Səssizliyin fotoşəkli - Azər Musaoğlu - şeirlər

Faniliyin fotoşəkli      

hər gün qarşılaşdığımız reklam lövhələrindəki

insan şəkillərinin nəhəng təbəssümlərindəki sünilik,

yolların kənarındakı çinarların

budanmış budaqlarının dairəvi şikəstliyi,

asfalt üzərinə çəkilmiş piyada keçidlərinin

sürtülmüş yorğunluğu və

dayanacaqdakı qulağı qulaqcıqlı qızın

duruşunun tənhalığı

faniliyin fotoşəklidir.

 

 Səssizliyin fotoşəkli

məscidlərə buraxılmayıb

qapıların ağzında sahiblərini gözləyən

ayaqqabıların duruşundakı yorğunluq,

kilsə divarlarındakı

freskaların rənglərindəki solğunluq,

səs-küylə oynayan uşaqların günorta yuxusu,

soyuducunun dincəlmək üçün susmasındakı anilik,

qəbirsanlıqlarda başdaşlarındakı insan portretlərinin

baxışlarındakı fanilik və

fəzadan çəkilmiş Yer kürəsinin görünüşündəki nəhənglik

səssizliyin fotoşəklidir.

 

Ümidsizliyin fotoşəkli

vətənindən yox olmaq üçün

bilet alan adamın

imzasındakı hərflərin əyriliyindəki məcburiyyət,

edama məhkumun namaz qılarkən

hər səhər etdiyi sonuncu niyyət,

xərçəng üçün analizin nəticələrini gözləyən adamın

sükutundakı sonsuzluq, bir də

təyyarənin mavi səmada qoyduğu

ağ izlərin tez əriyib yox olmasıyla

qadının uşaq doğmaq istəyinin yox olması

ümidsizliyin fotoşəklidir.

 

Yalqızlığın fotoşəkli

səhər tezdən gecə köynəyində

balkonda siqaret çəkən qızın

gözlərindəki yuxusuzluq,

kafedə birnəfərlik masa arxasında əyləşən kişinin

kostyumundakı ləkədəki solğunluq,

arıq pişiklərin toplaşdığı həyətin

səssizliyindəki kədər və

kitabların arasındakı ikinəfərlik biletlərin

vaxtı keçmiş təzəliyi

yalqızlığın fotoşəklidir.

 

Yorğunluğun fotoşəkli

avtobusların  sarı rəngini örtmüş toz,

vitrinlərdə manekenlərin duruşundakı hərəkətsizlik,

qoca dilənçinin qarşısındakı konserv qutusundakı boşluq

və qəssab dükanının kölgəsində yatan itin yuxusu

yorğunluğun fotoşəklidir.

Qarayazı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!