Hərdən xatırla məni, Ay batıb gün çıxanda... - Faiq HÜSEYNBƏYLİ - şeirlər

Bir gözüm ağlayır, bir gözüm gülür,

Bir əlim uşaqdı, bir əlim adam.

Gecəm həsrət çəkir, gündüzüm gülür,

Təzaddan yoğrulub təməlim, adam.

 

Demirəm, bu eşqdən daha doymusan,

Həsrətə, hicrana, aha doymusan...

Bir şair taleyin yetim qoymusan,

Əbədim, əzəlim, əməlim, adam.

 

Keçdin ən müqəddəs söz kimi məndən,

Keçdin bir əbədi iz kimi məndən...

Vədəsiz ayrılma yaz kimi məndən,

Bir az da boy verim, dirçəlim, adam.

 

Ruhuna ruh qatma bəhanələrlə,

Xatirə yaratma bəhanələrlə...

Özünü aldatma bəhanələrlə,

Sən gələ bilmirsən, mən gəlim, adam.

 

Sən getdin, özümə gələ bilmədim,

Taleyin üzünə gülə bilmədim.

Mən səndən uzaqda ölə bilmədim,

Gəl, öldür Faiqi, əcəlim adam.

***

Bir az Allah gəlir, bir az ah gəlir,

Bir az can olursan şeir yazanda.

Ruhuna söz adlı bir niqab gəlir,

Bağrı qan olursan şeir yazanda.

 

Fəsilsiz saralıb-solur ümidlər,

Əzabın üzünə gülür ümidlər.

Bitib-tükənirsən, ölür ümidlər,

Sonra... son olursan şeir yazanda.

 

Göy olub gedirsən, göydə yanırsan,

Yer olub özünü torpaq sanırsan.

Sağa da, sola da parçalanırsan,

Altı yan olursan şeir yazanda.

 

Yenidən doğulub, başa dönürsən,

Dünyaya tək gəlib, qoşa dönürsən.

Hərdən üç olursan, beşə dönürsən,

Beşdən on olursan şeir yazanda.

 

Başının üstündə buludlar çətir,

O dindən bu dinə mərhəmət gətir...

Nəşə ruh verirsən sətirbəsətir,

Ruha don olursan şeir yazanda.

***

Bəlkə bu yazılar yox oldu bir gün,

Şüara çevrildi bəlkə, yazılar.

O qara mərmərdə, o ağ divarda,

Allahla baş-başa kölgə yazılar.

 

Uzaqdan uzağa tən ol, ortaq ol,

"Oxumasan sağ ol, oxusan, sağ ol".

Böyüyər kəndbəkənd, böyüyər yol-yol,

Böyüyər bu şəhər, ölkə yazılar.

 

Nadanın əlindən düşər qiyməti,

Acı taleyiylə barışmaz qəti...

Hərdən qan qoxuyar qara niyyəti,

Bu ağ varaqlarda ləkə yazılar.

 

Kimi şərə yozar, kimisi nəfə,

Kimi qəmə çəkər, kimini kefə...

Bəs niyə gözümə girir hər dəfə,

O böyük yazılar, yekə yazılar?

 

Hərdən fikirləri ziddir, yasaqdır,

Hərdən yaxın olur, hərdən uzaqdır.

Kiminə qılıncdı, yaraq-yasaqdır,

Kimə çörəkpulu, kökə yazılar...

 

Sonuncu söz idi, dedi, bitirdi,

Olanı-olmazı nədi, bitirdi...

Özü-öz içini yedi, bitirdi,

Bu hirsin içində öfkə yazılar.

Atamın yükü

İşıqla, nurla isinmir,

Tənhalıq - odamın yükü.

Kirpik-kirpik ağırlaşır

Bu yorğun adamın yükü.

 

Öz canımı ala-ala,

Özüm gəlmişəm bu hala.

Dönür hər gün min suala,

Gördüyün nidamın yükü.

 

Ümid hanı gümanlara?

Bürünmüşəm dumanlara...

Çöküb bütün zamanlara,

Səsimin-sədamın yükü.

 

Gör necə böyükdü - sözdü,

Hər addımda görkdü - sözdü.

Misra-misra yükdü - sözdü,

Ağrımın-qadamın yükü.

 

Bilaloğlu, bu nə qəmdi?

Hasildi, kəsrdi, cəmdi...

Şeirdi... sözdü... qələmdi...

Tanışdı - atamın yükü.

***

Tapşır bütün olanları,

O Şaha tapşır, getsin.

İçindəki fəryadını,

Bir aha tapşır, getsin.

 

Gəlsin bu həsrətin xanı,

Düzənə salsın dünyanı.

Dünəninə xor baxanı,

Sabaha tapşır getsin.

 

Və dilləndir sarı simi,

Sözə əyilən fikrimi.

Və dayan bir palıd kimi,

Və daha... tapşır getsin.

 

Sözlə ürək qıranları,

Eşqə qənim duranları,

Haqqa divan quranları

Allaha tapşır, getsin.

***

Dünya çox dəyişib, çox dolanıbdır,

Təməldən bu yana, özüldən bəri.

Bənd olub qalmışam Söz Allahına,

Min ildən o yana, yüz ildən bəri.

 

Bu yükün altında kim dözər, Allah,

Axı, kim yaşayar, kim, qalan ömrü?

Mən sevən gözəlin səbri tükəndi,

Getdi yaşamağa kəm qalan ömrü.

 

Əllərim yuvaydı kəpənəklərə,

Əllərim boş qaldı... yetim əllərim.

