Bu sevgi şeirini kimə yazmısan? - İncə barmaqlara, nazik əllərə... - Musa Yaqubdan yeni şeirlər

 

Dağlar

Kim tikib, kim qurub

Ustadı kimdir?

Yoxdur bir biləni, xəbər verəni,

Yoxmu bir əcdadı, yoxdur bir adı,

Şahidlik eyləyən bir zadı yoxdur

Bələd yox nəslinə-əslinə dağlar.

 

Onda ki, başlayar soyuq şaxtası

Qaya çartdağında buzdan baltası

Dağlarda səs salar çata-çat düşər.

Taxta daşlarının çatlar taxtası.

Qartallar qıy deyib qaçar başından

Uçar ayağından alabaxtası

Küləyi əsəbi, coşar qəzəbi

Geyər köynəyini tərsinə dağlar.

 

İldırımlı daşlar, daş xınasında

Kahalar dağ kəli karxanasıdır.

Qaldırar buludu göy qübbəsinə

Qayalar səs verər qartal səsinə

Üfüq bəzək vurar daş eyvanına.

Dünyanın ən nəhəng pəhləvanına,

Kim girə bilər ki, bəhsinə dağlar.

 

Düşər ayağına çayları daşar,

Dərin dərələrdə selləri coşar.

Oynayıb qaynaşar sel ayağında,

Şimşəklər xal qoyar daş yanağında

Sellərin ağzında daşlar fırlanar.

Köpüklü sulardan dərə nurlanar

Sel-selə qarışar, nur selə dağlar.

 

İlahi, sən bizi peşman eyləmə,

Bir də,  yolumuzu duman eyləmə

Yollar bağlananda könlüm  bağlanır

Kəsər yollarımı, çənlər, dumanlar

Ümidim qırılar, ölər gümanlar

Gözlərim nəmlənər, ürək qəmlənər,

Gözümün yaşını kaş silə dağlar.

 

Gecələr başqadır axar-baxarı

Qayalar buluddan çıxır yuxarı

Açar yaxasını...

Yanar Ay altında mərmər divarı

Əks olar göylərdə, ağ sinə dağlar.

 

Dərələr, təpələr boşalıb gedir,

Dumanlar sürünüb baş alıb gedir

Zınqırov səsləri səslənir aram.

Daha mən də gedim, burda qalmaram

Dəvə karvanına qoşulum gedim

Dəvə karvanıdır silsilə dağlar.

 

Quzeyin qarı var, qurd salır durur,

Güneydə, binəsi yurd salır durur,

Zirvə kündə-kündə, oyma-oymadı

Könlüm bu dağlardan daha doymadı.

Yenə də durmuşam vəsfinə, dağlar!

01.12.2019

Bakı

 

Dialoq

Şairim!

Bu sevgi şeirini kimə yazmısan?

- İncə barmaqlara, nazik əllərə,

Vəfalı, vəfasız şux gözəllərə

Birindən aypara qaş götürmüşəm,

Amma gözəllərin siyahısında

Filankəs xanımı baş götürmüşəm.

Birindən gözəllik, ilahi baxış,

Birindən duyğulu xoş bir aldanış,

Biri əlləri ilə gül verib mənə,

Birini başıma daş götürmüşəm.

O qədər gözəllər yaradıb Allah,

Nə deyim vallah.

Saçımda birinin tumarı qalıb,

Birində gözümün xumarı qalıb,

Biri xoş dilimi söylədib gedib,

Əlini-əlimə öyrədib gedib,

O biri sinəmi göynədib gedib.

 

Ürəyin ən gizli küncündə qalan,

Ən uzaq ulduzlar bürcündə qalan,

Qəribə qismətlər var bu dünyada

Hər sirri açıb-ağartmaq olmur,

Elə yaralar var sağalıb gedib,

Elə yaralar var sağaltmaq olmur.

Amma ilk sevginin şimşəyi qalır

Dağda ildırımın xınası kimi,

Böyüyür bir yara hələ göynəyir

Füzuli qəlbitək zənbur evidir

Sanki dəlik-dəlik göynədir bizi.

Təzə hicranlara öyrədir bizi,

Mənim ürəyimdə qalıb göynəyi,

Aşıq Ələsgərin sarı köynəyi

Təzə sevgilərə öyrədir bizi,

Bir sarı sim üstə söylədir bizi.

 

Ey məndən həmişə şeir soruşan,

Mənim də ürəkdə süzülür şanım.

Mən də gözəllərə salıb meylimi,

Yazıram o şimşək, o bal şeirimi.

12.12.2019

Bakı

Mirzə müəllim

Uzun zaman Yazıçılar İttifaqına rəhbərlik etmiş xalq yazıçısı Mirzə İbrahimova

Qalıb xatirəmdə yaxşılıqların,

Ey xalqın adamı, haqqın adamı,

Sən ey Şərq adamı, ey qafqazlı ər,

Könlüm məzarını salama gələr.

 

Mən səndən ötrü axı kim idim,

Adamsız, kimsəsiz, yazıq bir yetim.

O nə qayğı idi, çıxdı qarşıma,

Zamanla təzəcə gəlirdim dilə.

Heç palto sözünü bilmirdim hələ.

Buynuzdan Bakıya  gələn yollarda

Kuzovlu maşında üşüyən canım

Çölün küləşi idi mənim yorğanım,

Qılçıqlı bədənlə gəldim yanına

Mən bir küləş adam, sən günəş adam

Yetimlik vaxtını aldı yaddaşın,

Bu yazıq halımı görüb kövrələn

Ürəyi gizlincə ağlayan kişi

Gizləndi gözündə bir damla yaşın,

İttifaqımızda iş tünlüyündə

Mənim üçün iş yeri saxlayan kişi

Məni xəcalətə salma bu qədər

Mən belə qayğılar görməmişəm, yox.

Mən yumruq altından, mən daş altından

Mən kotan altından çıxıb gəlmişəm.

 

Ədalət naminə, millət naminə,

Böyük rəhbərlərlə döş-döşə gələn,

Ey vicdan adamı, ey kamil insan,

Sən necə durmusan haqq tərəfində

Vəzifə sərfində deyildin axı,

Böyük dayaqlara, dayaq verdiyin.

Haqqa, yaxşılığa ayaq verdiyin.

Sidq ilə xalqına könül bağlayan

O olan meydanda nə yalan, nə zad.

Hər cürə nəfsdən ürəyi azad.

Tamahı özündən uzaq saxlayan,

Təpədən-dırnağa ay insan kişi.

Qorxaqlar qorxdular -

Səlahiyyətni göydə aldılar -

Amma təyyarəsi göyün qatında

Uçurdu, uçurdu

Pənbə buludları tutub qucurdu.

Təyyarə uçurdu.

Uçub əridirdi dumanı, çəni

Hələ ucalığa aparır səni

Yox, o təyyarəni endirmək olmaz

O sənin ruhundu, Mirzə müəllim.

Sən elin oğlusan, elin çırağı

Elin çırağını söndürmək olmaz.

Söndürmək olmaz, Mirzə müəllim!

03.12.2019

Buynuz-Bakı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!