#EvdəQal kampaniyası çərçivəsində Tatyana Sivets öz şeirini oxudu - VİDEO

 

#EvdəQal  kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və  “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə təqdim etdiyi “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!”  layihəsi davam edir. Bu gün  belaruslu şairə Tatyana Sivets öz şeirini oxuyur.  Tatyana Sivets tanınmış şairə, tərcüməçi və telejurnalistdir. Belarus Yazıçılar Birliyinin üzvdür. Şeiri Səlim Babullaoğlu tərcümə edib.

 Xoşbəxtlik

Bilirsən, xoşbəxtlik adidir, axı!

Lələk tutmaq kimi bir şeydir əllə.

Ya Rəbbi, nəyinəm, neynəmişəm ki,

Beləcə  bölünüb, sınıram belə.

 

Nə qədər qalıbdır uçağa Rəbbim,

Mələk tək nə qədər qalıb uçmağa ?

Xoşbəxtlik tamaşa, kino deyil ki,

Mütləq öpüşəsən minib uçağa.

 

 Özünlə nə dava, nə barış deyil-

 Xoşbəxtlik çarıqla  uçmaqmış demə.

Darçın ətri  verən yar yatağında

Səhər-səhər  yayı duymaqmış demə.

Salam, əziz azərbaycanlı dostlar, sizi Belarusdan salamlayıram.

Gözəgörünməz virus bu gün dünyanı təkləəyib, parçalamaq istəyir. Poeziya bizi birləşdirə, sərhədləri aça və başlıca olan məsələni xatırlada bilər.Əlbəttə, bizi əllərimizi tez-tez yumalı, evdən az-az çıxmalı, yaxınlarımızı qorumalıyıq. Amma az vacib olmayan bir məsələ də bizim fikirlərimizin təmizliyidir, yaxınlarımıza tez-tez “mən səni sevirəm” deməyimizdir. Öz həyatları ilə risqə gedib bizi xilas edən həkimlərimizə minnətdarıq. Onların fədakarlığına rəğmən evdə qalaq, kitab oxuyaq, şeir dinləyək.  Əlbəttə ki, biz Bakıda görüşəcəyik.

Sağlam olun!

Sevgi ilə, Tatyana Sivets