Söykən bu sevginin əlağacına, nəfəs dər, toparlan, yolun uzaqdı... - İntiqam Yaşar - şeirlər

 

Gözümdə şəklini güllələdilər,

Axdı, qanı axdı, səkilər üstə.

Sonra apardılar səni harasa,

Ağladı adamlar şəkillər üstə.

 

Hardansa bir nəfər adam da gəldi,

Öncə ağlamsındı, içini çəkdi.

Sonra hamı kimi səsə qarışdı,

Sonra hamı kimi göz yaşı tökdü.

 

Birdən yavaş-yavaş getdi adamlar,

Sonra bircə o kəs qayıdıb gəldi.

Gözünün yaşını tökmürdü daha,

Hardasa özünü ovudub gəldi.

 

Bir bulud misalı, duman misalı,

Çökdü bir küncünə soyuq otağın.

Sonra bu dünyada ən gözəl rəsmi,

Çəkdi bir küncünə soyuq otağın.

***

Söykən bu sevginin əlağacına,

Nəfəs dər, toparlan, yolun uzaqdı.

Günəş də qocalıb, yaman ləng gəlir,

Yollar yağışlıdır, yollar sazaqdı.

 

Qolların üstündə yer ver uyusun,

Gözündən dağılan yollara yazıq.

Gör neçə ümid var buxov sürüyən,

Bu səssiz-səmirsiz qullara yazıq.

 

Sən ömür üstünə qurban aparan,

Arzular sinəndə çarpaz dağ olur.

Nəfəs də bir dönük övlad kimidir,

Nəfəs də üzünə daha ağ olur.

***

Dönüb-dönüb ağlıma gəlirsən,

Öncə gözlərini görürəm, sonra əllərin aparır fikrimi.

Ürəyimdə, hardasa çox dərinliklərdə bir dəli istək,

Günəşə tamarzı, günəşə aşiq.

Bax, yenə gəlmisən.

Yenə dəli sevda kimi saçların dağılıb göy üzünə,

Yenə yer üzü heyrətdə.

Gəl... yenə gəl, bu gün gəl, sabah gəl...

Ürəyin atdıqca, ürəyim atdıqca gəl...

Gəlişi gözəl adam...

 

Mono "dialoq"

Getdilər,  qəfildən yığışıb getdilər,

Bir mən qaldım bir də bomboz yer üzü.

Kimisə gözləmək haqqımı da apardılar,

Kiməsə söz demək haqqımı da.

O gündən sözlüyü divardan asdım,

Susdum...

Qoca döyüşçü tüfəngini asdığı kimi.

Susduğu kimi...

Bəzən ata bilmədiklərin göz dağı olur,

Bəzən çata bilmədiklərin.

Eh, qoca şair, daha sözlə işin yoxdu,

Bir baxırsan ilğım kimi keçmişin kabusu,

Bir baxırsan yenə aldandın, yaddan çıxdı keçmişin yoxdu.

- Gələcək də körpüdür, əvvələ uzantı kimi,

- Bəs indi, bəs bu gün?

- Bəzən ölüm kimi, bəzən yaşantı kimi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!