Bir gün olacaq, bilirəm, ümidlərim çiçək açacaq... - Lütviyyə Əsgərzadə - şeirlər

Salam

Yenə ilk salam,

Kədərdən oldu.

Sevinc gəzirdim,

Gözlərim doldu.

 

Kədərlə mənim,

Haqq, salamım var.

Nisgili sevib,

Oxşamağım var.

 

Çox oldu qəmlə,

Yoldaş olduğum.

Onla dərdləşib,

Sirdaş olduğum.

 

Göz üstə tutdum,

Qəlbim ovutdum.

Vəfasız oldum,

Sevdim, unutdum.

 

Düşüncələr

Yağış yağır şıdırğı,

Tut ucundan göyə çıx.

İnad edir taleyim,

İstəyirsən, göyə çıx!

 

Ətəkdən uzun əlim,

Yenə səcdənə gəldim.

Dikilibdir ümidlə,

Yenə "O"na gözlərim.

 

Dərdləşirəm yenə də,

Sənsiz, sənlə hələ də.

Yenə dilimdə dua,

Yenə üzüm göylərə.

 

Külləmi oynayırsan

Mənə gülüm deyənim,

Gülləmi, oynayırsan?

Mən yanıb kül olmuşam

Külləmi, oynayırsan?

 

Bir gül idim, solmuşam,

Şaxta vurub, donmuşam.

Əl vursan, töküləcəm,

Paramparça olmuşam.

 

Külümə də od vurub,

Yandırmaq istəyirsən?

Dəyişmədin donunu,

Sən əvvəldən beləsən.

 

Nə sevgi var, nə istək.

Yadımdan çıxıb gülmək.

Kim dözər dərdə məntək,

Dərdləmi oynayırsan

 

Sona çatır deyəsən,

Bu dünyaya səfərim.

Çatacaq sənə nəsə...

Gileyim, lənətlərim.

Bu gecə

Bu gecə intizarın,

Yuxumu gözdən aldı.

Baxışlarım dikildi.

Pəncərənizdə qaldı.

 

Baxdım Aylı göylərə,

Göylər çiçək açıb, nə?

Bir sifariş yolladım,

Ulduzlardan, dedi, nə?

 

Yenə gülümsəyir Ay,

Yada düşür, ötən yay.

Yenə ulduz axdı, ay...

Mən ölsəm, bir denən, vay!!

 

Bir Ay ömrü yaşadım mən

Bir Ay ömrü yaşadım mən.

Bir üzü şən, bir üzü qəm.

Yandım-yandım, illərlə mən.

İsinmədim, oduma mən.

Bu bir yönüm, lap görünən.

Nələr görünməyən, bilsən...

 

Bir çay ömrü yaşadım mən.

Bulandım mən duruldum mən.

Axdım-axdım, sonum, hanı?

Deyəsən, lap yoruldum mən.

Su içdim, göz yaşı kimi,

Keçdi ömrüm bir su kimi.

 

Bir dağ ömrü yaşadım mən.

Dağ dözümlü, əzəmətli.

Qəm geyindim dağa bənzər.

Baxan dedi, a bəxtəvər.

Görünürsən nə şahanə.

Donun nə gözəl, nə gözəl.

 

Bir yel ömrü yaşadım mən.

Sovruldum göyə samantək.

Küləyə bənzər yar sevdim.

Bu sevgiyə oldu hədər.

Bumu yazı, bumu qədər?

Qəmi verdin, dağlar qədər.

 

Bulaq ömrü yaşadım mən.

Səssiz-səssiz axdım, yandım.

Kədərimi, nisgilimi, ələmimi,

Həsrət ilə sularına pıçıldadım.

Nələr çəkdi, nələr başım?

Axar su oldu, sirdaşım.

 

Səhra ömrü yaşadım mən.

Yandı susuzluqdan bağrım.

Gah ürəyim vurmadı heç,

Handan-gendən, oldu gec-gec.

Könlüm oldu qabar-qabar,

Qəlbim, qəmdən cadar-cadar.

 

Ağac ömrü yaşadım mən.

Görünüş, şahanə görkəm.

Yarpaqladım dərd əlindən.

Əyilmədim bir kəsə mən.

Ağzı dualı, şamantək.

Dayandım, üzü göyə mən.

