Adamlar dəyişir havalar kimi - Əlisəmid Kür - ŞEİRLƏR

Mən büllur külqabıyam
Hərracda satılacam
bir azdan

Taleyi çat atmış
büllur bir şairin
çat atmış büllur külqabısı
satılacaq hərracda.

O nakam şairin
nəyi var - bölünüb,
nəyi var - satılıb
                       bir az aşağı,
                       bir az yuxarı.
Ömrün payızında
onu satdı arvad-uşağı.

Mən büllur külqabıyam -
Məni satan qazanacaq,
məni alan sevinəcək…

Mən - şahidəm.
Əldən salsalar məni
çilik-çilik olacam.

Mən - şəhidəm!
Kül acıyam.
Yanmış əlyazmaların
kül qoxusu var canımda.

Mən büllur külqabıyam.
Məni ortaya qoyub
           satacaqlar hərracda.
Bir mən satılacam,
bir də satılacaq
qəm çəkmiş şairin
toz basmış,
nəm çəkmış əlyazmaları.

*  *  *

Nə atmısan özünü
həsrətin qucağına.
Leysan yağışı düşüb
könlünün ocağına.

Fələk səni qarğıyıb
özü düşüb həvəsdən.
Canında bir qorxu var -
canın çıxır qəfəsdən.

Sənin qayğına qallam,
Ey əlahəzrət zaman.
Ürəyim bombolomboş,
Salam, boşluğa salam.

Sən - dərzi qız …

Ömrü parça-parça dağılmış,
misraları yetim,
           balaları dərbədər.
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın,
                       dərzi qız?..
Baxıb bu dünyaya
nəğmələr oxuyurdun,
təzə-təzə söz tikirdin
köynəklərin yaxalığına.
Ürəyində ev tikirdin,
                ev qururdun
                       yalqız-yalqız
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın,
                     dərzi qız?!
Mənə çox şeyləri öyrədib şəhər,
qızdırma içində,
                “narkoz” altında.
Mənim ürəyimin çiçək yerindən
bir kafe sökülüb “Nərgiz” adında.

Sən ki, ürəyində ev tikirdin,
           ev qururdun yalqız-yalqız.
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın, dərzi qız?..

İndi buyur,
dağılan taleyi təzədən qur.
Ömründən təzə parça kəs,
                        cala ömrümə.
Həsrətimi qayçıla,
                 dərdlərimi yama.
Mən yalquzaq,
                       Sən - dərzi qız.
Yana-yana, dərzi qız, yana-yana.

*  *  *

Bu ürək mənim deyil ki…
Sənindi.
Hərdən qəm əkəsən,
             dərd becərəsən…

Ürəyim Sənindi -
işlə damarlarıma -
bəlkə qan verəsən,
           qan köçürəsən?!

Ayrılıq çox şeylər
              öyrətdi mənə.
Bacarsan
ürəyimin şəklini çək, -
               as yaxannan…

Bu ürək mənim deyil ki…
Sənindi..
Bilənlərin nə vecinə,
bilməyənlərin nə qulağına?!.

Bir az aralıda həsrət və qürbət

                        Adil Mirseyidin əziz xatirəsinə

O, şair idi - onu deyirəm.
Güzgüdə oxşarını görüb
üzünü gizlədən adam.
Güzgüdə yuxusu çin olan adam
baxıb görər
bu şəhər başdan-ayağa paltar dükanı.
Bir az aralıda
vitrində Podenin “Mütəfəkkir”i
                                        çılpaq,
Rubensin gözləri kədərli
Bir az aralıda
                       Xəzər dənizi -
Kürün deltasında bir yaşıl yarpaq
Bir az aralıda
            intihar etməyə Sena çayı.
Plase des vesker bağında
                               bir qərib türbə -
Bir az aralıda həsrət və qürbət.

