BU SƏNİN DEDİYİN SEVGİDİ - Musa Ələkbərli - şeirlər

                         

SALAM, YETMİŞ YAŞIM...

Salam yetmiş yaşım, ay üzü nurlum,

Ömrümə-günümə xoş gəldin, salam.

Ay sevda həvəslim, şeir qürurlum

Yadıma saldın ki, mən ağsaqqalam.

 

Düzü qocalıqdan bir az halıyam,

Yuxusuz gecəm var – fikir tarımı.

Daha mən düşünüb daşınmalıyam,

Ölçüb-biçməliyəm addımlarımı.

 

Gəl məni ağılla, kamalla dinlə,

Ağılsız fikrimin yolunu kəsim.

Bəlkə yetmiş dəfə artıb səninlə

Sevilmək istəyim, sevmək həvəsim.

 

Hardandı de səndə bu od, bu atəş,

Bəs niyə gözəllər indi yan durur?

Son bahar qüruba yollanan günəş

Yandırır, bir az da artıq yandırır.

 

Hələ yetərincə aşıb-daşmamış

Xəzan yeli kimi üstümdə əsdin.

Çılğın gəncliyimlə vidalaşmamış

Tələsik qapımın ağzını kəsdin.

 

Tərifə qərq edim, öyüm nəyini?

Sən mənə nə şöhrət, nə şan gətirdin.

Bir kənd uşağının saf ürəyini

Ahıl çağlarına nişan gətirdin.

 

Sorma nə qazandım, demə nəyim var?..

Yazdığım şeirlər bardı, bəhərdi.

Enişdə, yoxuşda büdrəməyim var,

Səndən o tərəfdə yol nə təhərdi?!

 

Dəryalar, ümmanlar çıxıb qarşıma,

Qorxum yox, xilaskar Nuhla gəlibsən.

Sağlam can nə gəzir, ondan danışma,

Sağlam ovqat, sağlam ruhla gəlibsən.

 

Başında bir dünya fikir yığını,

Qarabağ deyəndə dolur gözlərin.

Vətən istəyini, torpaq yanğını

Ruhu yaşadacaq Mübarizlərin.

 

Ömür ilahidən gələn baratdı,

Çox şeyə çatmısan, düşünsək dərin.

Yetdiyin arzular dağmı yaratdı,

Sinəndə dağ olsun yetmədiklərin?!

 

 

Salam yetmiş yaşım, ay üzü nurlum,

Ömrümə-günümə xoş gəldin, salam!

Ay sevda həvəslim, şeir qürurlum

Yadıma saldın ki, mən ağsaqqalam.

 

AY BULAQ, O QIZDAN XƏBƏRİN VARMI

Gözləyib yolunu Qoşabulaqda,

Günü axşam etdim, niyə gəlmədin?

Bir göy çəmənlikdə dincimi alıb

Əyləşib şam etdim, niyə gəlmədin?

 

                 (On dörd yaşımda yazdığım bir şeirdən

                   yadımda qalan bənd)

 

Gözləri gözündən duru gələrdi,

Üzündə xaliqin nuru gələrdi.

O zərif çiynində böyük bir səhəng,

Yanına nə boyda yolu gələrdi,

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Günlər sevgi ilə dövr eləyərdi,

Ürəklər həsrətdən qövr eləyərdi.

Vədəni gözləyib səhər, ya axşam,

Oğlanlar dörd yanı dövrələyərdi.

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Gələrdim yanına kənd basa-basa,

O qızın ən gizli sirri mən idim.

Səhərdən axşama boynunu büküb

Onu gözləyənin biri mən idim.

Ay bulaq, o qızdan xəbərin varmı?

         

Hanı o suyunun bal olan vaxtı,

O lalə yanaqda xal olan vaxtı,

Hər onu görəndə mənim dilimin

Topuq çalan vaxtı, lal olan vaxtı?

Ay bulaq, o qızdan xəbərin varmı?!

 

Çəkisi itərdi ağır səhəngin

Necə yüyrək-yüyrək yolu gedərdi.

Ürəyi həmişə eşqlə, həvəslə

Önlüyü yarpızla dolu gedərdi.

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Gündüzlər ilhamla coşub, çağlayıb

Gecələr şipşirin mürgü olardın.

Sən o təmizliklə ilqar bağlayıb,

Sən o gözəlliyə güzgü olardın.

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Yolu nə yaxınmış qərinələrin,

Bu odu sönməyən necə istəkdi?!

İllərin üstündən xətt çəkə-çəkə,

Bir şair ömrünü tarana çəkdi.

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Səndəmi doymusan ömürdən-gündən

Niyə kimsəsizdi yanın, ay bulaq?!

O ilahi eşqə, hüsnə-camala

Güzgü olan vaxtın hanı, ay bulaq,

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Ömrün bu çağında onu sormağın

Bəlkə yeri yoxdu, bəlkə var yeri?!

