılmaq eşqi

Bir tarixin yarasından damcılayan qan.

 

...Bir günəşin gözlərində sönmək qorxusu...

 

Tik

Hər əzam bir yandadır, - götür eşqi, canı tik,

Bu viranə dünyada bir eşq xanimanı tik.

 

Günəş də girə bilmir, yerin altı üşüyür,

O məzarın əyninə bu isti insanı tik...

 

Haqq deyəndə bu divan vurdu mən divanəni,

Ya divana divan tut, ya bu dil-lisanı tik.

 

Hamı səndən qopsa da, qaçır səndən ilahi,

Adamların üstünə öz gözəl imzanı tik...

 

Dünya dağılır Allah, o divarın daşına

Bir az bu Məhəmmədi, bir az o İsanı tik.

 

Hər aşiqin gözündən bircə damla yaş götür,

İlahi, bu dünyada bir sevgi ümmanı tik.

 

Səndən paltar istəyir, yağışları sap eylə,

Bu torpağın üstünə götür bu leysanı tik.

 

Mən ki, ev istəmirəm, bir pəncərə istərəm,

O qızı görmək üçün mənə bu eyvanı tik.

 

Bu Əlizadə Nurinin getməyə yeri yoxdu,

Tabutunun üstünə yazıb son ünvanı tik...

 

A zərgər, bu dünya yaxşı zər deyil

Bu dərd bir sevdadı, - boşuna gəlməz,

Dünyada hər kəsin başına gəlməz,

O ac sərçələrin xoşuna gəlməz

Gedib öz balama dən axtarmağım.

 

A zərgər, bu dünya yaxşı zər deyil,

Bu şər yuvasıdı, bu bəşər deyil.

Gecəylə gündüz də bərabər deyil, -

Nədir bu dünyada tən axtarmağım?!

 

Gün düşər - üzüksüz qalan barmağa...

Ağac yas saxlayar solan yarpağa...

...Bənzəyər səhrada su axtarmağa

Səndən uzaqlarda sən axtarmağım...

Ev adamı

Dərd də ev adamıdı, -

Hər kəsin dərdi onun

"Ev kitabı"nda olar.

 

...Quşlar ucalıq gəzər, -

Göydə olmayanda da

Evin damında olar...

 

Mən sənə bir sirr açacam...

Çay olub ax... öldürərlər,

Məni də sağ öldürərlər.

Biz qovuşsaq öldürərlər, -

Silah aramızda qalsın...

 

Yaşamadım yanşaq kimi

Nə qul kimi, nə şah kimi.

Bir yiyəsiz uşaq kimi

Günah aramızda qalsın...

 

Daşır ömür adlı bu cam,

Bir ölüm dərsi keç, Xocam...

...Mən sənə bir sirr açacam,

Allah, aramızda qalsın...

 

Sönür içimizdə son ümid çöpü

Dünən acı çəkən bu gün şəkərdi,

Dünyada əldən çox, əl ağacı var.

Bir tikə çörəktək, bir qurtum sutək

Adamın dərdə də ehtiyacı var.

 

Sönür içimizdə son ümid çöpü,

Ha baxsan, yasaqdı, tabudu, "yox"du.

Bu dünya xiffətdən çoxdan ölərdi,

Ancaq özü boyda tabutu yoxdu...

 

Baxma ki, tüstüsü başından çıxır,

İçindən alışır bu ocaq indi.

O quş gizlənməyə yer tapmayınca

Gəlib ürəyimə qonacaq indi...

 

Çətin səndən sonra bu şəhər qala

Tüstüsü içində boğulan damam,

Dünən oğlum idim, sabah atamam.

Mən paxıl adamam, paxıl adamam, -

Qoymaram kiməsə bir kədər qala.

 

Dünyanı böldük ki, belə kəm düşə?

Mənə də eşq adlı bir aləm düşə...

Əlinə sehirli bir qələm düşə,

Hamını pozasan... bir nəfər qala.

 

Düşür gül - ömürdən hər gün bir ləçək...

Gətir əllərini - üşüyür əlcək.

...Bir gün uzaqlara köçüb gedəcək, -

Çətin səndən sonra bu şəhər qala...

 

Bəlkə göy üzünü yaralayıblar?

Bu canı bir sözə köçürmüşəm mən, -

Gəl. Sənə söz verim can əvəzinə.

Bəlkə göy üzünü yaralayıblar, -

Damır Ay işığı qan əvəzinə?!

 

Sənin xəyalında gendə ağarır...

Üzünə düşəndə gün də ağarır.

...Ay, Ay işığında mən də ağarım, -

Sökülsün ürəyim dan əvəzinə.

 

Vaxtın darağında saç qoymuşam mən

Neçə gün qələmi ac qoymuşam mən...

Dərdimin başına tac qoymuşam mən, -

Taxta çıxarmışam xan əvəzinə...

 

İki əlinin arası

Yol gəlirəm əllərinə

Hava yaman sazaq imiş.

İki əlinin arası,

Son ulduzdan uzaq imiş...

O quş da mənim yerimə,

Durub şikəstə oxuyur

Bu dünyada bütün quşlar

Ayrılıq üstə oxuyur...

 

Ayrılıq - qürbət ölkədi,

Saxla bir az vətən yeri

İki əlinin arası,

Bu dünyanın bitən yeri.

 

İki əlinin arası.

Gündüz qardı, gecə ayaz.

Bir əlinlə öldür məni,

Bir əlinlə qəbrimi qaz...

 

...Bir əlinə az qalmışam,

Hələ yolun harasıdı...

İki əlinin arası

qoyun arasıdı.

 

İşıq düşür uzaqlardan,

Əllərindi, doğan Aydı?

Çataydım sən duran yerə,

Əllərimiz barışaydı...

Sevgi bəhanə imiş...

Bu yeli kim qorxudub, -

Niyə belə əsir yel?

Mənə bir yer göstərin,

Ordan görünməsin yer...

 

Sevgi bəhanə imiş,

Belə darıxmaq üçün.

İllər pilləkən oldu,

Ölümə çıxmaq üçün...

 

Yol da yoxdu getməyə,

Yol sal, - məni yola sal.

İlahi, bu zülmətdə,

Qorxuram ki, yol aza...

 

Gəlsən, xəstə çiçəklər,

Ləçək-ləçək sağalar.

Baxma yaram dərindi, -

Əlini çək, sağalar...

 

...Bu ulduzsuz gecədə,

Ay olmaq istəmirəm.

Allah girib yuxuma,

Ayılmaq istəmirəm...

 

Can

Bir az qəmdi, bir az eşq,

Bir az qandı, canımız.

Neçə yol ölmüşük biz, -

Qəbiristandı canımız.

 

Yol gedər əsasıyla,

Ürəyinin yasıyla.

Ağrıyan əzasıyla,

Bir üsyandı canımız.

 

Sığmıram bu hasara,

Mən də belə azaram

Qətrə-qətrə azalan,

Bir ümmandı canımız.

 

Hərdən asi olsa da,

Dərd anası olsa da,

Yüz libası olsa da,

Lüt-üryandı canımız...

 

...Gəzib gələr hər yanı,

Bəyənməz bu dünyanı.

...İçsə də bir dəryanı,

Quru candı, canımız...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!