İnsanın harayı... - Fikrət Qoca - şeirlər

 

Anam bu Yer Kürəsidir,

Beşiyim, qəfəsimdir.

Hələ bu da bəsimdir.

Ağlım sənin verdiyindir,

Səsim sənin səsindir.

Avstraliya yanan zaman

Mən də burda yanmışam.

Burda göyə buxarlanıb

Orda yerə dammışam.

Yağış olub yağmışam.

Yer Kürəsi vətənimdir,

Yerdə nə var mənimdir.

Anam bu Yer Kürəsidi

Ağlım yatıb,

Səsim batıb

Gücüm çatmır vurhavura,

Qırhaqıra, athaata,

Səsim çatmır kainata...

Köməyim ol, ey Yaradan!

Köməyim ol, ey Ata!!!

22.01.2020

 

Ötən günlər

Ötən günlər, ötən illər

Arxamızca baxan əllər

Açan güllər, solan güllər

Xatirəyə dönər, yaşar.

 

Gedənlər öndədir, öndə!

İnam var imanda, dində

Hər bayramda, əziz gündə

Ruhlar yerə enər, yaşar.

 

İş qalanda vaxta, baxta,

Tənha qalsan bir otaqda,

Ürəyin kövrələn vaxtda,

Xatirələr dinər, yaşar.

 

Ömür nələr görür, nələr,

Qəlbində bir quzu mələr...

Uzaq-uzaq xatirələr

Gələr səni dinlər, yaşar.

23.01.2020

 

Allahım, bir çarə qıl

Allahım, salla kəndirini

İbrahimi,

Musanı,

İsanı,

Məhəmmədi - İnsanı...

Çıxart özlərinin qazdığı quyudan.

Göy uzaqdı,

Yer ağzına düşəni udan...

Dəcəldir, gözəldir,

Hələ körpədir insan.

Çarə yoxdu, özün yaratmısan,

Silahdan, oddan, sudan,

Gərək özün də qoruyasan.

Allahım, and olsun böyüklüyünə,

And olsun verdiyin bu gözəl günə,

Kinini qəlbindən alsan,

İnsan!

Mələkdir.

24.01.2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!