Saatlar susaraq səssizcə axır, dolur yavaş-yavaş ömür kuzəsi... - Oğuz AYDIN - şeirlər

Kainat...

Sonsuz və əbədi olan,

Tanrının məbədi olan,

Var… Var…

Səndə bir sirr var.

Bir sirrində neçə min var…

O sirr,

O sirr, eşqimin qəmi,

O sirr, gözlərində yelkənsiz bir gəmi.

O sirri mən bilirəm,

Bir də…

Bir də məhkum olduğum gecələr,

Və ümid diləndiyim,

Kimsəsiz, qaranlıq küçələr...

O sirr…

Var… Var…

Səndə bir sirr var…

Nədir o sirr?!

Bir gün dünyaya düşəcək olan,

Və dünyanı sular altında qoyan,

Günəşin göz yaşıdır o sirr...

 

Çərpələng...

Yenə sən, yenə eşqin sahili…

Sərxoş bir külək buludları qovur…

Onlarsa hey qaçır, ağlayır…

Hərdən bir-birləri ilə toqquşurlar.

Onda daha bərk ağlayırlar...

Səninsə əlində çərpələng...

Nə çərpələngdir, hardandır elə?..

Deyəsən, onu da içimdən almısan yenə...

Adı ümiddir, ipi əlində,

Həzin yellənir boz səmada...

Uçur...

Uzaqlara getmək istəmir…

Əlindən qaçıb uzaqlara uçmaq istəmir,

Ümid çərpələngim…

Qəlbimdən aldığın son şeydir.

Və ..............................

Yenə də əlindən qaçırdın onu...

Qayıtmaz daha

Eşqin sahilinə.

Uçdu, çox uzaqlara…

Çox uzaqlara...

Dilsiz ümidlər...

Dilini kəsdilər ümidlərimin,

Sükutu qəmimin libası oldu.

Anası ölübdü dərdlərimin,

Dərmanı onlara miras qoydu.

 

Duyğular qanad açıb uçdu qəlbdən,

Yuvası içində bir bala qaldı.

Bir gün o da köçəcəkdir məndən,

Tənhalığım hicrandan qalan paydı.

 

Zəhərlə şərbəti qatıb halıma,

İçirəm, əbədi dərd sağlığına.

Qayıtsa əgər baharım yanıma,

Yoxluğumu verəcəm varlığına.

 

Yarımçıq sevgi də bütöv xatirə,

Gizlənib, özünü göstərmir hələ.

Ağrılardan doğan gözəl ilahə,

Qoparır içimdə böyük zəlzələ.

 

Gecə yetim qalıb, sabahı yoxdu,

Xəbərsiz işıqdan, xəbərsiz nurdan.

Çarəsiz qəlbimin yükləri çoxdu,

Gəlir qürbət yoldan, gəlir uzaqdan.

 

Ruhumun bayrağı qara rənglidi,

Çırpınır içimdə - bəyaz dünyada.

Bütün ümidlərim lal ahənglidir,

Yellənir beşikdə, dayaz xülyada.

 

Saatlar susaraq səssizcə axır,

Dolur yavaş-yavaş ömür kuzəsi.

Vaxtın sükutuna yağışlar yağır,

Ümidin rəqsidir, zamanın rəqsi...

 

Aldığım nəfəsin cəzası...

Ağrılı gecələr dilə gəlibdir,

Sabahı həsrətlə gözləməkdədir.

Şəlalə gözündən gilə gəlibdir,

Səhranı dənizə döndərməkdədir...

 

Ən şirin şərbətdi sözlərin sənin,

Qəhərin doğduğu acı gülüşə.

Səma aynasıdı gözlərin sənin,

Gözümlə gəlirlər hərdən görüşə…

 

Mənim baharımda xəzan kimisən,

Yaşıl çəmənlərin üstünü örtən.

Deyəsən, hicranı yaman sevirsən,

Sənin atəşindi alışan-sönən

 

Aldığım nəfəsin cəzası sənsən,

Dodağına cənnət qoxusu qonub.

İşıqsız günlərin qəzası sənsən,

Şaxta hisslərindən cəhənnəm donub…

İntihar

Bezmiş ümidlər kürsüyə çıxıb,

Əlvida sevincə, əlvida mənə...

Keçmişim sabahı bu günə yıxıb,

Ölüm də ruhumda bir qida mənə...

 

Cəld olun, ümidlər, cəld olun bir az,

Sırada arzular növbə gözləyir..

Günahı içimdə arayım bir az,

O Tanrı hələ də tövbə gözləyir...

 

Təbəssüm var idi üzümdə mənim,

Özünü gözündən aşağı atdı...

Göyərçin duyğuya atdığım dənim

Palçıqlı qarların altında batdı...

 

Bu həsrət nə zaman bitəcək görən?!

Bir az, Tanrısansa, çağır ölümü…

Qurutdu, bilərək bir zalım kölən,

Səsimdə yaranan duyğu gölümü...

 

Ürəkdə iztirab atəşi varsa,

Oduyla alışıb-yanasan gərək.

Ümidlər xərclənib sonda qurtarsa,

Ölümü ümidin sanasan gərək...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!