Yüz ildən o yana, min ildən bəri,

Özünə gələcək çətin əllərim.

 

Mən sevən gözəlin vətəni başqa,

Mən sevən gözəlin dili başqadı.

Tamam başqalaşdı, yad oldu adam,

Bir quru Söz oldu, ad oldu adam.

 

Mən sevən gözəlin nəfəsi başqa,

Çiçəyi başqadı, gülü başqadı,

Qızıldan, gümüşdən qəfəsi başqa,

Zamanı başqadı, ili başqadı,

Bağrımın başında od oldu adam.

 

Allah dərgahında Yerim hardadı,

Günaha batmışam əzəldən bəri.

Mən həmin Faiqəm, həmin Faiqəm,

Min ildən o yana, yüz ildən bəri.

Hər gün misra-misra keçib gedirəm,

Döngədi, dalandı, yoldu şeirlər.

Min ildir bir eşqə kölədir, kölə,

Min ildir Allaha quldu şeirlər.

 

Sən aç gözlərini gözəl sabaha,

Mənim ki, taqətim qalmayıb daha.

Kiminə zinətdi, qızıldan baha,

Kiminə çörəkdi, puldu şeirlər.

 

Ən gözəl dinimdi, şəriətimdi,

İmanım, inancım, təriqətimdi.

Bir ucsuz-bucaqsız təbiətimdi,

Çiçəyi açmadan soldu şeirlər.

 

Qayğılar içində əriyirsə can,

Nəyimə lazımdı bu şöhrət, bu şan?

Dost idi, yar idi... eşq idi hər yan,

Özünün qənimi oldu şeirlər.

 

Səs verən tapılmaz daha səsinə,

Çökdü bulud kimi ah nəfəsinə.

Laylası qarışdı fatihəsinə,

Niyə doğulmamış öldü şeirlər?

***

Getdikcə yoxuşa yıxılır yollar,

Mən çəkə bilmirəm, nəsə, dərdimi.

Şəklədim tək qalan körpələr kimi,

Bir şirin avaza, səsə dərdimi.

 

Kim dərdi çiçəyi-gülü ömürdən,

Bu çılğın ömürdən, dəli ömürdən?

Qısaldıb hər ötən ili ömürdən,

Kəsə daşıyıram, kəsə, dərdimi.

 

Sevən ürəklərə bir idrak olsun,

İstər qoşa olsun, istər tək olsun...

Sellərə, sulara dedim, pak olsun,

Küləklər aparsın əsən dərdimi.

 

Bu sahil, bu liman, bu qəmli ada,

Dilimdən ayrılır sonuncu nida!

Tapşırın havaya, torpağa, oda,

Şair taleyindən küsən dərdimi.

 

Bəlkə də bu ömür yarıdan yarı,

Bəlkə də əridə bilməz bu qarı.

Geyindim gecəni, qaranlıqları,

Bələdim kömürə, hisə dərdimi.

 

Mən bir az özüməm, bir az hamıyam,

Tanrının eşqiyəm, söz ilhamıyam.

Dünyanın ən yaxşı söz rəssamıyam,

Boyadım rəngbərəng hissə dərdimi.

 

Gözümə torpaq at... daha doymuşam,

Mən səsi görmüşəm, sözü duymuşam...

Oğluma, qızıma miras qoymuşam,

Bu Bilal dərdimi, Nisə dərdimi.

***

Sağa bax, sağın çəkdiyi dağa bax,

Sola bax, sağ da solundan yıxılır.

A gələn, xoş gətiribsən "salam"ı,

Gedişin bir "sağ ol"undan yıxılır.

 

Düz olan sağsız olur, solsuz olur,

Yeni dünya yaradır, "ol"suz olur.

Yolsuzun arzusu da yolsuz olur,

Yolçu da sonda yolundan yıxılır.

 

Ta əzəldən beləcə vaxt yeriyir,

Vaxta bax, gah dayanır, gah yeriyir.

Ayağı büdrəyənə bax, yeriyir,

Amma, di gəl ki, qolundan yıxılır.

 

Sığmayır söz içinə məzlum adam, -

Gecə-gündüz içinə məzlum adam...

Yıxılır öz içinə məzlum adam,

Vay o gün ki, amalından yıxılır.

Sizin şəhər

Sizin şəhər gözəldi

Bizim kəndə baxanda.

Hərdən xatırla məni,

Ay batıb gün çıxanda.

 

Şəhərə yağan qar da,

Yağış da xoşbəxt olur.

Kənddə külək darıxır,

Bəzən elə vaxt olur...

 

Qağayılar rəqs edir,

Sizin mavi dənizdə.

Günəş çıxır səninçün,

Ay batır küçənizdə.

 

Səsim qalıb şəhərdə,

Sözüm qalıb şəhərdə.

Səni özüm bilmişəm,

"Özüm" qalıb şəhərdə.

 

Sən darıx şəhər kimi,

Burda kənd kimi mən də...

Qucaq-qucaq xatirə,

Yığıb gətirdim kəndə.

 

Nə gecənin tamı var,

Nə gündüzün həvəsi.

Niyə, niyə uzaqsan,

A zalımın nəvəsi?..

 

Möhtəşəm gecəniz var,

Əlvan səhəriniz var.

Bizim kəndə baxanda,

Gözəl şəhəriniz var.

 

Sizin şəhər gözəldi,

Bizim kəndə baxanda.

Hərdən xatırla məni,

Ay batıb gün çıxanda.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!