Niyə sevmirik bir-birimizi... - Rafiq Yusifoğlu - şeirlər

Özümüz düzəlsək, düzələr dünya

"Dünya düzəlmir ki, düzəlmir, babam"...

Məmməd Araz

 

Sevdalı qəlbimiz düşər tilsimə,

Yarpağı çevirər xəzələ dünya.

Ona "düzəlmir ki, düzəlmir" - demə,

Özümüz düzəlsək,

düzələr dünya...

 

Əsrlər, nəsillər düzülüb səfə,

Allah yurd eləyib dünyanı bizə!

Qoynunda dönmüşük əziz-xələfə,

Biz ona borcluyuq,

dünyamı bizə?

 

Arxa, dayaq olub yetim-yesirə,

Kimin bostanına daş atıb dünya?

Qoynunda yer verib neçə nəsilə,

Yedirdib, içirdib, yaşadıb dünya!

 

Çoxdur bu yazıqdan inciyən, küsən,

Haqqı var yandırsa,

dünyamı yaxsa...

Özü oturduğu budağı kəsən

İnsan günahkardı,

Dünyamı yoxsa?

 

İşinə qarışsan, qırğın eləyər,

Saat əqrəbitək fırlanar dünya...

Gecə qaranlığı yorğan eləyər,

Günəş boylananda nurlanar dünya...

 

Odur qovuşduran bizi sabaha!

Qəlbin bülbül kimi ötməyi də var...

O yazıq bizimçün neyləsin daha? -

Dünyaya gələnin getməyi də var...

 

Həmişə yanında dilimiz gödək,

Borcluyuq ona da, elimizə də...

Başqa bir yer varmı dünyadan gedək? -

Qoynunda yer verir ölümüzə də...

 

Kim dönə bilib ki, ömrün qışından?

Ölüm mələyinin əli yaxamda...

Odur insan kimi bizi yaşadan,

Odur qəbrimizə sahib çıxan da...

 

Bizi xilas edər dardan, çətindən,

Sərrafı tapılsa, bir incidir o.

Çıxmaz zərrə qədər öz orbitindən,

Mizan-tərəzidə birincidir o!

 

Bostanın öz yeri, bağın öz yeri.

Böcəyi yerində, quşu yerində...

Dərənin öz yeri, dağın öz yeri,

Payızı yerində, qışı yerində...

Dənizi yerində, çayı yerində,

Necə çirkin deyək gözələ, şair?

Günəşi yerində, ayı yerində,

Dünya əyridi ki, düzələ, şair?!

 

Niyə sevmirik bir-birimizi

Tələbə yoldaşımın qızı, alim dostum

Qəzənfər Paşayevin qardaşı qızı və nəhayət, xalqımızın ləyaqətli qızı, millət vəkili Qənirə Paşayeva mənim çıxışımı dinləyəndən sonra haqqımda o qədər xoş sözlər söylədi ki! Onun "Ay Rafiq müəllim, görəsən, niyə biz bir-birimizi sevə bilmirik?" sualı hələ də məni düşündürür...

Niyə biz sevmirik bir-birimizi,

Özgə uğuruna gülə bilmirik?

Niyə dalğalanmır sevgi dənizi,

Nəyimiz şərikdi bölə bilmirik?

 

Dərd bizi Məcnuntək salıb dağlara,

Sevda yollarında kimə güvənək?

Qayıda bilmirik ötən çağlara,

Xiffət içimizi yeyir güvətək...

 

Ot basıb keçmişə gedən cığırı,

Qürbətdə qoymuşuq gəncliyimizi.

Niyə selə dönüb özgə uğuru

Götürüb aparır dincliyimizi?!

 

Tanrıdır bəxş edən sevinci bizə,

Qəlbə min rəng qatır bir göy qurşağı...

Niyə kölgə salır sevincimizə

Özgə təbəssümü, özgə işığı?!

 

Dostun uğurunu pərdələyən kəs

Atmazmı qəlbini qüssə közünə?

