İstiqlal şairi - Nəriman HƏSƏNZADƏ

Məhəmməd HADİ - 140

1918-1920-ci illərdə Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin yenicə təşkil edilmiş əsgəri hissələrinin şərəfinə alovlu şeirlər yazırdı.

...Millətin namusu sizdən çox şücaət gözləyir,

dövləti-növzadi-milli qalibiyyət gözləyir.

Bəkləyir sizdən zəfər: adımız, istiqlalımız,

şanlı qeyrət, şanlı himmət, şanlı cürət gözləyir.

...Payimali-düşmən olsunmu çəmənzari vətən?

Yurdumuz sizdən bu gün çox ali xidmət gözləyir.

"İmzasını qoymuş miləl övraqi həyata, yox, millətimin xətti bu imzalar içində!", - deyən, millətinin imzasını imzalar içində axtaran böyük Azərbaycan şairi Məhəmməd Hadiyə "Talesiz şair" də deyiblər. Səhv eləməyiblər.

Hadi istiqlal şairiydi. O, yaşadığı mühitin darıxdırıcı olduğunu, onu əhatə edən insanların isə qeyri-səmimiliyini görür və gördüyünü də yazırdı. "Həyatın səsləri ğuşumda həp fəryad şəklində," - deyirdi.

Mənim hələ 1968-ci ildə ayrıca kitab şəklində nəşr olunan "Nəriman" poemamda Hədinin həyatına, mübarizəsinə həsr etdiyim bütöv bir fəsil var. Böyük şair keçirdiyi sıxıntıların, sarsıntıların nəticəsində öz yazdığı şeirləri satırdı. Hətta, istilaçı ordunun əsgərinə də təklif edirdi.        

Tapdandı bu torpaq batinkalarla.

Hər onu gördükcə yaram sızladı,

dedilər ki, Hadı ağılsızladı!

Mən onun ucundan divanə oldum,

şeir yazmağım da bəhanə oldu.

Bu mənim şeirim, andım, məsləkim,

satıram, ah, yoxdur alanım mənim.

De, niyə susmusan, məgər daşmısan?

Vətəni satıblar möhtərəm oğlan.

Bir az ingilisə, bir az almana,

bir az italyana, bir az sultana...

Mənim şeirlərim qalmışdı yalnız,

mən özüm satıram, onu, alınız!

- Tanıdım şairim, nədir möhnətin,

sən əziz oğlusan bir məmləkətin.

- Hankı məmləkətin, hankı millətin?

Varmı elə bir şey, sən nə söylədin?

Saldat, istəyirsə məni məmləkət,

de, neyçin, səfillər padşahıyam?.. və s.

Hadi bu ağır, stres vəziyyətə o vaxt düşmüşdü ki, artıq Osmanlı dövləti Birinci Dünya müharibəsində məğlub olmuş, Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa öz qoşunu ilə birlikdə şəhərdə yox idi (Mondors müqaviləsinə əsasən Bakını tərk etməliydi. Etdi də). Bakını təzəcə ölkənin paytaxtı elan edən Azərbaycan Xalq Cümhuriyyəti meydanda təkiydi. Səngərdə də tək döyüşürdü. Hadi - "Mənim azadlığım sanma çörəkdir, Azərbaycan azadlığı gərəkdir," - deyirdi. Hadi - cümhuriyyət səngərində döyüşən mücahid, yaşadığı zəmanənin üsyan səsiydi.

27.11.2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!