Mən sənsiz inanmıram, dünyanın cazibə qüvvəsinə... - Elnur Uğur Abdiyev - şeirlər

Ruhumuz

Dənik, göyə qalxarıq

Bir quşun dimdiyində.

Bir az ruhu ovudar,

Dimdik hər çimdiyində.

 

Qandı sonu hər adın,

Az fitrəti qanadın.

Yolun o quş qanadın,

Hər yerə endiyində.

 

Göy yerə mənsiz qərib,

Mən də ki sənsiz qərib.

Bizə ruh əmizdirib

Həyat ilk əmziyində.

 

Səbr

Təbriz dedim, ruh səksəndi,

Duyğum kişnədi, kişnədi.

Anladım həsrətli yurdum,

Eşqə təşnədi, təşnədi.

 

Sən də anla, yol ara, bul!

Eşqin vətənsiz qarı, dul.

Oğul, vətəndədir oğul,

Yurdsuz heç nədi, heç nədi.

 

Yetər nağıllar süslədik,

Bitdi e, ümid bəslədik.

Biz göydən alma gözlədik,

O da düşmədi, düşmədi.

Balaca Nərminin qətlinə

Bir fidanı qopardılar

Ana ağacın kökündən.

Ana ağac qanadı kötüyündən,

Təpəsinə qədər.

Göz yaşları islatdı,

Yarpaqlarını,

Şeh-şeh tüpürdü,

Ağac sübhün üzünə acısını.

Qoparılan körpə fidanın yeri boş qaldı,

Hər gecə ana ağac,

Hamı yatandan sonra,

Bağrına basdı o boş yeri.

Səhəri,

Körpələri

Qətl edən

Əllər,

Yenə də ana ağacın altında,

O yerin üstünə örtdülər ayaqlarını.

Ayaqlarının altından çəkdikləri yerdə,

Elə dayandılar,

Sanki savab işləmişdilər,

bir də...

 

İnam

İnam addımlarına güc verəndə,

Yollar başından yıxılır.

Hər yol sonunu yaşamır,

Yarıda qırılan o qədər yol var ki...

Qışqıra bilmir yollar,

Yoxsa maşınların təkərlərini,

Deşərdi çığırtılar.

Bu hamar asfaltın altında

Keçən il bir donqar yolu dəfn elədilər.

Yol ağladı yolun altında,

Üzünü qrimlədilər,

Uzaqdan elə gülümsəyir ki...

Getdikcə gedirsən,

Çata bilmirsən o gülüşə.

Yolları inandırdılar,

Onlar ilkdilər son olacaqlar.

Yolları inandırdılar,

Onlar hər zaman sevgiyə

                        uzanan qol olacaqlar.

Yollar ayrılıqlara aparanda ayaqları

Anlamadılar,

Sinələrinə göz yaşları düşdükcə anladılar,

Gec oldu o da.

Onda,

Yolların üzünü yenə qrimlədilər....

2020-nin şeiri

Salam, qəbir dünya!

Altında,

Üstündə,

Dəfn etdiyin sevgi büstündə,

Baxan soyuq baxışlardan

Donmursan?

Sənin üzünün soyuqluğundan, bəlkə,

Bu il

Məmləkətə

Şaxta baba da qar gətirə bilmədi.

Uşaqlar

Çığırışdılar,

Ən çox qar istədilər,

Evdə əlsiz əlcəkləri üşüdü uşaqların.

Onlar xəyallarında

Qartopu düzəldib sənə atdılar,

Düzdür, o qartopunun heç biri

                        üzünə dəymədi,

Ancaq uşaqlar bilmədi...

Əlini

Vəliyə,

Vəlini

Əliyə

Qırdıran dünya!

Qərbdə İncil,

Şərqdə Quran dünya!

Günəşin şərqdən çıxır, eləmi?

Duymursan nə vaxtdır,

Hanı Günəşli günü şərqin?

Bir yol düşünmədin,

Yollar yollara qovuşmayanda,

Qanı axır ümidlərin.

 

Qəzamız

Evimizi balkon,

balkonu dibçək,

dibçəyi əlcəktək

geyinən çiçək.

Külək soyunduracaq səni,

dibçək lüt görünəcək o an.

Gözlər üz çevirəcək balkondan,

balkonda bezəcək evdən...

Bezicilikdən qəzaya düşəcək

gözlərimiz.