Özgə sevincini dərd eləyən kəs

Tamarzı qalmazmı sevinc üzünə?!

 

Səhra da gül-çiçək bitirə bilər,

Bulandırmaq olmaz qəlbi durunu.

Əgər belə getsə, itirə bilər

Görmək istəməyən göz öz nurunu...

 

Təmiz yaradıbdır qəlbi Yaradan,

Gəl bizə sırıma qəlp sevincini...

Sənə simsar olmaz qəlbi qaradan,

Qəlbi saflarla böl qəlb sevincini...

 

Hər gün dost qoşulsa dost sırasına,

Ani baxışı da el dastan edər...

Sevgi məlhəm olar dost yarasına,

Sevgi səhranı da gülüstan edər...

 

Adam tənha qalır sevilməyəndə,

Qəlbdə xılt olanda eşq atdan düşür.

Özgə sevincinə sevinməyəndə,

El-oba sözü də urvatdan düşür...

 

Qoruyaq babalar yandıran közü,

Keçmişin nuru var sabahımızda!

Biz sevə bilsəydik bir-birimizi

Kim dura bilərdi qabağımızda?!

 

İndi biz neyləyək, Füzuli babam?

"Füzuli dərd əlindən dağa çıxdı,

Dedilər bəxtəvər yaylağa çıxdı..."

 

Daha dizimizdə təpər qalmayıb,

Qaymağımız orda, yağımız orda.

Burda boynubükük bir bənövşəyik,

Fironluq eləyir yağımız orda...

 

Boş-boş danışanda filə dönmüşük,

Sərsəri küləyə, yelə dönmüşük,

Biz burda alışıb külə dönmüşük,

Küllüyə çevrilib bağımız orda...

 

Həsrət buludundan göylər qaralıb,

Tərlanlar yurdunu qarğa, sar alıb,

Xiffətdən gözümün kökü saralıb,

Əsirdi ən xoşbəxt çağımız orda...

 

Sayrışır gözümdə qəm fişəngləri,

Titrədir ruhumu əcəl zəngləri,

Sozalıb, tükənib ömrün rəngləri,

Qaramız burdadı, ağımız orda.

 

Elim didərgindi, dağılıb obam,

Dərdimi açmağa çətin dağ tapam,

İndi biz neyləyək, Füzuli babam? -

Dərdimiz burdadı, dağımız orda...

Taleyin sahibi Allah özüdü

İçin-için qovruluram hər gecə,

Uzandığım yorğan-döşək odlanır.

Bu dünyada qalan ömrüm beləcə

Cavan ölən dostlarımdan utanır.

Əşrəf Veysəlli

 

Sən elə dayaq dur şair ruhunla,

Düşmənləri bizə güldürmə, yaşa!

Ölən ölüb gedib, öz ah-ufunla

Qalan dostları da öldürmə, yaşa!

 

Qıyma həsrət qalsın dəyirman una,

Nə cavab verərik elə, ulusa?

Su tökmə ölümün dəyirmanına,

Çox şükür, hələ ki canı sulusan!

 

Uyma Əzrayılın şirin sözünə,

Sən getsən, başını salıb aşağı -

Açarı tək səndə olan xəzinə

Üzünə bağlanmaz oğul-uşağın?!

 

Xalqa əmanətdi ömrün qalanı,

Ay kişi, sən kimə uyub gedirsən?

Salbayla vururdun göydə ilanı

Yurdunda ilanlar qoyub gedirsən?

 

Oğulsuz sönməzmi yurdun çırağı?

Gorgahımız var ki, gora qaçırsan?

Yaxşı kişilərin azalan çağı

Başını götürüb hara qaçırsan?

 

İçimi göynədən həsrət közüdü,

Mən də sən dərddəyəm, soruşma, qardaş!

Taleyin sahibi Allah özüdü

Sən onun işinə qarışma, qardaş!

 

Sürüşmə

Xiffət çəkən dinclik, sevinc taparmı?

Xəbərin var ürəyimin çatından?

Çapıb məni haralara aparmır? -

Düşəmmirəm qəmin köhlən atından...

