EvdəQal kampaniyası çərçivəsində Fəxrəddin Nizam öz şeirini oxudu - VİDEO

 

EvdəQal kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə təqdim etdiyi  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsi davam edir. Bu gün Özbəkistandan şair Fəxrəddin Nizam öz şeirini oxudu. Fəxrəddin Nizam yeni özbək şeirinin tanınmış simalarından, modernist özbək poeziyasının ən maraqlı imzalarındandır. Təqdim olunan şeiri Səlim Babullaoğlu tərcümə edib.

Fəxrəddin Nizamın müraciəti və şeiri.

Əziz azərbaycanlı dostlar!
Özbəkistanın paytaxtı Daşkənd şəhərindən sizə səmimi salamlarımı göndərirəm!
Sizə Azərbaycan telekanalları vasitəsi ilə müraciət etmək mənim üçün şərəfdir.
Dünyanın karantində olduğu  bu günlərdə bütün azərbaycanlı qardaşlarıma möhkəm can sağlığı və  səbr arzulayıram. Özünüzü və yaxınlarınızı qoruyun.
Bu çətin günlər keçəcək, inşAllah.
İndi icazənizlə baharla bağlı bir şeir oxuyum sizə.
Səmimiyyətlə, sizin Fəxrəddin Nizam.

Bahar

1.

Ağac-ağac çiçəklənir  yenə boş bağlar,

Təpələrdə yaşıl axın, yamac səksənir.

Eşqlə sönür sinələrə çəkilən dağlar,

Son payızdan qalan dərdlər itir  birbəbir.

 

Çəmənlərin yaşıl dişli otlu ağzında

Daşlara  bax, əriyirlər nabat misalı,

Mismarları çıxarır bax, qanlı başından

Bahar həkim  çarmıxdakı gözəl İsanın.

 

Yemliklərdir yenə əmir ana Günəşi,        

İlan kimi qıvrılılırlar azca küləkdə.

Müflisləşib, amma durub mərdi-mərdanə

Ayaqyalın öz ətrini  verən çiçək də.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!