Səadəti, səfanı quc; Sədaqətə inan hələ...İnan hələ insanlara... - Məhəmməd Hadinin şeir bazarı...Musa YAQUB

 

Mətahından bezar düşən

bazarçıyam,

Mətahımı al, müştəri.

Bəşərin dərd güzgüsüdür,

"Əlvahi-intibah"ımı

al, müştəri.

Şeirlərim sabahımdır

Sabahımı al, müştəri.

...Yox, sənə yox,

Yavrum, sənə

Satılası şeirim yoxdur.

Mənim sevda bazarında

Alverim var, xeyrim yoxdur.

Bir ürəyi ovundurub

Ona təsəlli verməyə

sehrim yoxdur.

Yəqin, məndən ümid, qanad

Mehr dolu bir ixtilat

diləyirsən,

Vallah mənim

Sevgidə bu mehrim yoxdur.

Elə acıdır iqbalım

Şirin dilli sözüm də yox.

Elə hicran qəmkeşiyəm,

Vüsaldan bir söz açmağa

üzüm də yox.

Bağrım yanıq,

Könlüm sınıq,

Mən ki, bir dərd kitabıyam,

Sən bu kitabı neynirsən?

Hər varağım əzab dolu

Sən bu əzabı neynirsən?

Alma bu hicran qəmini,

Hicran qəmini neynirsən?

Gülüm həşəm, zəmim vağam,

Belə zəmini neynirsən?

"Cavanlığım gülün tökdü",

Yanan yandı, sönən söndü.

Guya mənim vəfam yoxmuş,

Mən dönmədim, dönən döndü.

Mən bu eşqin zavalında,

Sən qal şirin xəyalında

Sən bir zərif, sən bir lətif

Göy səmalar yavrususan,

Bir durna ol, səmaya uç.

Pənbə buludlar kimidir

əldən gedər,

Səadəti, səfanı quc;

Sədaqətə inan hələ.

Uy bir eşqin xülyasına,

Məhəbbətə inan hələ.

Hələ şirin bir sevgini

İnan hələ dosta, yara.

İnan hələ insanlara.

"Bu insanlar ki, qardaşdır,

Və lakin yad şəklində.

Ədavət daima vardır

Məhəbbət ad şəklində".

Yox, eşitmə bu şeirimi

Sən bu ağını neynirsən?

Bir durna ol, vüsala uç,

Hicran dağını neynirsən?

Gözlərin çeşmə, dumduru

Duru şeirim yoxdur belə.

Qoymaram şeir xəzanımla

Kölgə salım qönçə gülə

Sən bu yaza inan hələ.

Xoş baxışdan xoşlan bir az,

Bu təmasa inan hələ...

Get, yavrum, get...

Di get, nadanlar görməsin

Birdən xətər vurar səni,

Qoy beyniqanlar görməsin.

"Biz vətən viranəsi

ədl ilə azad istərik.

Sevmərik qeydi əsarət

Xəlqi azad istərik".

Mən bir kasad bazarçıyam

Mətahımı al, müştəri.

Şeirlərim sabahımdır

Sabahımı al, müştəri.

"Memari-elm" ilə

dili imran olan çocuq!

Ey kainati-izzətə

Sultan olan çocuq! -

Sən gəlmisən?

Yox, sənə yox -

Nəyim var ki, sənə verim.

Hə, vardı bir "Məktəb" şeirim

İndi o da yoxdu məndə.

Mən qovulan, mən qovrulan,

Eşqi heçliyə sovrulan

yalqız bəndə...

Bu şeirlər günahımdır,

Günahımı neyləyirsən?

Ah çəkmirəm, kəpənəyim,

Qanadlann yanar birdən

Sən ahımı neyləyirsən?

Qoy bizlərdən mini yansın

Təki sənin

Məktəb yolun işıqlansın.

Millətə arxa durmağa

Olmadı iqtidarımız

Zavala gəldi yurdumuz,

Yadlara getdi varımız

Vətənə dayaq olmadıq

Biz dayaq üstə durmuşuq.

