Eşqim bərəkətimdi, qorxudu bədbəxtliyim... - Vaqif Bəhmənli - şeirlər

 

İşıqman

Qapıdan qovanda girib bacadan,

Gün Tanrı böyrümə yan alaydı kaş.

Göz açıb-yumunca söküləydi dan,

Gecənin uzunu an olaydı kaş...

 

İşıq dolduraydı dalan-tinləri -

gecələr zülmətlə dolan tinləri...

Üstü xətlənəydi yalan dinlərin,

sübh çağı ən doğru din olaydı kaş.

 

Yanıb qaralaydı günəşdə dərim -

ya işıq,

ya heç nə...

Allaha kərim!

İşığa düşəydi fanar gözlərim,

işığa baxmaqdan qan olaydı kaş!

 

Aşiqlər işığa aşiq olaydı,

işığı içməyə qaşıq olaydı...

Dünyanın Allahı işıq olaydı -

qurbanı qoyun yox,

mən olaydım kaş!

 

Nurdu qibləgahım,

sabahdı yönüm,

Deyim mətləbimi, başına dönüm;

Hamıya dönəydim işığa dönüb,

hamı işıqlanıb mən olaydı kaş.

 

Səkkizlik

Sərgərdan küləklərin ömür yoludur aləm,

Quş səsinə yol açıq; nə olsun ki, qəfəs var.

Bəxtim nankor oğuldu,

gedib-gəlmir, cəhənnəm,

Allaha çox şükür ki, gedib-gələn nəfəs var.

 

Mənim halıma uyğun özgə hal yox biçimdə,

Baş yarmaq,

yaxa cırmaq,

nə də xırda bir səs var.

Mən xalqımın içində,

xalqım mənim içimdə -

yaşayırıq birtəhər,

arada atəşkəs var!

 

Qoşma

Dodağı qaçmayan o bəndə kimdi? -

Gülər,

bilsə mənim bildiklərimi.

Başıma gətirməz, Allah kərimdi,

babala yazsa da güldüklərimi.

 

Sancıban güldürər gülü arılar,

Daş-daş qəşş eləyib oynar barılar,

Şeytanın gülməkdən zəhri yarılar

eşitsə hesabdan sildiklərimi.

 

Fani bir canım var, kimə həsr edim

Kim çəkər nazımı,

kimi vəsf edim?

Hamının yarı var;

mənim həsrətim...

sevinir görəndə gəldiklərimi.

 

Vaqif, son nəfəsə zarafat saxla,

Gülsəm, gülüşümü amanat saxla...

Ay Allah, min illər salamat saxla

dərdindən anbaan öldüklərimi!

 

Gizli intihar

Vaxt ölür diri-diri -

bir salamat  an yoxdu.

Keçinir ümidlərim,

ortalıqda qan yoxdu...

 

Yanıq gözündə giley

yırtır yaxasını ney,

kuzədə çırpınır mey

əndərməyə cam yoxdu.

 

Gümanı min yanadı -

əleyvandı inadım...

Hara çırpım qanadı? -

pərvanə var, şam yoxdu.

 

Nəyə gəldim baxmağa? -

dünya baxmaz axmağa...

Beş başım var,

soxmağa

bir xatasız dam yoxdu.

 

Tanrıdan paydı qüvvət,

kükrəyən çaydı qüvvət,

qolumda yaydı qüvvət -

dartmağa kaman yoxdu.

 

Cəfanı basıb cana

canı sürdüm meydana...

kişmiş, arpa bir yana,

atıma saman yoxdu.

 

Tarlam susuz, dəmiyə;

Hayıf işə, əməyə...

Dağ dərdimi deməyə

Şeytan var, adam yoxdu.

 

İrəlim var, gerim var,

dilimdə əzbərim var.

Çöldə peyğəmbərim var,

içimdə iman yoxdu.

 

Vaqif imkan istəyir,

dünyadan kam istəyir...

Əzrayıl can istəyir -

can nə gəzir,

can yoxdu...

Saxlama müddəti

Fələyin çarxında qum olur qaya,

Ürəyin başında dağlar əriyir.

Zaman dərdi biçir,

tığlayır taya,

yaşıllar qaralır, ağlar əriyir.

 

Qismət nədi, qismət vaxtdı  tavada,

Vaxtında dadmasan, xiffəti vardır.