 

İnanmıram hər yetənə yar uya,

Yarımadıq, ömür çatdı yarıya,

Ürəyimə düşən dərin yaraya,

Fayda varmı cəvahirdən, altundan?!

 

Duymursanmı bu nə qar, nə yağışdır? -

Hikmət nuru taleyə bir naxışdır,

Acgöz insan, bir özünü yığışdır! -

Səda gəlir göyün yeddi qatından!

 

Sel kükrəyir, dağ sürüşür, nəfəs dər!

Alnımıza yazılıbmış bu qədər!

Günahımız gör böyükmüş nə qədər, -

Yer də qaçır ayağımız altından...

 

Yalanlar

Atalar deyirdi dünya dağılsa,

Yalan ayaq tutar, yeriyə bilməz...

Dağa dağ çəkilər küllük dağ olsa,

Hönkürən ürəyim kiriyə bilməz...

 

Qəlbim də yurdumtək viranə qalıb,

İçimdə arzular qızıl qan qusur...

Yalan Qarabağda yurd-yuva salıb,

Yurdundan didərgin həqiqət susur...

 

İnləyən qəlbimiz qırıq kamança,

Dağlar gözümüzə olub göz dağı.

Həqiqət gözünü açıb-yumunca,

Yalan alovunda çıxar cızdağı...

 

Kimə uzadasan axı əlini? -

Adam heç kəsə bel bağlaya bilmir.

Kükrəyib çağlayan yalan selini,

Həqiqət bəndləri saxlaya bilmir...

 

Yalanlar pis günə qoyar dünyanı,

Xəzinədar olub ilanlar yenə.

Həqiqət yağışı yuyar dünyanı,

Sudan quru çıxar yalanlar yenə...

Qış yağışı

Dözəmmirsən ayrılığa, bilirəm

Gözlərinin giləsinə qəm çöküb...

Diqqətlə bax, adi deyil bu yağış,

Həsrətimin buludundan nəm çəkib...

 

Bircə dəfə baxışımız tuş gəlsə,

Bəbəyində eşq şimşəyi çaxacaq.

Nə zamansa selə dönüb bu yağış,

Düz sinənin arasından axacaq...

 

Səhərəcən yağan sevgi yağışı

Sümüyünə, iliyinə hopacaq.

Qulaq assan ürəyimin səsinə,

Ürəyində fırtınalar qopacaq...

 

Qızınmağa isti soba gəzirsən,

Sən ac quşsan, sevgi dənmi, bilmirəm?!

Uçunursan, tir-tir əsir bədənin,

Yağışdanmı, sevgidənmi, bilmirəm?!

 

Eşq taleyin bəxşişidi, bilirsən

Ürək olmur hər nazənin sənəmdə...

Soba nədi, qızınarsan baş qoyub,

Eşq odundan saca dönən sinəmdə...

 

Yağış yağır, islanmışıq yamanca,

Heç bilmirəm qaçaq hara, əzizim?

Görən bizi nə gözləyir qarşıda

Qış yağışı dönsə qara, əzizim?!

 

Arxa plandakı qarlı dağ

Bu səhər oğlum mənə

Amerikadan bir şəkil göndərib.

Altında isə bu sözləri yazıb.

"Arxa plana baxsan, qar görəcəksən... Bizim küçə..."

 

Küçəniz uzanır zirvəyə sarı,

Şəkili böyüdüb dağlara baxdım...

Düşüb aramıza hicran hasarı,

Sinəmə çəkilən dağlara baxdım.

 

Mənim xəyalımdan nələr keçmədi? -

Sanki başı qarlı Kəpəzə qalxdım.

Elə bil gözlərim bir cüt çeşmədi,

İçindən Bərgüşad, Həkəri axdı...

 

Ayrılıq əzabı çəkir dağ mənə,

Həsrət şehə dönüb ləçəyə düşür...

Arxa plandakı qarlı dağ mənəm,

Şəfəqi sizin də küçəyə düşür...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!