Zamanam

 

Bu dəqiqə ayağımın altında yer üzü,

Başımın üstündə göy

Titrəyir.

Dayanıram,

Zaman kiriyir,

Yeriyirəm o da yeriyir.

Varamsa,

Sağlığımı nuş edir bu gün,

Özündən heykəl yonur,

Zaman sabah üçün.

 

Axın və mən

Hər gün axının əksinə üzən balığam,

Üzgəclərimdən yıxılmaqdan qorxuram.

Bu dərinlikdə suda,

Bir duru yer də tapmıram,

Daldalanam.

Hanı bəs deyirdilər,

Sular dayaz yerində lilli axır,

Bu qədər dərinlikdə bu qədər lil hardan axır?

Üzürəm, cəhənnəmə!

Onsuz da ipini buraxdıqlarımızdır,

Quyumuzu qazan.

Ay əksə üzən,

Üzgəcindən,

Quyruğundan yapış.

Başını onsuz da lil sular çoxdan oğurlamış.

Üz üzə bildiyin qədər dərinə,

Suların altından tabut ləpələrin çiynində,

Üzə çıxacaqsan sən də bir gün,

Hamı üçün,

O dayaz o gün dərinləşəcək.

Pulcuqlarında pul-pul sevdalar közərəcək.

Altında su,

Üstündə su,

O gün dərk edəcək,

Təmiz olmadığını, bəlkə də.

Eh, bəlkələr, bəlkələr.

O qədər axınları uzaq edər...

Sənsizkən

Səni duymazlar mənim kimi,

Məni heç nə öldürə bilməzdi,

sonuncu söz mərmin kimi.

Səni sevdim,

Elə sevdim ki,

Özümə özgələşdim.

Özümdə neçə üz güləşdi?

Yenildim addımda sənə,

Yerə dəyən kürəyimə,

Şələləndi ayrılıqlar.

İçimdə sən gedən gündən bir boşluq var,

O boşluqda diyirlənir

oyan-buyana,

saatın oxundan çıxmış əqrəbi.

Daha mənimçün fərqi nədi,

saat neçədi?

Gündüzdü, gecədi?

Məni bir sən duyurdun,

Səni də duymur indi heç kim.

Bilirəm adam başa düşülməyəndə,

Gecələr yuxu adlı bataqlıq da,

adamı çəkə bilmir özünə.

Mən sənsiz inanmıram,

Dünyanın cazibə qüvvəsinə.

    

Ağaclar

Ağaclar asılqandı,

Yarpaqlar baharın paltarıdı.

Külək tələsik gələn qonaq kimi,

Paltarını asılqandan götürüb gedir.

Həyətimizdəki çılpaq gilas ağacı,

Üşüyür budaq-budaq.

Hər yarpaq götürüldüyü yerdə,

Bir öpüş qoyub külək,

Gələn il bir də paltar geyinib dövrə vurmağa.

Bu kəndir ağacı qoru, Tanrım,

Yoxsa adamlar məhkum olar asılmağa.

 

Atasan hər şeyi

Adam otura Neftçalada,

Bakıdan zəng gələ.

Kölgən dırmanıb hansısa göydələnə,

Surətin intihara cəhd edir, deyələr.

Qaçışa dalınca kölgələr,

Dırmana damına göydələnlərin baxışlar,

Baxasan içindəki boşluqlar,

Dolub yoxluqların sevdasıyla.

İp atasan arzunun başına,

Bütün feilləri əmr şəklində deyəsən üzünə,

Söyəsən üzünə həqiqəti.

Görəsən bir baxış büdrədi,

Dırmana bilmədi surətini tuta.

Atasan özünü tapp,

Hamı hər şeyi unuda,

Səndən danışa bir gün yer, göy.

Uğrunda dalaşa yer, göy.

Oturasan Neftçalada,

Ancaq bütün feillər arzu şəklində gözəl olmur,

Bunu da hesablayasan,

Sonra istəsən özünü atasan,

isətəsən onu.

 

İstəyim

Heç nə istəmirəm,

Səhərlər,

Kəndlər,

Şəhərlər,

Küçə-küçə gülsün yetər.

Heç nə istəmirəm,

Gecələr,

Neçələr,

Neçəyə bölünməsin bəs edər.

Heç nə istəmirəm,

Adamlar

Damından,

Kamından,

Olmasın, bu qədər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!