Tanrının qismətindən uzaq qaça bilmərik... - Valeri Latınin

 

Valeri Anatoliyeviç Latınin (1953) şair, yazıçı, publisist. Rostov vilayətinin Konstantinovsk şəhərində anadan olub. Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Hərbi jurnalistdir. Əsərləri "Bayraq", "Müasirlərimiz", "Moskva", "Gənc qvardiya", "İşıq", "Roman-qazeta", "Dəyişmə", Dostluq", "Sibir işıqları", "Don", "Tələbə meridianı", "Poeziya", "Qəhrəmanlıq", "Poeziya günü", "Literaturnaya qazeta", "Həqiqət" və s. mətbu orqanlarda çap olunub. Rusiya Yazıçılar Birliyinin üzvüdür. Milli Ədəbiyyat Şurasının sədridir. Rusiya, Serbiya, Çernoqoriya, Ukrayna, Bolqarıstan və Azərbaycanda şeir və hekayələri, publisistik məqalələri, bədii tərcümələri də daxil olmaqla 37 kitabı çap olunub. Rusiyada və eləcə də bir çox başqa ölkələrdə ədəbi mükafatlara layiq görülüb.

Səxavət

Səxavətli paylayandır varını,

Bölüşdüyü paydan əvəz gözləməz.

Ərməğandır hər şeyi - sevgisi də

Bu daxili zənginliyə yox əvəz.

 

Verən əli heç nə ummaz onların,

Borc dəftəri tutmaz belə adamlar.

Heç kimsədən diqqət, sevgi gözləməz

Acgözlüyə, təkəbbürə yad olar.

 

Bəxtəvərlik bilər yardımlaşmağı

Sanki Yerdə gəzən mələkdir onlar.

Yolumuza işıq saçar səxavət

Hər zülmətin nurlu bir qənimi var.

 

Ulduzlu gecə

Xəzər qovur qoyun sürülərini

Sahildəki qamışlıqda yatsınlar.

Oyandıqca, sayrışdıqca ulduzlar

Alovlanır gəzmək eşqi, arzular.

 

Yuxu gəlir gözlərinə şəhərin

Bir-bir sönür evlərdəki işıqlar.

Bütün kobud fikirlərdən arınır,

Ürəyimə qanad taxır buludlar.

 

Görən niyə xəyal qurmaq şirindir?

Elə bil ki, yenidən gəncləşmişəm.

Açıldıqca ürəyimdə düyünlər

Bilirəm ki, burda mən sevilmişəm.

 

Bir-birinə sevgi töhfəsi sunub

İki könül alışmışdı burada.

Nə boranlar mane olar, nə çovğun

min illərin külü ilə qorunan

ürəklərdə alışmış bu alova.

 

Cənubdan qayıdış

Mən Günəşlə uçub gəldim Cənubdan,

Nur çiləmək üçün yurdumun sinəsindəki qara.

Amma könlüm hələ də boranlara vətəndir

Duyğular da ötürür çovğunlu sabahlara.

 

Cənub necə də şəndir, necə də qayğısızdır,

Payız yarpaqlarıyla süpürülür dərd, kədər.

Orda hökm sürdükcə faniliklə zəriflik

Mahnılar da xüsusi incəliyə köklənər.

 

Vətəninsə səması qaşqabaqlı və tutqun.

Hələ uzun sürəcək qışın hökmranlığı.

Kaş bir günəş görəydi bu qalın qar örtüyü,

Yandırıcı şəfəqlər oxşayaydı torpağı.

 

Gücüm də buna çatır - qorxuduram sözümlə,

İsti-isti müjdələr qənimidir sazağın.

Ən sərt şaxtanın belə yaza qədərdi ömrü,

Günəş öpmüş bir qəlbin sözləridir bu, inanın.

 

Buxarının önündə

Köhnə təqvimlərimin yandırdım vərəqlərin

Buxarıdan boylanır alışan günlər, aylar.

Amma yenə bu ömür əbəs yaşanmayıb ki,

Hər şeyi tüstü bilib uda bilməz bacalar.

 

Evdir tikmişəm çoxdan, bu da isti buxarı,

Bağ-bağatım bəhərli, övladlar da böyüyür.

Saç-saqqal ağarsa da üzülmürəm, eybi yox.

Nəslin uğurlarını uşaqlar da ötürür.

 

Kitablarım boylanır divardakı rəflərdən,

Mən hiylə qatmamışam sözlərimə yazanda.

Bilməsəm də gələcək aqibətlərin yenə,

Utanmaram gözlərim hər rəfə sataşanda.

 

Bir də hər şey həyatda məndən asılı deyil,

Amma bir çox şeylərin səbəbkarı da bizik.

Səhər durub günümün taleyini çızsam da

Tanrının qismətindən uzaq qaça bilmərik.

 

Buxarıda alovlar.... Qoy yansın. Ürəyimdə

yanan günlərə görə nə qəm, nə iztirab var.

Yeni-yeni təqvimlər gələcək ömrümüzə

Qismət olsa, orada nəvələr də yer alar.

 

Saz

Maşallah Məftuna və

Ədəbiyyat İnstitutunda çalışan

digər azərbaycanlı qardaşlara

 

Bəxtim bəxt axtaranda, gülməyəndə ümidlər,

Dərd-sərimin yükündən ağırlaşanda çiynim

Qarışıb saz səsinə dirilir xatirələr -

Dostlar düşüncə yada, rahatlaşır ürəyim.

 

O dili bilməsəm də qəm yemirəm, əzizlər,

Ruhunuzun səsini eşidirəm, bəsimdir.

Bulaq kimi çağlayan o sehrli səs mənə

Tərcüməsiz də xoşdur, qiymətlidir, həzindir.

 

Yada düşür balaca tələbə otaqları,

Süfrəmiz balacaydı, ürəyimiz genişdi.

Bilirdik ki, çəkilməz yük verməz heç vaxt Tanrı,

Üzümüz təbəssümlü, ümidimiz bol idi.

 

Qafqazın və Xəzərin dəyərli oğulları,

Dostluğumuz həmişə isidəcək qəlbimi.

Mən o sazın səsini eşidirəm hələ də

Dostluğun, xatirənin, ümidin səsi kimi.

Tərcümələr Günel Şamilqızınındır

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!