Bir sən şahidsən ki, nələr çəkmişəm,

Sinəmdə göynəyir bir qübar yeri

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Çox şeyin yerini dəyişib illər,

Bir çox dəyərlərə zaman dağ çəkib.

Başından dağılıb səhəngli qızlar,

Hərə qapısına bir bulaq çəkib

Ay bulaq, o qızdan xəbərin varmı?

10.11.2019

 ŞAİR, İNAMLI OL

Şair inamlı ol, həyatdır inam,

Ömrün tufanında dizin əsməsin.

Sinəndə ocağa çevrilsin ilham,

Ayaz dondurmasın, şaxta kəsməsin.

 

Sevgiyə, istəyə təşnə ürəyin

Hələ söhbətlidir, hələ sazlıdır.

Yaratmaq həvəsin, yazmaq istəyin

Tanrı möhlətiylə imtiyazlıdır.

 

İlahi eşq ilə təpərlidirsə

İnanma o qəlbi ağrılar yenə.

Dörd yanın sevgiylə çəpərlidirsə,

Əcəl belə erkən yol tapmaz sənə!

 

Uçur komasını kədərin, yasın,

Yanmazsan ürəklə atılsan oda.

Çalış həyat eşqin zədə almasın,

“Sağalmaz xəstəlik” yoxdu dünyada!

18.01.2020

 

Nə deməkdir

Səndən sevgi uman kəsə

Biganəlik nə deməkdir?

Kaş biləydin sevmək nədir

Divanəlik nə deməkdir?

 

Bu yaşında niyə təksən

Sevgisizmi öləcəksən?

Qəlbinə bax, görəcəksən

Viranəlik nə deməkdir.

 

Eşqindən dönən deyildin,

Yandınsa sönən deyildin.

Ay pir olmuş, axır bildin

Piranəlik nə deməkdir!

 

O közlənən həsrəti yor,

Sinəndədi saldığı qor.

Kimsədən yox, Musadan sor

Pərvanəlik nə deməkdir!

 

Bu ömrü

Fərqinə varmadım ötən illərin,

Dəli köhlən kimi çapdım bu ömrü.

Qorxunc bir uçqunun qarşısındayam –

Ağrıda-acıda tapdım bu ömrü.

 

Sevilmək istəyim necə zor oldu,

Eşqin atəşindən sinəm qor oldu.

Hədəfdən yayınan gözüm tor oldu,

Gah sağa, gah sola sapdım bu ömrü.

 

Ürək hökm edəndə ilham gəlmədi,

Mən deyən zirvəyə o yüksəlmədi.

Həyatdan qazancım beş-on kəlmədi,

Beş-altı kitaba yapdım bu ömrü.

 

Mən piyada oldum, ehtiyac atlı,

Boy verən arzumu o qırdı-çatdı.

Başımın altında ilan da yatdı,

Əjdaha ağzından qapdım bu ömrü.

 

Xəzan yarpağıtək yellənməkdədi,

Düşsə künc-bucaqda küllənməkdədi.

Gördüm gözlərindən göllənməkdədi,

Ümmanlar qoynuna atdım bu ömrü!

Yanvar 2020

            

Sözü

Şeirimə, sözümə kəsilib yağı,

Hissimi, duyğumu qarışdıran var.

Yalan söz gəzdirib, ara vurmağı,

Öz “kişi” adına yaraşdıran var.

 

Ara vuran, tələ quran namərdə

İnanmıram çatar olsun mərd sözü.

Beləsinə kişi adı haramdı,

Bundan artıq necə deyim sərt sözü?!

 

İstəmirəm heç bu söhbət uzansın,

Pislər çətin pisliyindən usansın.

Qoy ilhamlı sözlərimdən utansın,

İlhamsızın peşman sözü, pərt sözü.

 

Bəd fikirdən beyinlərə qan sızdı,

Haqq sözünə, yağı çıxan qansızdı.

Diqqət elə gör canlıdı, cansızdı

Sınaq üçün bir yerindən çərt sözü.

 

Hirslisənsə bulaq suyu iç, Musa,

Qan qaraldan bu söhbətdən keç, Musa.

Sən sözlərin gözəlini seç, Musa,

Yaxın qoyma qaba sözü, qart sözü!

Yanvar 2020

 

GEDİM

Könlüm gözəlliyə olsa da mail,

Qismət deyilənə qailəm, qail.

Bir şərtim var canım-gözüm əzrayıl,

Ömür boyu gəzdiyimi tap, gedim.

 

O qədər ki, inamlıyam sabaha,

Doğulmağa gümanım var bir daha.

Sidq-ürəklə yalvarıram Allaha

Dərgahına sağlam gedim, saf gedim.

 

Doğan günəş, görən niyə doğuldum

Axar çaylar, gözlərimdən soğuldum.

Aman həyat, adilikdən boğuldum

Qeyri-adi bir möcüzə yap, gedim.

 

Yaddaşımda Füzulitək dahi var,

Ürəyimdə Məcnunların ahı var.

Dağ dalında əsir düşən ahu var

Tişə götür, qayaları çap, gedim.

