Dön... bu ayrılıq deyil... baş qatmaqdı, dərvişim... - Şəfa Vəli - şeirlər

Kim dedi ki, dözürəm?!

hər günüm tək səbirdi...

sevdam üzü göylərə

hönkürdüyüm təkbirdi...

 

Dön...

bu ayrılıq deyil...

baş qatmaqdı, dərvişim...

gülüşüm nazlıq deyil,

utanmaqdı hər işim...

 

Onda nənəm pıçıldadı:

"vay, yazısı qara gəlmiş"...

ağrılarım puçurladı:

- sevdam, qadan yara gəlmiş!

 

Ya da dönmə... söylə ordan:

- Olmur eşqdən ölmək! Yox!

dönmə... axı uzaqlardan

sevmək olur,

sevilmək yox...

***

Boğulur sonuncu ulduz axını,

Boğulur Günəşin hər zərrəsində...

İndən belə neyləyirəm nağılı?

Yuxuma yol çıxır ceyran izindən...

 

Hamı can bəsləyir,

Təpər qoruyur,

Ömür sürüyürəm dərd çəkisində...

Gedirəm, çiynimdə çörək torbası...

Yeddinci cığırda bir qız ağlayır,

Yeddinci təpədə bir qurd ulayır;

Ölüm gəzdirirəm div şüşəsində...

***

Mən səni Şamxat kimi

- Min fitnəylə sevirəm...

Sonra da

Öpüşünlə

Ruhuma qüsul tökürəm...

 

Mən səni Lalə kimi

- düzlərdə gözləyirəm...

Bağrıyanıq,

Dilimdə "ah"...

Ləçək-ləçək közərirəm...

 

Mən... - ilan məkrinə vurğun,

Yaradılışdan yorğun...

Sən aldadılan Adəm,

Hər günahıma həmdəm...

Mən səni dua kimi

Tanrı xətrinə sevirəm...

Bütün qoca romançılara...

 

Bu gecəni hiss elə...

Eynəyinin ağrıyan şüşəsini silmə heç...

Sızlasa əlinin qələm söykənən yeri

Üflə...

Hər ağrıya ürək vermə,

Birinin də üstündən keç...

 

Bu gecəni hiss elə...

Oxuduğun son romandan

Daha gözəlini yaz...

Gül bütün ölümlərə...

Qucaqlayıb bu gününü

Sabahına ağla bir az...

 

Bu gecəni hiss elə...

Bəsdi ütülədin xatirələri,

Aç başını burax çoban ititək...

Hara getsə, bil ki, geri dönəcək...

 

Bu gecəni hiss elə...

Bir az da özünü təriflə güzgüdəkinə...

Bir az da üzülsün ürəyində yara olanlar,

Gözündən düşənlər...

Saçımın ucunda yaşıl işıqlar,

Əllərin son sürət şütüyür hələ...

"Elin qınağı"nın son cəriməsi

Qıyılan gözümdə üşüyür hələ...

 

Sonuncu çarədi duz ayrılıqlar,

Portağal dadında açılır səhər...

Məğrur təbəssümüm - sərt qayalıqlar,

Ətrin - mamır üçün darıxan şəhər...

 

Bu son dayanacaq palitra kimi;

Günəş fırçasını yelləyir nazla...

Qalın paltarların dolab həsrəti

Aprel axşamını səslər avazla...

 

Yığıb qəhərimə ayrılıqları,

Min ildi vağzala yayılan səsəm...

Üzümü tuturam ayrılanlara:

- Sevgin yaddan çıxdı, sonuncu düşən!

 

...Bütün avtobuslar şəhərarası,

Bilet satan yoxdu üzü günəşə...

***

İtirilmiş şəhərləri okeanlarda axtarıb

Səhralarda tapırıq...

Səncə, bu, sevgi deyil?!

Harda bir ovuc gülüş var

Gözlərimizlə qapırıq...

Səncə, bu, sevgi deyil?!

 

"Ağ yuyub qara sərdiyim"

Sənsizliyin qucağına

Bir körpə şəkli qoymuşam...

Dünən də xəyalımda

Şuşaya qədər qaçmışam,

Cıdır düzünün köksündə

Şeir süfrəsi açmışam...

Səncə, bu, sevgi deyil?!

 

Şeir-şeir, nəğmə-nəğmə

Öldürürlər şairləri

Bütün gözəl oxucular...

İlk şeiri yazanların

Son misrası ağı olub;

Unudulmur ağıçılar...

Səncə, bu, sevgi deyil?!

 

Dəməşqdə bir qız ağlayır,

İstanbulda layla deyir bir nənə...

Bizim evə yağış damır;

Damla-damla pay bölürük Tanrıyla:

"Biri sənə, biri mənə..."

Səncə, bu, sevgi deyil?!

Məncə,

Sevgidir, sevdiyim...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!