Bilirəm hər yolun sonunda sənin atəşli sinənə baş qoymaq vardır... - Sergey Qlovyuk

 

Sergey Qlovyuk (1958) Almaniyanın Drezden şəhərində anadan olub. 1 il sonra valideynləri ilə Rusiyaya qayıdıblar. Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Şeir yazmağa məktəbi bitirəndən sonra başlayıb. Şeirləri mütəmadi olaraq "Literaturnaya qazeta", "Moskva", "Yunost" və Rusiyanın başqa tanınmış mətbu orqanlarında çap olunub. "Bir içimlik"(1991), "Dönüş nöqtəsi" (1997), "Qədim sikkə" (2008) şeir kitabları çap olunub. Makedoniya, Serbiya , Rumıniya, Polşa , Slovakiya və Çexiyada kitabları nəşr edilib. Bir çox rus və əcnəbi ədəbi ("Qızıl qələm", "Orrient-Ossident", "Povele Morava") mükafatlara layiq görülüb. Rusiya Yazıçılar Birliyinin üzvü, Makedoniya, Serbiya və Çernoqoriya Yazıçılar birliklərinin fəxri üzvüdür. Hal-hazırda, "Əsrdən əsrə. Ədəbi əməkdaşlıqlar" almanaxının redaktorudur. Moskvada yaşayıb yaradır.

***

Gözəl bahar, səsin gəldi, nəhayət,

Tez ol, dağıl qışdanqalma çən, duman.

Parlaq günəş isidəcək səmanı

Göy qanadlı Mart da oyandı, ay can!

 

Daşın, çaylar, söyüdləri isladın,

Qoy sevinsin, şirələnsin ağaclar.

Bu səs-küyün əgər fərqindəsənsə,

Demək, dostum, sinən altda ürək var!

***

Çağlayan çay, küknarlar, qumlu sahil

Hələ o dik yamacların yovşanı

Rayihəsi çəkilməyib ovcumdan

O tünd qoxu sərxoş edir adamı.

Qızaran dan yeri maviyə çalar,

Oyanıb xışıldar yuxulu zəmi.

Torpaq xilas olar dərddən, ələmdən

Çəkib ciyərinə yovşan ətrini.

Az qalıb, tezliklə yetişəcək qış

Yenə künc-bucağa doluşacaq qar.

Əzəl yatağından qurtulub, qaçıb

Çölə hay salacaq o dəli çaylar.

Qəhər də bir yandan boğar-boğmalar

Yenə çarəsizlik əyər belimi.

Sıxmışam başımı ovuclarımla.

Bir yovşan qoxusu sağaltsın məni.

***

Hane Todorovskiyə

Dəniz köpüklənib haray qoparır,

Gahdan sığallayır sahil qumların.

Bu qayığın yolu Şərqə sarıdı,

Coşur damarlarda, qaynayır qanın.

 

Sahildən get-gedə uzaqlaşır o,

Hara gedəcəyi bəllidir çoxdan.

Ulduza qərq olub dəryanın bağrı,

Hər ulduz bir yoldur - gəmilər azan.

 

Uzaqlar uzaqda qalır üzdükcə,

Yarıb dalğaları irəli varaq.

Tanrım, peyğəmbərim, nicatverənim

Hifz edin bizləri, aman, batmayaq.

***

Qaş qaralır yenə səssizlik çökür,

Durulur torpağın göz yaşı - çaylar.

Payız öz səmasın ram edir yenə,

O parlaq, zəhmli, fateh baxışlar.

 

Kirpik də çalmadan, bir səs duymadan

Bir fani girdabda keçər gündüzüm.

Gecəsə üzümü göylərə tutub

Baxdıqca baxaram, yorulmaz gözüm.

 

Bədirlənmiş Ay da həmişəkitək

Nuruyla dağıdar qatı zülməti.

Bilirəm, nə vaxtsa səda gələcək

Gələcək ki, vaxtdır, adla o səddi!

***

Bu qəfil başlanan yağışın altda

Kilidli ləblərin donu açıldı.

Bəlkə də, yenidən xətt çəkək, getsin

Keçmiş əyaların məlalı, xıltı.

