Payız qadın... - Qəmər Sözay - şeirlər

Ehh... Payız qadın

Arzuların töküldü gözlərindən

xəzan yarpaqları kimi...

Duyğuların qucaqladı

səssizliyin qəlbini...

Sarıldığın zülmətin

boğuldun qaranlığında...

Ünvansızlığında can verdi ruhun...

Leysan yağışlarına

tuş gəldi ömrün...

Görəsən, nə vaxtsa

son bir kədərlə

sona çatacaqmı

bu bədbəxtlik yuxun...

Hər gün intihar etdi ümidlərin

gələcəyin boynundan

asdı acı gerçəklərini...

Hansı bir dayanacaqda itirdin

üzərində gənclik nəfəsi qalmış

arzularını, istəklərini...

Nədən sevgiyə qurban verdin

Azadlığının bakirəliyini...

İndi isə get...

Get... Payız qadın...

Sarıl özündən də böyük

payızın boynuna...

Qucaqla ömründən tökülən

acı illərin xəzanını...

Əlini son dəfə

apar qulağının dibinə...

Söylə taleyinin

sonuncu azanını...

 

Natamam gənclik

Yarım qalmış ümidlər, bələnib kədərinə,

Bilsən necə can verir, Tanrının dizlərində.

Sürüyərək çəkmişəm, xoş günlərdən əlimi,

Ağlamaqdan taqət yox, ölümün gözlərində.

 

Bir öpüş xoşbəxtliyə,

                        ac gəzir bədbəxt ruhum,

Sinəsində cəm olub, özü boyda kədəri.

Söyləyirəm qələmim,

                        yazmaqdan yorulmadın?

Bu natamam gəncliyi, bu natamam qədəri.

 

Yuxu tutur yolları, gecikir görüşümüz,

Sürünür baxışlarda həsrətlər dizin-dizin.

Buz tutmuş dodaqlarda o isti öpüşümüz,

Gəl də sil ürəyimdən kimsəsizliyin izin.

 

Batırma söz günəşim, işıq saçsın dünyaya,

Ümidsiz sevgilərin sabahına pay olsun.

Əzizlə söz bətnimdə, eşq dolu misraları,

Qaranlıq məhəbbətin zülmətinə Ay olsun.

Güclü qadın

Darıxır boğazımda sənsiz deyinən sözlər,

Can atır özlərini göstərib, nəql etməyə.

Hələ ki önümüzdə bir əsrlik ömür var,

Hələ ki bir ömürlük yolumuz var getməyə.

 

Nə yalanlar gömmüşəm taleyin məzarına,

Neçə yolda yıxılıb, neçəsində qalxmışam.

Yıxılanda torpağa qarışıb ümidlərim,

Cücərmiş ümidlərin çələngini taxmışam.

 

Zəif bilmə sən məni, mən ki, güclü qadınam,

Kəsə bilməz önümü uçurumlar, dərələr.

Qələmimi heç nəyə qurban etmərəm, şair,

Lap önümə dünyanın naz-nemətin sərələr.

 

Çağırır məni

Ruhum asılıb göydən,

Ölüm çağırır məni.

Haqqın yolunu kəsən,

Zülüm çağırır məni.

 

Qəmin gölündə batan,

Dərdinə dərdi qatan,

Ana bətnində yatan,

Dölüm çağırır məni.

 

Qədərə pərçim olan,

Qönçəsin erkən yolan,

Açılmamışkən solan,

Gülüm çağırır məni.

 

Taleyinə qor olan,

Yanıb, yanıb, qovrulan,

Yanmış bəxtdən sovrulan,

Külüm çağırır məni.

Payız qəlbim

Yarpaq tökümünü yaşayır qəlbim,

Bir-bir düşür sevdiklərim gözümdən.

Ən ağrılı dərd bu olar, yəqin ki,

İnsan küssə, nifrət etsə özündən.

 

Bütün dünya göz yaşında boğular,

Həyat qurar hər ümidə min tələ.

Hər gələn il ötən yaşdan soruşar,

Ölməmisən, yaşayırsan sən hələ?!

 

Həyat zindan, ömür qısa, gün hədər.

Yuxu-yuxu gəzdim ölüm qoynunu.

Söz qılıncım itilənsin bir qədər,

Vuracağam bədbəxtliyin boynunu.

 

Ünvansızlaşıram

Yuxu axır gözlərimdən,

Ömrümə zülmət toxuyur.

Xoşbəxtliyin itib iyi,

Daha bədbəxtlik qoxuyur.

 

Ruhum gəzir yolun üstdə,

Qırammıram qanadını.

Hey çırpınır son nəfəsdə,

Bərpa edir dayağını.

 

Xəyalına kölgə salan,

Kirpiyimdən də bezmişəm.

Sorağınla bu dünyanı,

Qlobus üstdə gəzmişəm.

 

Axtarıram yeri, göyü,

Hardasan ömrün çırağı.

Zülmətlərdə boğulduqca,

Ünvansızlaşıram axı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!