Səni xilas etdi sirli təbiət... - Əhməd Qəşəmoğlu

xalqımızın sevimli şairi Musa Yaquba

...Başına o dünyanın

kölgələri dolaşanda,

dostlar, doğmalar

kədərli-kədərli ağlaşanda...

qəlbinin kökləndiyi,

nəfəsinin gəldiyi düz-dünya,

o ilahi təbiət

karıxanda, çaşanda...

 

...Dağların dumanlandı başı,

buludlar axıtdı göz yaşı,

meşədəki ağaclar, çığırlar, otlar

bulaqlar, çaylar, daşlar,

bütün heyvanlar, quşlar,

dindilər dərdli-dərdli,

dindilər naşı-naşı...

səni ağladılar, Musa!

səni harayladılar, Musa...

 

...Yadındamı?

sən ölümlə çarpışanda,

kölgələrlə tutaşanda,

təpər gəldi ürəyinə...

bir vədə baş-başa verdiyin

palıd ağacları göndərmişdi...

...gözlərini aça bilmirdin bir dəfə

üzünü oxşadı bir meh...

heyran qaldığın

çiçəklərin nəfəsiydi...

nur yayıldı üzünə,

qəlbindən misralar keçdi,

sənə laylalar çalan

suların səsiynən...

başın üstən

dəstə-dəstə keçən ağ buludlar

dağların göndərdiyi məlhəm idi...

günəşin telləri dəstəmaz kimi,

ovuc-ovuc su kimi

səpirdi üz-gözünə o sirri.

səni çağırırdı bütün meşə -

ağaclar, kollar, yollar...

səni çağırırdı qara daş,

səni xilas etmək üçün

göyərirdi qara daş...

 

yerin-göyün duaları

aldı səni

kölgələrin əlindən...

Şükür! Yenə dillənir

öz şeirin öz dilindən...

 

Qəlbində bir işıq oyana bilsə

Toz-duman alanda hər bir tərəfi

Bir addım qabaq da görünmür gözə.

Amma ki, yaxında, bəlkə səninlə

İlahi bir aləm durub üz-üzə.

 

Bəlkə, qızılgüllər bürüyüb səni?

Bəlkə, min əlvanlıq, sehr içindədi?

Bəlkə də, dindirsən sən hər birini,

Görərsən hamısı eşq bürcündədi...

 

Hələ ruhdan salır səni bu duman,

Hələ itirmisən özünü, qorxma.

Qəlbində bir işıq oyana bilsə,

Sənə yol göstərər, dumana baxma.

 

Köklən kainata, ətrafı unut,

Köklənsin ahəngə qəlbin telləri...

Gör dinən nəğmələr hara çağırır?

Ordadı ruhunun doğma elləri.

Kimin qəlbi hayandadır, kim bilir?

Görkəmiylə Yer üzündə insanlar,

Kimin qəlbi hayandadır? Kim bilir?

Lap yan-yana, bir evdə yaşayanlar

Nə qədər yad, doğmadılar, kim bilir?

 

Qəlb doğmasa, çəkir insan insanı,

Qəlb hər zaman gəzir onu duyanı,

Duyan yoxsa, ögey görür dünyanı,

Küskün qəlbi kim dindirər, kim bilir?

 

Doğmalığa köklənmək bir nemətdi,   

Qəlbi dilləndirən nurdu, qüdrətdi,

Heyif ki, çox insan buna həsrətdi,

Belə ömür, bəlkə hədər, kim bilir?

 

Dünyadan küsmə hələ

Bu dövrandan küsmə hələ,

bizə də beləsi düşdü...

Hər dövran çətin tənlikdi,

həll etmək şərəfli işdi.

 

Kim desə bezdim dünyadan,

söz qəlbini titrətməsin,

qara-qura fikirləri

sənə tərəf gətirməsin...

 

Hər dövranın öz rəngi var,

hər rəngin də yüz çaları,

qoyma sənə diz çökdürsün

qayğıların ağrıları.

 

Əməlindi sənin adın,

əməlin haqdan gəlirmi?

Nahaq cövlan edən zaman

səsin-sədan yüksəlirmi?

 

Bu insan niyə yaranıb?

ahənglərə ahəng versin!

Ahəngi pozan insanın

gec-tez Allah verir dərsin.

 

Ömür o vaxt gözəldi ki,

dövran səni əzə bilmir,

qəlb dünyanda yaltaq, əyri,

nəhs adamlar gəzə bilmir.

 

Bu dünyadan küsmə hələ,

bizə də beləsi düşdü...

Hər dövran çətin tənlikdi,

həll etmək şərəfli işdi.

Quşların qarğışları

...Bu çəməndə

            çiçək çoxdu...

amma hələ ki şəfəqlər

qanqalın üstünə düşür...

Qanqal dibində ilanlar

bu təntənəyə sevinir,

nəşə içində sürünür,

gizlənirlər, xəlvət-xəlvət

ovlayırlar körpə, naşı

nəğmə oxuyan quşları...

 

Duman kimi

çəmənliyin üstünə qalxır

quşların qarğışları...

 

Gəl dövranın şəklin çəkək

Gəl dövranın şəklin çəkək...

bu dövran neçə rənglidi?

bu rənglərin hansı qəmli,

                        hansı gülər,

hansı çılğın, eşq əhlidi?

 

Gəl dövranın şəklin çəkək

xeyirlə şər davasında,

bu davadan səpələnən

çalarların qovğasında...

 

Dövran nədi? İnsanların

əməlindən doğan işıq.

İşıq var haqqa sevdalı,

işıq var nəhsə bulaşıq...

 

Zülmətlə nur savaşında

dövran bir döyüş meydanı,

dövranın hər bir anında

damla-damla şəhid qanı...

Gəl dövranın şəklin çəkək...

 

Məlakələr və heyva çiçəyi

Şıdırğı yağışın

döydüyü heyva çiçəklərini

xilas etmək istəyən külək,

bir pəncərədən aman diləyir

heyva ağacının budaqlarıyla,

            yarpaqlarıyla

hay-harayla...

 

böyük pəncərəni

     taybatay açan

          bir gözəl qızın

qucağına atılır heyva budağı...

qorxa-qorxa,

ümidlə baxır çiçəklər...

 

Karıxır qız,

günəşin karıxmış şəfəqləri içində...

karıxır yağış, itirir özünü...

sakitləşir...

göz yaşı kimi axmağa başlayır

bir an əvvəl

döydüyü yarpaqlardan...

 

Nə yağışın, nə heyva çiçəyinin,

nə küləyin, nə qızın

           xəbəri yox ki...

hansı məlakələrin

eşqi dillənir indi

ağappaq buludlar keçən

         mavi göylərdən...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!