Ailə fotosu... - İrina Kovalyova - şeirlər

 

İrina Vladimirovna Kovalyova (1964) şair, tərcüməçi, jurnalistdir. Rusiya Tərcüməçilər İttifaqının bədii tərcümə seksiyasının rəhbəri, Moskva Yazıçılar İttifaqının və Mərkəzi Ədəbiyyatçılar Evinin (MƏE)  Yazıçılar Klubunun  üzvüdür. "Dördüncü Troya", "Qeysər kəsiyi", "Dünyanın düzəni", "Hospitaler Ordeni", "Terra İtalica", "İynəcələr ölkəsi", "Yaddaş xəritəsi", "Liturgiya körfəzi", "Bu gün mən ləpələrin rəsmini çəkəcəm" şeir kitablarının müəllifidir. Rusiyanın və bir çox əcnəbi ölkələrin ədəbi mükafatlarını alıb, nüfuzlu xarici ədəbiyyat və sənət təşkilatlarının üzvüdür.

Ağ beretli qız

Kəşfiyyatçı qız - nənəm

Mariya Qriqoryevnanın bacısı

Yevdokiya Qriqoryevna

Fedorçenkonun xatirəsinə

 

Taleyin dəhşətli cəbrinə bu qız

Bütün görnüşüylə hazır deyildi.

Otuzlu illərin dəbində dümdüz

Başında ağ rəngli beret gəzirdi.

 

 Nazikdi, zərifdi saptək qaşları

 İstiylə doluydu  gül baxışları...

 Öz kiçik balasın böyük nənəmiz

 Dusenka səslərdi:  "Hardasan, ay qız?!

 

Mənim gözəl qızım, balacam, ballım,

Səni çox sevirəm, yanağı allım...".

Sonbeşik hamıdan əziz olardı,

Onun da qızımtək yanağı xallı.

 

 Üzündə nə ənlik, nə kirşan yağı,

Saçı da yalançı buruq görmədi.

Bu qohumluq bağın, bu oxşarlığı

İllər soldurmadı, heç itirmədi.

 

Bu yaman dünyanın savaş oyunu

Hələ bitməmişdi, bir ili vardı:

Hərbi təzim ilə, top atəşilə

Yazda dəfn etdilər beretli qızı.

 

Budağı çətirli qovağın altda,

Hardasa sahildə, Simferopolda.

Yeri dəqiq deyil, çox vaxt keçibdi,

Bircə dəqiq budur: yaş iyirmi beşdi.

 

Bizə damğa basan, bizə dağ çəkən

Yalnız bu xəbərlər qalıbdı indi:

"Ona Zoya kimi əzab veriblər,

Onu yandırıblar Janna Dark kimi".

Tərcümə Səlim Babullaoğlunundur

***

Sonuncu paraqrafda,

Yekunda, yəni son nöqtədə

Artıq etiraf edə bilərik -

Qapının ağzını kəsdirib

Qış.

Amma

Yazın göy qurşağı

Hələ ki isidir kürəyimizi,

Elə bil qış

gəlib çıxmayıb, mənimlə deyil indi.

İynəcələr də mənə

Solğun çəməndən keçib,

Şehə batıb yürüyüm deməyib,

Burda ayıpəncəsi

İtiribdi başını,

Eşşəkarısı

Bürküdən ayılıbdı.

Bu kövrək səhər isə

Təskinlik aramır heç,

Xəbərsizdi hər şeydən -

Müdriklikdən,

Süleyman padşahın uzaqgörənliyindən,

Üzüyündəki yazıdan.

Bilmir ki,

Bir gün bu da keçəcək,

Yaradanın Evində

Əbədi yaz olanda...

 

Ailə fotosu

Atamın pencəyinin yaxasında

rombşəkilli nişan,

içində ilan,

nənəm kənara baxır

yarıdönmüş halda.

Necə oldusa fotoatelyeyə gəldik,

Bütün ailə - hamılıqla. 

Gəldik ki, ağ-qara şəkil çəkdirək.

Mən bilirəm anam özü

çox zərif yundan -

hə, həm də gözoxşayan rəngdə, qövsi-qüzehdir sanki,

hardansa müftə tapdığı yundan,

indi əynindəki donu toxumuşdu.

Burda o, lap cavandır,

fotoaparatın obyektivinə baxır.

Mənim dörd, onun iyirmi yeddi yaşı var,

hələ kiçik qardaşım gəlməyib dünyaya.

Babam da yoxdur - müharibədə ölüb,

arvadı, oğulları göz yaşları axıdıb.

Ancaq mənə elə gəlir hələ də

arxamızca baxır.

Hiss edirəm ki, göylər boş deyil heç də,

mənə başqa cür deyildiyinə rəğmən.

Tanrının mələklərinin səsi gəlir

başımın üstündə - hər zaman və hər yerdə...

Fəsəli həftəsi

Bütün mübhəm,

qeyri-müəyyən vəziyyətlərdə:

İnciklik və günahlarda,

Ən gözəl kremasiya diləkləriylə

fəsəliləri sobaya göndərirəm.

Vodka dadızdırmıram,

Bir qırıq halva qatıb da dada gətirmirəm

Dərdi...

Qızıb köz-köz olmuş tavayla

Üstünə gəlirəm sənin.

Hətta soyuqlasa belə,

Virusla qovğa başlar

Arasına bal sürtülən cuna

İpisti fəsəlilər.

Qəfil xəstəlik gəlsə

Fəsəli var, fəsəli.

Nənəm bunu bulkalarla edərdi,

Heyif, reseptini unutdum.

Tərcümələr Cavanşir Yusiflinindir

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!