Bu səhər xoşbəxtliyə aç pəncərəni... bir arın, dünənki kədərindən təmizlən... - Ataol Bəhramoğlu - VİDEO

Ataol Bəhramoğlu “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsinə şeirini oxudu...

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi “Ədəbiyyat qəzeti”  ilə birgə Azərbaycan Dövlət Televiziyası və Radiosunun dəstəyi ilə Koronavirus Pandemiyasının qarşısının alııması ilə bağlı tətbiq edilən  karantin rejiminə öz töhfəsini vermək məqsədi ilə  “#Evdə Qal” kampaniyasına özünəməxsus tərzdə və yeni layihə ilə qoşulub. Mərkəzin sədri, şair Səlim Babullaoğlu  20 ölkədən 24 şairə ölkəmizin insanlarına mənəvi dəstək olması üçün şeir oxumaq təklifi ilə müraciət edib, şairlər də bu təklifə müsbət cavab veriblər. Artıq dünəndən  Azərbaycan Televiziyasının efirində şairlər öz şeirlərinin oxuması və translyasiyası başlayıb. Layihə Türkiyənin görkəmli şairi Ataol Bəhramoğlunun “Bahar şeiri”ilə start götürüb.

“ Bu səhər xoşbəxtliyə aç pəncərəni,
Bir arın, dünənki kədərindən təmizlən.
Bahar gəldi, bahar gəldi günəşin doğduğu yerdən,
Uzat əllərini körpəm.

Gözəlim bulud gözlü buzovu
Duy ki, bu qovan-qaçırdan sevinc nədir,
Dinlə necə  həyacanla  vurur
Ana torpağın qəlbi indi.

Eləcə yan-yörəmdə çəmənlikdə uzan,
Qulaq ver gurultusuna dünyanın.
Baharın, gəncliyin və eşqin
Nəğməsini söyləyək bir ağızdan...”

 Ataol Bəhramoğlu öz çıxışını bu sözlərlər bitirib: “Mən anamın və atamın məmləkəti olan sevimli Azərbaycana, Azərbaycan Dövlət Televiziyası vasitəsi ilə sevgi və hörmət hisslərimi çatdırıram. Əziz dostlarım, qardaşlarım, yoldaşlarım, bu sıxıntılı günlər keçəcək, gözəl günlər gələcəkdir. Hamınızı sevgi ilə qucaqlayıram...”

Şairin qısa bioqrafiyasını diqqətinizə çatdırırıq:
Ataol bəy XX əsr Türkiyə şeirinin yaşayan, canlı klassikidir. Eyni zamanda tərcüməçi, esseist və şeir araşdırmaçısıdır. Rus-fransız ədəbiyyatı mütəxəssisidir. Yeri gəlmişkən, əsli-kökü Azərbaycandandır. 1942-ci ildə anadan olub. 30-a yaxın şeir kitabı dərc edilib.

Türkiyənin bir çox nüfuzlu ədəbiyyat mükafatlarına, eləcə də “Dünya Şeir Günü Böyük Ödülünə”  layiq görülüb. Həmçinin ABŞ, Fransa, Rusiyanın, eləcə də bir çox başqa ölkələrin ədəbiyyat mükafatlarını alıb. Əsərləri, şeir kitabları dünyanın 30-dan artıq ölkəsində və dilində nəşr edilib. “Cumhuriyyət” qəzetinin mədəniyyət şöbəsinin rəhbəri, köşə yazarıdır.

Proqramı aşağıdakı videodan izləyə bilərsiniz:


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!