Bu gen vətən torpağında

Tək ayaq üstə durmuşuq;

Sən yaşama bizim kimi,

Siz bizimtək lal olmayın.

Əli bağlı, qolu bağlı,

Ayağı qandal olmayın.

Tikə çörəyin naminə

Vəhşilərə dözmə, quzum!

Bizi qula qul eyləyən

Dəhşətlərə dözmə, quzum.

Ey ümid, ey qanadımız,

Bizdən sonra həyatımız

Sən yaşama bizim kimi.

Qoy bizlərdən mini yansın,

Təki sənin

Məktəb yolun işıqlansın.

Sən yeri get, mən də baxım,

Uç, fəzalan, bali-pərim!

Millətimin görən gözü,

Ey qələmim, ey dəftərim!

"Oxu, ey bülbüli-novxani

çəmən

Sənin ilə edəcək fəxr

Vətən".

Nurdu, bunun çantası nur,

Uç, qanadlan nura tərəf;

Uç, vətənin qanadı, uç,

Uç, Hadinin muradı, uç.

Qoy bizlərdən mini yansın,

Təki sənin

Məktəb yolun işıqlansın.

***

"Satılmayır zadeyi-ilhamımız,

Çox yazıq olsun deyirəm hamımız.

Boynu buyruq, kisəsi boş, könlü qan,

Bir sürü əsbabi-qələm hər zaman.

Qaldı zavallı şüəra sərsəri

Qaldı kitab, qalmadı bir müştəri".

Necə?.. Necə?..

Yaşamağı bacarmazsan

Dərd-qəmimi

Dəftərimi, qələmimi,

Şeir dolu ürəyimi

İstəyirsən?..

Əhsən! Əhsən!..

Yazıq insan,

Çat-çat olmuş ürəyimlə

Yaşamağı bacarmazsan.

Mənim sənə nə köməyim?..

Sənin ögey dərd-sərini,

Belə ətli peysərini

Yaşada bilməz ürəyim.

Görmüsənmi daş ağlaya?

- Mənim könlüm sızlayacaq

Millətimin zillətinə;

Sənin sinən

Dözməyəcək bu ağrıya.

Sən armuda sinov gedən

Sərçə kimi nəfsə qaçan.

Mənim könlüm fəzalarda

Havalanıb qanad açan.

İndi elə bilirsən ki,

Guya ulduz bürcündəsən.

Ürəyimlə görəcəksən

Bir meyxanə küncündəsən.

Sən mənsəbə əyiləndə

Könlüm bunu qoymayacaq;

Qəddin əyilməz qalacaq.

Ad-san gəzən şit sözlərin

Dildə deyilməz qalacaq.

Səni qurnaz biləcəklər,

Xeyir bilməz, yol anlamaz

Yer tanımaz biləcəklər.

Bir kef-damaq xanımı da

tapmayacaq

Bu ürəyin qılığını.

'Birdən Daşa çırpacaqsan

Bir əcnəbi yalağını.

Sənin başın

Var-dövlətə, qənimətə

Mənim könlüm ülviyyətə üz tutacaq,

Sən də elə

Qalacaqsan ara yerdə.

Çürüyəcək ömrün-günün

Quru yerdə, qara yerdə.

Yazıq insan

             Məşəqqətli ürəyimlə, ya şeirimlə

Sən həyatda

Yaşamağı bacarmazsan.

Get... Sən də get...

"Bəxtim kimi olsun kəfənim

yəni siyahnak,

Heykəl diləməm, heykəli-qəbrimdir

əflak,

Millət işıq olsun, məni udsun

bu siyah xak...".

Mən bir kasad bazarçıyam,

Mətahımı al, müştəri.

Bəşərin dərd güzgüsüdür.

"Əlvahi-intibah"ımı

al, müştəri

Şeirlərim sabahımdır,

Sabahımı al, müştəri.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!