Ay od, Ulduz pərvanə

Bir bəndə var göyün altda,

Gözləri göyə dikilib.

Yaxası açılıb göyün,

Ulduzlar yerə tökülüb.

 

Bu gecə göy yanır, nə?

Ay od, Ulduz pərvanə.

Ay söz verib dünən mənə,

Bu gün unudubmu, nə?

 

Yuxum qaçıb gözümdən,

Ayla söhbət edirəm.

Sevdiyim Aya dönüb,

Göyə çıxıb, görəsən?

 

Ay göz vurur, gülümsəyir.

Danışıram, o dinləyir.

Arxadan biri səsləyir;

Bu Ayda nə, görmüsən?

 

Yenə

Yığıb-yığışdırdım

ümidlərimi

aldım əlimə.

Gözümdəki sən adlı yaş

yuvarlanıb

töküldü üzərinə.

Hıçqırdı için-için

Qoşuldu

ürəyim də gözlərimə,

Kim dəymişdi, ürəyimə?

Bu ilk deyildi ki,

nə də son olacaqdı.

Sənsiz qalmış gözlərim

hələ çox dolacaqdı.

Milyonların içindən

səni görmək ümidiylə,

Eh...

hələ çox boylanacaqdı.

Yenə

söz keçmir ürəyimə,

Yenə

divan tutmuşam könlümə.

Ağrı sayrışır dodağımda

gülüş yerinə.

Uşaq könlü alan kimi

pıçıldayıram ürəyimə,

Heç nə umma,

Nə dünyadan,

nə ondan...

Yenə yaman dolmuşam,

dil deyib ağlayıram

ölmüş ümidlərimə.

itmiş gülüşlərimə...

 

Bəzi şeylərim var

Bəzi şeylərim var,

oxunmamış,

Məndən başqa

bir başqa əl

toxunmamış.

Sən haraylı, sən haylı,

Gözlərimin

sən adlı yaş payı.

Hamısı nisgil qoxulu,

kədər, qəm dadında.

Vəsiyyət edəcəyəm,

məndən sonra versinlər sənə.

oxumaq istədiyin

günlüyümü,

Ömrümün sənə anlada biləcək

hər anını, hər gününü...

məni anlatmaq üçün,

sənə tanıtmaq üçün,

Vəsiyyət edəcəyəm,

məndən sonra versinlər sənə.

Ən çox sevdiyim yaylığımı,

Saçlarımı daradığım darağımı,

Çox yaraşır dediyin bir paltarımı,

Köhnə məktublarımı,

onlara hopmuş hıçqırıqlarımı,

Başıma səpdiyin güllərimi,

üstündə nisgillərmi,

Və bir də çox sevdiyin əkslərimi.

Vəsiyyət edəcəyəm,

məndən sonra versinlər sənə.

Qoru onları gözün kimi,

Verdiyimə peşman eyləmə.

İztirab, təlaş və kölgən

Yenə sıxıntılar,

yenə həsrət və hicran

və sənsizlik qoxan dünyam.

 

Yenə ayrılıqlar,

yenə qarşıda qaranlıqlar.

Hər qaranlığın sonunda aydınlıq var.

 

Yollar kimsəsiz, tənha,

Gözlərim ümidsiz göylərdə

Yenə iztirab, təlaş, kölgən önümdə.

 

Yalnızlıq qoxan dünyamda,

Xatırlamaq istəmədiyim,

Xətirələrə möhtacam.

 

Bir gün

Bir gün olacaq, bilirəm,

Ümidlərim çiçək açacaq...

Yuxularım çin olacaq!

 

Bir gün olacaq, bilirəm,

Könlüm xoşbəxt olacaq...

Dodaqlarım güləcək!

 

Bir gün olacaq, bilirəm,

Sıyrılıb çıxacağam qəmimdən...

Qırmızılar geyəcəm.

 

Bir gün olacaq, bilirəm,

Silkinəcəyəm qəmimdən...

Yazacağam ancaq sevincdən,

 

Bir gün olacaq, bilirəm,

Gözlərimə dinclik verəcəyəm,

Qəhərə "əlvida" deyəcəyəm.

 

Bir gün olacaq,

Bilirəm.

Bir gün olacaq, bilmirəm...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!