Yaşı bilinməyən qoca dünyada

nə var,

istifadə müddəti vardır.

 

Çor yesən qarnını tutub beşəlli

Dərhal yollanasan həkimə gərək.

Çörəyin saxlama müddəti bəlli,

Qaralıb göyərmiş ət kimə gərək?

 

Havadan nəm çəkən qəndi görmüsən...

Müddəti ötəndə duz da çürüyür.

Vaxtında tovlayıb ərə verməsən

Soluxur gül kimi,

qız da çürüyür.

 

Bəs Tanrı nə deyir,

necə yozur din? -

Deyir hər müddəti ayrıca seç, bax -

Saxlama müddəti yoxdu sevginin,

Bir də ki, yaxşılıq kiflənmir heç vaxt!

 

Bir və bir

Sürgün eləsələr təkliyə məni

Ünvan söyləmərəm Sibirdən ayrı.

Tablaram, min namərd təkləyə məni,

Çünki inancım yox səbirdən ayrı.

 

Böhtanlar belimə sancılsa biz tək,

Dözüb bükülmərəm təpərli diz tək!

Namusu yarama səpərəm duz tək,

Nəyim var qoruyam abırdan ayrı?

 

Çalpara daşlarla hər yan döşəli,

Boyuma dar gəlir çoxdan beşiyim.

Daş olub dünyanın yorğan-döşəyi

Yumşaq yataq hanı qəbirdən ayrı?

 

Könlümü kim ovlar bir oxdan başqa,

Ayrı varım yoxdu bir yoxdan başqa...

Heç kimi saymaram o çoxdan başqa

Heç kəsə enmərəm o Birdən ayrı!

Mənə nə gəlirsə

O kimdi yenə də

özündən deyir -

xeyir aa... xeyir,

hər yerindən duran

Peyğəmbər deyil!

 

Yenə o kimdi elə

qışqırıb qalxır zilə?

Deyir, ona nə gəlir

göydən, Allahdan gəlir...

Küfr edir, yalan deyir,

başını daşa döyür!

 

Xeyir  aa, xeyir!

Boşa verin, ötürün,

elə məni götürün -

Mənim südüm anamdan,

qanım atamdan gəlir,

Başıma nə gəlirsə

Doğma xətadan gəlir.

 

Almam, narım bağçamdan,

dənim tərli axçamdan,

içimin qırışları

qədim, xovsuz xalçadan,

alnımın qırışları

çarmıxdakı yarımçıq

hələ xançal kəsməmiş

yüklü hanadan gəlir...

 

Rəngim otdan, çiçəkdən,

dərdim dayaz dibçəkdən,

halım havadan gəlir...

eşqim yuvadan gəlir!

 

Eşqim bərəkətimdi,

qorxudu bədbəxtliyim,

yuxudu bədbəxtliyim...

Ucrum fəlakətimdi,

divardı toxtaxtlığım.

 

Deyimmi mənə gələn

nə qaldı, daha nə var -

Açıq qollarım avar...

Dərya yoxsa, ah yoxdu,

mən varam, Allah da var,

yoxamsa, Allah yoxdu...

 

Mənə nələr gəlirsə,

Vallah, özümdən gəlir

Özümdən gəlməyənlər

bulanıq çaylar kimi

axır gözümdən gəlir...

 

Aramızdan keçən su

Qazax nə demək,

Uzaq nə demək,

Türkmən nə demək,

Tək mən nə demək? -

Andıra qalsın dənizi...

girib aramıza

ayırır bizi!

 

Quzey nə demək,

güney nə demək,

kimdən, kimsədən

giley nə demək? -

Andıra qalsın Arazı

girib aramıza

ayırır bizi!

 

Məhəbbət nə demək,

firqət nə demək -

dərdli bulaq kimi

qaynayır ürək,

gözdən acı yaşlar

ələnir sel tək -

girib aramıza

ayırır bizi!

 

İstəmirəm dəniz görüm -

göz yaşından bir iz görüm,

İstəmirəm bulaq görüm,

Çay da görmək istəmirəm,

İstəmirəm quyu görüm -

suya dönsün suyu görüm! -

girib aramıza

ayırır bizi!

 

Meşədə işıq

Meşədən süzülür solğun bir işıq

Qəlbimi özünə çəkir, bağlayır.

Bəlkə orda azıb bir topa uşaq,

Bəlkə orda yazıq Cırtdan ağlayır?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!