 

Bu döyüşdür, kim yıxıla, kim yıxa,

Dözəcəkmi?! – dərd amansız, qəlb yuxa...

Duyğularım çəkildikcə çarmıxa

Sinəm üstə sıralansın Qaf gedim.

 

Əldən çıxan neçə-neçə fürsətə

Mən yandıqca, Vətən dönür qürbətə.

Tanrım, son qoy bu dözülməz həsrətə

Bu dünyanın sonunacan lap gedim!

İyul 2019

 

BU SƏNİN DEDİYİN SEVGİDİ

Seyrələn saçların ağına gəlir,

Boranlı, çiskinli dağına gəlir.

Ömrünün ixtiyar çağına gəlir

O son xəbərdarlıq zəngidi vallah,

Bu sənin dediyin sevgidi vallah.

 

O gülü bu sayaq üzə bilməzdin,

Arxayın, təmkinli gəzə bilməzdin.

O boyda sevincə dözə bilməzdin

Onunçün yollarda ləngidi vallah,

Bu sənin dediyin sevgidi vallah.

 

Bilməzdim “hə” imiş dilindəki “yox”,

Onluğa hədəfmiş kipriyində ox.

Mən elə sevirəm bu sevgidən çox

Ömrün qocalıqla cəngidi vallah,

Bu sənin dediyin sevgidi vallah!

ÖLÜMÜ ÖLDÜRÜB GƏLƏK DÜNYAYA

Gəl elə yol seçək sonu olmasın,

Təzədən vurulaq mələk dünyaya.

Ayrılıq səmtinə yönü olmasın,

Ölümü öldürüb gələk dünyaya!

Sonra qəh-qəh çəkib gülək dünyaya.

 

Gəl elə yol seçək ucsuz-bucaqsız,

Orda bir insanın izi olmasın.

Bizi itirməsin vaxtlı, ya vaxtsız,

Nə də “get” deməyə üzü olmasın.

Yeni bir ünvan da verək dünyaya,

Ölümü öldürüb gələk dünyaya!

 

Qoy o yol başlasın yerin altından,

Keçsin göylərin də yeddi qatından.

Allahın özündən, kainatından,

Diləyək bir sonsuz dilək dünyaya,

Ölümü öldürüb gələk dünyaya!

 

Yol gedək biz zaman, əsr bilməyək,

Heç yerdə, heç nədə kəsr bilməyək.

Tanrım, sənin olsun bu sirr, bilməyək,

Bəlkə heç o deyil gərək dünyaya,

Ölümü öldürüb gələk dünyaya!

 

Bir sonsuz həvəslə biz gedək onu,

Deməyək hardadır bu yolun sonu.

Silək bu yollardan xofu, qorxunu,

Ancaq ürək verək, ürək dünyaya

Ölümü öldürüb gələk dünyaya!

 

Bir sevgi başlayaq uzun, lap uzun,

Sonuna çatmayaq ancaq sonsuzun.

Qoy qıraq şaxını şaxtanın, buzun

Xoş nəzərlə baxsın fələk dünyaya,

Ölümü öldürüb gələk dünyaya!

 

GƏLƏNDƏ

Gəl  könüldə yaşa, ürəkdə boy at,

Hamıya xoş gələn duyğular oyat.

İki söz canlanır: ölüm və həyat...

Ortaya tanrının sirri gələndə.

 

Vaxt ötür, xoş günlər arxada qalır,

Sevgiylə üz-üzə insan qocalır.

Ömür-gün dostunu əlindən alır,

Bimürvət dünyanın şəri gələndə.

 

İllərlə bir yerdə yaşadığın kəs,

Udduğun havaymış, aldığın nəfəs.

Fələk, etibarın harda qaldı bəs

Güzəştə getmədin yeri gələndə?!

 

Tutuşma yanğıya, alışma oda,

İnsandan ötrüdür hər qan, hər qada.

Ölümün qorxusu yoxdu dünyada

Gələn əqidəcə diri gələndə.

 

Ölüm yatağında bir ana əsir,

Oğul, qız üstündə yarpaqtək əsir.

Onunsa gözləri ərini gəzir

Üzünə əcəlin təri gələndə.

 

Kim vida zəngini birinci çalsın,

Ortada qadınmı, kişimi qalsın?

Getdi ruh evini sahmana salsın,

Bir gün qarşılasın əri gələndə.

 ***

Heyran olub baxışına tutmuşam,

Üzü ömrün yoxuşuna tutmuşam.

Səni şeir yağışına tutmuşam,

Misralarım ürəyinə damırmı?!

 

Hər kipriyin qana həris bir qəmə,

Bayram gəlir bir son qoyaq bu qəmə.

Sən susursan, dağ çəkirsən sinəmə,

Sinəndəki yoxsa daşmı, dəmirmi?!

 

Üzülənim məni üzə deyirəm,

Bu həsrətə çətin dözə deyirəm.

Mən dərdimi şeirə, sözə deyirəm,

Bu şeirlər sənə bir şey demirmi?!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!