Şükür hələ qələm yazır, sözü öz xeyrinə yozur... - Fikrət Qoca - şeirlər

 

Hörmətli Azər Turan!

Bu şeiri Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alarkən yazmışdım. İnstitutu qurtaranda diplom müdafiəmdəki materiallar arasında bu şeirin də sətri tərcüməsi vardı. Diplom əla qiymətlə qəbul olunduğundan İnstitutun yaradıcılıq kafedrasında saxlanır. Rus dilində çap olunan kitablarımda da gedib. İndi bu koronavirusla bağlı karantin zamanı "evdə qalıb" arxivimi eşərkən baxdım ki, şeir öz dilimizdə indiyə kimi işıq üzü görməyib. Ona bir daha əl gəzdirib yeni şeirlərimlə birgə sizə göndərirəm.

Fikrət Qoca

ndən qisas alacağam

Mənə gözünü süzmə,

Baxıb canımı üzmə.

Üzümə bax, üzümə.

Gözəllərdən gəlmisən,

Onların adamısan

Yüz illərdən gəlmisən.

Mən səni tanıyıram.

Yox, səni qınamıram,

Özümü qınayıram.

Don Kixota Dulsineya,

Məcnuna Leyli idin.

Onda da indikitək

Dodağı sözlü idin.

Mən onlardan deyiləm,

Qılınc çəkib döyüşəm,

Gedəm döyəm-döyüləm.

Məcnunların qisasın

Səndən alacağam, qız.

Üstünə qoşun çəkib

Təslim olacağam, qız!

 

Arasında

Tənhalıq mənə yoldaşdı,

Döşəmə daş, tavan daşdı.

Ürəyim ağrıyan dişdi

Daşnan daşın arasında.

 

Ötən ömrü boş duyuram.

Dünya səni boşuyuram.

Bir ölüməm yaşayıram

Gözlə-qaşın arasında.

 

Mən bir qulam ölüb ağam,

Özüm inanmıram sağam.

Mən saralmış bir yarpağam,

Yayla-qışın arasında.

 

Söz üyütdüm xısın-xısın.

Dözürsən, döz! Sınırsan, sın!

Dil hansı haqdan danışsın,

İki dişin arasında...

 

Hər haqsız söz qara bir daş.

Yaş ötür gözlərimdə yaş.

Əriyirəm yavaş-yavaş

Yaşla-yaşın arasında.

 

Zaman haqdı - haqq yalandı.

Bel büküldü, can talandı.

Ömrüm yolda tapdalandı

Evlə-işin arasında.

 

İnsanın ağlı körpədir.

Allahsız iş tük ürpədir.

Boğazımız "qıl körpüdür"

Başla-leşin arasında.

 

Şükür hələ qələm yazır.

Sözü öz xeyrinə yozur -

Ayaqlarım hərdən azır

Huşla-başın arasında.

 

Şairlərdən imam olmaz,

Onu bizdən uman olmaz.

Fikrətdən qəhrəman olmaz

Məğlub qoşun arasında.

Bir gün qanadlanıb uçdum

Koronavirus, nədənsə, mənə 1937-ci ilin repressiyasını xatırlatdı... Ona görə də bu şeiri o günlərin qurbanlarından biri olan Mikayıl Müşfiqin dilindən repressiya qurbanlarına və bu günlərin dünyada koronavirus qurbanlarına yazılmış kimi təqdim edirəm. Əziz xatirəsinə böyük ehtiramla Mikayıl Müşfiqin dilindən:

Bu dünya ALLAH öyüdü,

Mən də bu öydə böyüdüm.

Ömrüm döyülən düyüdü,

Qazan dibində yandırıb,

Plov başına qoydular.

 

Bu dünyaya ayaq açdım,

Yamanlıqdan yaxşı qaçdım.

Bir gün qanadlanıb uçdum.

Dost əliylə məni tutub,

Gözüm yaşına qıydılar.

 

Ödül vardı, nəmər vardı...

Dilimdə nəğmələr vardı.

Eh... qəlbimdə nələr vardı...

Mən Nəsimi olmamışdan,

Tutub dərimi soydular.

23.04.2020

 

Düşmənim

Düşmənim öz içimdədi,

Mən boyda, mən biçimdədi.

Ağıl yatır,

İştah artır

Qarında bir bataqlıqdır,

Nə görür, çeynəyir, dartır...

Gecənin işıqlı vaxtı

Pəncərədən göyə baxdım.

Ay oxşadı qayğanağa,

Gördüm ağzım suyu axdı...

Dırmaşıb çıxardım dağa

Bu boyda qarnım olmasa;

Necə gedim, necə qalxım

İki yana basa-basa...

Düşmənim öz içimdədi,

Mən boyda, mən biçimdədi.

Mən özümün iç səsimə,

Tamahıma, iştahıma,

Nəfsimə,

Qalib gələ bilmirəmsə

Vətənimə nə bir oğul

Nə də bir qız olacağam.

Doğma xalqın arasında

Tənha-yalqız olacağam.

Oyan ağlım, oyan ruhum,

Oyan ey can!

Heç bir qızın, heç bir oğlun

İtirməsin Odlar yurdu

Azərbaycan, Azərbaycan!

20.04.2020

 

Gərək yoxdu

Hər adamda həm ağıl var,

həm ürək var.

Məni məndən qorumağa

nə gərək var

Əgər adam Adamdırsa?

20.04.2020

 

Novruz Bayramında Merac Qəndili

Qaranlıq aləmdə ən nurlu gecə,

Uğursuz dünyada uğurlu gecə.

Qırdı zəncirini insanın dili,

İsadan sonraydı "Merac Qəndili".

Azğın cəmiyyətdən öc aldı İnsan,

Allah ayağına ucaldı İnsan.

Gəldi bahar-yazla qayıtdı geri,

Beş rükət namazla qayıtdı geri.

Bir qiblə göstərdi Ərəbistana,

Görən-görünməzi verdi İnsana.

O görür hamını, Özü görünməz...

Qəlbinlə görərsən, gözə görünməz.

Allahın adına sığındı hər kəs.

Haqqa, ədalətə İnsan inandı.

İnam özü dindi-İnam İmandı...

Hərdən bir Allahsız çıxanda taxta,

İnsan "Allah" - deyir o dar ayaqda.

Əllərin qaldırıb göydən istəyir...

Görünməz Allahım, görəndir - deyir.

Zamanla hər şeyi sahmana salar,

Haqlının qisasın haqsızdan alar.

İnsanlar dirçələr, zaman sağalar...

Yenə də gözəllik İnsana qalar.

Allah öz nurundan bizə pay verib,

Bizim naləmizə hər vaxt hay verib.

Dəryalar damcıdan yaranıbdılar,

Biz də bu dəryadan bir damcı olaq.

Allah ağıl verib, kamal veribdi,

Bizi yaşadana yardımçı olaq.

21.03.2020

Koronavirus günlərində yazdığım bu şeirləri bir zarafatla bitirmək istəyirəm...

***

Nə vaxt arvadı istədim

Gördüm ki, namaz üstədi.

Barı zəhmətim itməsin

Cənnətə mənsiz getməsin.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!