 

Asfaltı yumşaltdı, torpaq topasın

Dağıtdı şiddətli sel axınları.

Zəfər bayraqları bəzəyir bəlkə

Hardasa bəxtəvər uzaqlıqları.

 

Şəhərsə yatmayır, yeraltı "tuluq"

Axıdır bətnindən acı şirəsin.

Köhnə qalxanların yazısı gedib

O məhzun sözləri oxumaq çətin.

 

Yarım əsr çovğun, yarım illik qar

Yox oldu bir isti ümid doğunca.

Və səsi tutulmuş, qayğılı aprel

Dingildəyir yaz nəğməsin duyunca.

 

Gəl sənə danışım dərin çatlardan

Otağıma sızan incik küləkdən.

Qarğış da kar etmir başıbatmışa

O özü də bezib acizliyindən.

 

Köhnə arx, təzə nırx, dəyişib oyun

Qayda: Azmış ruhu girov qoymalı!

Və onu pozmağa cürət eləsən

Başqa bir dünyanın yolun tutmalı...

 

Bu tor-tələ necə möhkəmdi, Tanrım,

Nə qalxa, nə yırta bilərəm artıq.

Hava da bir yandan! Deyir, al sənə,

Bunu istəyirdin? Bu da Azadlıq!

Tərcümələr Günel Şamilqızınındır

Amansız küləkdə, dəli həyatda

Səninlə bir oyun başladıq ki, biz

Axırda getsən də ölmədim, hətta

Mən getdim - oyuna davam etdiniz.

 

Bax belə, gülməli bir oyundu bu:

Hər gün gündoğandan-gündoğanadək.

Kim ürcah edibdi, nə oyundu bu?

Qaydası naməlum, lap son anadək.

"Sevir-sevmir" deyə yaşadıq guya,

Hamımız uduzduq, qazandı dünya.

***

Təbəssüm dartıbdı yanaqlarını,

Zərif titrərti var barmaqlarında.

Necə anladasan bu nədi axı:

Düşkünlük, ya yanlış, bəlkə səhv, xəta?!

 

Bumbuz bir baxışla, qıyılmış gözlər

Bəbəyin aynası baxır hədəfə.

Sən demə, çoxdandır gözləyir güllə

Tərpənir, dillənir, uçur o səmtə.

 

Kolluqda diksinir dişi canavar,

Budaqdan yıxılır bir ətcəbala.

Kor qurşun uçuşda, gəlir havadan

Bu dəfə dünyaya ölüm və bəla.

***

Gör necə parlaqdır, hirslidir alov,

Kül də necə yüngül, rəngsiz, bozarıb.

Budur dəli külək ov eləyir, ov:

Köhnə yaraları əzib, qoparıb.

 

Yaşanmış o səsli-küylü ömürün

Qarsıb çiçəyini gömür torpağa,

Tonqalın rəqs edən gülləri görün

Şaman kimi necə gümrah, oynağan.

 

İtidir alovun, dili itidir,

Qəlbində nə varsa dilində odur.

Susmuş yaddaşımı, sanki dindirir:

Deyir əvvəlin də, sonun da oddur.

 

Qədim kahalarda sirli qaraltı -

Gedir əskilərə fikrim, xəyalım.

Qışqırıq, hay-haray, dəli ulartı -

Kim anlar ruhlarla bu həsbi-halı?!

 

Bəzən hiyləgərsən mindilli alov,

Cəldsən, bilinməzsən, sirlisən necə!

İstinlə bərabər duyulur ah-uf,

Qıvrılan kölgələr dinir bu gecə.

 

Ən uzaq, ən məchul ulduz imişsən,

Həm qaynar, həm də ki bumbuz imişsən,

Yanıb-yandırmağın sirrinmiş sənin -

Əyri dillərinlə sən düz imişsən.

 

Bilirəm hər yolun sonunda sənin

Atəşli sinənə baş qoymaq vardır,

Atıb libasını günahın, səhvin

O isti qoynunda uyumaq vardır.

Tərcümələr Səlim Babullaoğlunundur

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!