Ay könlümün Sən yeri! Barmaqlarım titrəyər saçında dilim-dilim... - İradə Aytel - şeirlər

Savabdan huzur edən

Günah boyda diriyəm.

Elə ağlat, İlahi,

Ağlat, bəlkə kiriyəm.

 

Dövrəmdən mövlam uzaq,

Hücrəmdən laylam uzaq,

Cənnətdən xeylam uzaq,

Cəhənnəmdən bəriyəm!

 

Sinəm Məhəmməd dağı,

Əməlim Sur tufağı,

Dirilərin qınağı,

Ölülərin sirriyəm!

***

Aman Allah, bu gecə

Çarmıxa çəkilirəm!

Çölümə ilmə düşüb,

İçimnən sökülürəm!

 

Bircə ağ gün dərmədən,

Yazım qışa girmədən,

Payızım bar vermədən,

Torpağa tökülürəm!

 

Arzular oyuq-oyuq,

Adamsız evim soyuq!

Kəfən biçənim də yox,

Dərdimə bükülürəm!

***

Günah işləyəsən xirtdəyə qədər,

Tutunub çıxmağa yer də qalmaya!

Bütləri sındırıb, qan eləyəsən,

Arzu bağlamağa pir də qalmaya!

 

Mələklər hər yana salalar soraq,

Savab axtaralar əllərdə çıraq.

Göy yerə tökülə, hey varaq-varaq,

Nə "Quran", nə "Zəbur" sirr də qalmaya!

 

Öləsən, bir əsgər qoşunnan çıxa,

Əməl qul Əcəlin huşunnan çıxa,

Allahın tüstüsü başınnan çıxa,

Qanın bu qadalı yerdə qalmaya!

***

Bilsəm, bir axşamçağı

Qayıdacaqsan mənə

Acıq verib ömrümün

                        səni məndən qoparan

Baharına, qışına

Sevincimi şərabtək qaldıraram başıma!

Dolanaram başına!

 

Bilsəm, bir axşamçağı

Qayıdacaqsan mənə

Səni

"Vaktindən çok sonra gələn

Sevdalı yagmur kibi"

Sıxaram ürəyimə.

Yanmaram diri-diri,

Ay könlümün Sən yeri!

Barmaqlarım titrəyər saçında dilim-dilim

Kösöy olar ağzımda, kösöy olar lal dilim

Bircə kəlmə "ah" çıxar sinəmdən

ən sonuncu səs kimi

rəqs edərik durmadan

rəqs edərik can geyər

pəncərələr önündə

"kurumuş çiçekler" de.

Yeni bir nəfəs kimi.

Bilsəm, bir axşamçağı

Qayıdacaqsan mənə

Gözlərimin nurunu

Düzərəm yollarına

Süfrəmdəki şam kimi

Bilsəm, bir axşamçağı

Qayıdacaqsan mənə

Geyərəm sevincimi

O gecə geyindiyim

O bəmbəyaz don kimi.

 

Bilsən...

Bilsən, necə həsrətəm

Necə həsrətəm sənə!

İçimdə bir ad

Adımı çəkmə deyir!

O adı sıxmaqdan

Dişlərim ağrıyır,

Dilim göynəyir,

İlahi, niyə dar edirsən

Geydirdiyin bu köynəyi?!

Bir müqəddəs çəməndə,

Yaralı, uralı bir ağac kötüyünə

Söykənib

O adı hayqıracam!

Göylərin naləsi -

Göylərin göz yaşlarının səsi

Səsimə qarışacaq,

Sən bizə açacaqsan bir çəmən qucaq...

Ona şeir söyləyəcəm

"Gəl, sənə bir nağıl söyləyim,

O nağıl ömrümün noğulu idi..."

İlahi, necə susduracaqsan

İçimdəki bu göynəyi?!

İçimdə bir od

Odumu çəkmə deyir!

Torpaq altında havasız qaralan

Budağam,

Ağacam,

Kötüyəm,

Dağ-dağam!

Və...

Çəmənində Pir olacaq

Kömür-kömür vücudum.

O Pirə tapınacaq

günahı olanlar,

gunahdan qaçanlar.

O Pirdə yaşayacaq

Onun dilində

Qədəhlənən adım.

Arzu bağlayacaqlar

Arzusu bağlı qalanlar

O Pir olan, bir olan ağac vücuduma.

İlahi, necə öldürəcəksən,

Bu taleyi döyənəyi?!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!