O, rəssam idi - onu deyirəm.
Küsəyən bulud adam -
Kətan tapmayanda yağlı boyada
ağ kağıza köçürərdi rəsmlərini,
sulu boyada çəkərdi, göy üzünü -
Göy üzü onu çəkərdi,
qeybə çəkilərdi buludlarda
                 küsəyən bulud adam,
bulud üstə çömbələn
           adda-budda Budda adam.
O, şair idi,
O, rəssam idi,  - onu deyirəm…
Minor səsli nəğmə adam.
O - həm səsdi, həm də sözdü.

İki səsin dueti
iki sözün dueli deyil,
güzgüdən qaçan,
buluddan çıxan “Ay süvarisi!”
Eşitdinmi.
Bir az aralıda
zəng çalır Bakıda
           Notr-dam kilsəsi.
bir az aralıda
Parisdə Monpamasye məhəlləsi…
Cümə məscidinin azan səsi...
Bir az aralıda həsrət və qüdrət.

Parisə gedən qatarlara
bilet satılmır Ləki vağzalında.
Qəbiristanlığında yer
tapılır qərib şairinə.
Bir bax,
Bir az aralıda
sevdiyin əncir ağacı əl uzadıb baş daşına.
bir az aralıda
           ona qəbri - vəfalı,
             qardaş qəbri aralı,
İnanmırdın, inanmazdın
Bakı - Parisdən,
Ləki - Bakıdan vəfalı…

Qəbriniz qoşa qarısın

Eyvaz Əlləzoğlunun əziz xatirəsinə

Bir vaxtlar özü yazmışdı:
“Qışın bu soyuğunda
heç adammı ölər”…
Beyninə qan sızdı qışın soyuğunda
                       … Ölüm qansızdı.
Son nəfəsinə yetmədik
Nə deyəcəkdi,
nədən danışacaqdıq?
Üzüağ idi dost yanında,
üzüaçıq uzanmışdı üzü qibləyə.
Gözləri qapalı,
Üzündə bir uşaq təbəssümü,
                     dodağında bir dua yeri.
Ağlamağımız,
anlamağımız üçün
            bu adam nə deməliydi daha.
Ömür onu yormuşdu,
o yazmaqdan doymurdu.
O, ölümüylə də qara yazı başlamışdı
qələmsiz-kağızsız…
O, ölümüylə də qara yazı yazırdı
qarayazılı qardaşım.
Onsuz da ənbər qoxusunu
                       alan alıb, allanıb.
Olub, olub, qadın olub
yıxılan evin dirəyindən
                   göz yaşıyla sallanıb.

Yazı yazan belə yazıb
Qara yazıb, qarayazılı qardaşım.
Hövsan soğanı çox acıdı,
Hövsan qəbiristanlığı yayla.
Ruhunuz göz-gözə, əl-ələ
Qəbriniz qoşa qarısın -
                  qoşa qəbirə layla!..
Adamlar dəyişir
havalar kimi
Çəkilib uzaqdan baxdım özümə -
Gördüm görkəmim dəyişib,
üst-başım tamam köhnəlib,
dabanı yeyilib çəkmələrimin…

Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə -
Dağa bənzəyirsən sən bu duruşda.
Güzgüdə özünə baxıb göz vuran
o şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm!

Dünyaya piyada gəlib-gedənlər
Odur e, yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.
Mən koram…
Sən hara baxırsan Tanrım?!
Sənin də oyunun yamandan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.

Uzaqdan çəkilib baxdım özümə -
Bir də üzə gülüb,
arxamca daş atanlara.
Yol üstə ilantək qıvrılanlara.

Başımın üstündə qovğalar kimi,
Bu yağış adamlar, külək adamlar,
Bu kələk oğlanlar, bu xəzəl qızlar
Dayanıb yolunda qovğalar kimi -
Adamlar dəyişir havalar kimi,
Niyə dəyişmədin,
                      Cəfərin oğlu?!.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!