…Darıx - Ruzbeh Məmməd - şeirlər

…Darıx

Bu qədər bəs deyilsə,

bir qədər də sərt darıx.

Mən də çıxıb gedirəm

gedirəm, qürbət, darıx.

 

Tək görub də batan dərd,

məni bura atan dərd...

Üzüqoylu yatan dərd,

başını tərpət, darıx.

 

Gəlmişik ikimiz bir,

dərdimiz,yükümüz bir.

Darıxdıq ikimiz bir,

bir az da xəlvət darıx.

 

Bir cib sıxıntı, bir ürək darıxmaq

Uzaq düşəsən qəfil qohumundan, yadından,

xəbər tutmaya kimsə olduğun ünvanından.

Qeybə çəkildiyini sənin öz qadınından

bir başqa kəs duymaya,danışanın olmaya

öldürəsən özünü, qarışanın olmaya...

 

Daraya saçlarını yuxuna canı yanmış,

sənə təsəlli verə bu həyatdan usanmış.

Ölüb qalasan elə yer üstündə uzanmış, -

boş yerə gözün sıxan, ağlaşanın olmaya,

sonra da adam-adam soruşanın olmaya...

 

İnsafsızca darıxıb sıxılasan en qədər,

namərdcə düşünən də darıxa səndən betər.

Gedəsən qapısına, getdiyin ola hədər,

çıxıb sənlə gözbəgöz baxışanın olmaya,

gəzəsən küslü-küslü barışanın olmaya...

 

Qovmaya bir pişiyi küçənin azğın iti,

oyatmaya süd satan səni səhərlər qəti.

Ömür də çox olmaya, ola lap müvəqqəti,

nə əlli, nə altımış - çox da yaşın olmaya,

yatasan torpaq altda, qəbir daşın olmaya.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!