Qadın olmaq istəyirəm bir daha... - Nuridə ATƏŞİ - şeirlər

 

Röya kimi məhəbbət

O axşam günəşin batışı bir röya kimiydi

Ulduzların doğuşu bir röya.

Durnaların səmada qatarlanması bir röya idi, sanki

Üfüqlərin həyalı gəlin kimi qızarması bir röya.

Və Ayın buludlar üzərində

mübhəm-mübhəm gülümsəməsi bir röya idi, sanki.

Sərvboylu, ürkək maralgözlü bir gənc

O gecə dənizdə çırıl-çılpaq röya kimi üzürdü

Dalğaların qucağında,

Ayın xəfif işığında röya kimi süzürdü.

Yakamozlar üsulca vücuduna toxunduqca

Gah sularda qərq olur,

Gah bir çüt göz od saçırdı ləpələrin xırçın qoynunda

Və mən sahil qayalığında bir əsrarəngiz röya içində

sırılsıklam aşiq olurdum.

Amazonun daş ürəyi xəfifcə yuxalanırdı

                                    qayaların sərt lövhəsində.

Sonra dalğalar qolları üzərində o maralgözlü gənci

Atəşlərdə qovrularaq gözləyən qollarıma uzatdı

uzaqlaşdı getdi, çəkildi sahildən.

Röya kimi bir məhəbbət yaşandı

                                    o gecə qayaların arasında

Röya kimi bir məhəbbət...

 

Bir gün

Şəhərimiz böyük deyil o qədər

Qəfil çıxacaqsan qarşıma bir gün.

Küçələr səbirli deyil mən qədər,

Səni bitirəcək önümdə bir gün.

Qəfil çıxacaqsan qarşıma bir gün.

 

Hələ gözlərimdə həsrət ölməmiş,

Hələ ürəyimdə sevgi sönməmiş,

Hələ üzüm səndən tamam dönməmiş

Əlbət yetər hökmüm özümə bir gün,

Qəfil çıxacaqsan qarşıma bir gün.

 

Qürurla duracam qarşında sənin

Gözüm qaçmayacaq gözündən sənin

Esib donmayacam buzundan sənin

Heyran qalacaqsan gücümə bir gün,

Qəfil çıxacaqsan qarşıma bir gün.

Sarılsan, "dur" deməyəcəyəm

Get,

Dönmə,

dur,

sevmə məni.

 

Hələ əllərim əllərinə,

gözlərim gözlərinə

barmaqlarım tellərinə,

ruhum ruhuna

vücudum vücuduna alışmamış,

sarılmamış, isinməmiş.

Hələ yaşaya bilərik sən mənsiz,

mən sənsiz.

 

Hələ unuda bilərik,

söküb ata bilərik qəlbimizə düşən

"Gecikmiş eşq toxumu"nu.

Cücərmədən, böyümədən,

kök salmadan dərinlərə.

 

Gəlmə,

get uzaqlara

sevmə məni.

Gəlsən, "gəlmə" deməyəcəm,

sevsən "yox" deməyəcəm,

sarılsan, "dur" deməyəcəm.

Gəncliyindən, gözəlliyindən,

şuxluğundan, saflığından,

vaz keçməyəcəm,

sənə "get" deməyəcəm.

 

Olur-olmaz düşünmədən,

hüdud-sərhəd tanımadan

yasaq-tabu bilmədən,

səni çılğınca, xırçınca,

doymazcasına,

ölürcəsinə sevmək istəyəcəm.

Bu imkansız sevginin hər gününü,

hər anını səninlə

qorxusuz, ürküsüz, sonsuz bir atəşlə,

ehtirasla yaşamaq istəyəcəm.

 

Hələ gec deyil,

Dur deyə bilərəm hələ,

özümə, sənə

gəlmə deyə bilərəm.

Get,

çıx get uzaqlara,

dönmə

sevmə məni.

 

Heyhat, gəlsən,

"gəlmə" deməyəcəm.

sevsən "yox" deməyəcəm,

sarılsan, "dur" deməyəcəm...

Deməyəcəyəm,

Deyə bilməyəcəyəm.

Gəl eləysə!

 

Məzəmmət eləmə belə

Bilirəm, mən səni sevməməliydim,

Sən özgə qisməti, sən özgə payı.

Bilirəm, mən səni sevməməliydim,

Sən özgə taleyi, sən özgə baxtı.

 

Bilirdim qınaqdır səni sevməyim,

Bilirdim yasaqdır səni sevməyim,

Bilirdim, əzabdır səni sevməyim,

Bilirəm, mən səni sevməməliydim.

 

Məzəmmət eyləmə, bilirəm özüm,

Böyükdür günahım, görürəm özüm.

Zülmlə öldürmə, ölürəm özüm,

Bilirəm, mən səni sevməməliydim.

Qadın olmaq istəyirəm bir daha

Son dəfə nə zaman qadın olmuşam?

Nə vaxt idi son dəfə yataq otağımda şam yandırdığım?

O ipək gecə libaslarım hardadır görən?

Son dəfə nə zaman balıncımdan başqasını qucaqlamışam?

 

Haçan idi o xoşbəxt gecə

bir geniş sinəyə sarılıb yeri-göyü unutduğum?

Sevdiyim bir erkəyin qollarında

            dünyanın ən xoşbəxt qadınıtək uyuduğum,

Qoxusuyla, nəfəsiylə sabahı birgə açdığım

Nə zaman idi?

 

Əsrlərmi, qərinələrmi keçdi üstündən,

Allahım, son dəfə nə zaman qadın olmuşdum?

Nə zaman qoxlanmış,

əzizlənmiş, sevilmişdim?

 

Deyirdim baharım bitdi artıq.

Sevgi çəmənim soldu.

Qadınlığım dondu,

Ömrümə sondu…

 

Hardan peyda oldun qəfil?

Əsrlərimi, qərinələrimi geri gətirib gəldin?

Baharımı payızın əllərindən necə qoparıb götürüb gəldin?

Donum açılır, sanki

və həyata yenidən başlayıram.

 

İpək gecə libaslarımı künc-bucaqdan

tapıb çıxarıram.

Aynada həsrət dolu gözlərimə

ümidlə baxa-baxa,

şamları yenidən düzürəm yatağımın başına.

Ah, görəsən, qadın olacağammı bir daha?

 

Ümid

Özüm söyləməsəm də,

sevdiyimi duyursan.

Həsrətimi dilə gətirməsəm də.

yandığımı görürsən.

 

Gözlərinə baxa-baxa

Dərdimə dərman deyib

Diri-diri öldüyümü bilirsən.

Vüsalına qovuşmağa bir ümid ver,

Ümid, sən!

 

Mil gəzirəm gözlərimə çəkməyə

Mil gəzirəm gözlərimə çəkməyə

Duya bilməyəsən onun halını.

Üz-üzə gələndə, onu görəndə,

Görə bilməyəsən göz yaşlarını.

 

Mil gəzirəm gözlərimə çəkməyə

Yoxsa artıq onunla bacarmaq çətin.

Daha gücü qalmayıbdır dözməyə,

Duyub duyulmamaq çətindir, çətin.

 

Mil gəzirəm gözlərimə çəkməyə

Yaralı quş çox yaşamaz onsuz da.

Yoluna baxmaqdan, hey ağlamaqdan,

Geci, tezi kor olacaq onsuz da!

 

Mil gəzirəm gözlərimə çəkməyə

Qoy çəkim ki, yoxluğunu görməsin.

Qarşısından özgəsiylə keçirsən

Mil çəkim ki, keçdiyini bilməsin.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!