Məfkurəyi-aliyəmiz Azərbaycan dövləti-növzadına - Məhəmməd HADİ

 

I

Qaldır səmayi-şövkətə nəcmü hilalını,

Göstər bu ərzin əhlinə cahü-cəlalını.

İsbat qıl həyatını əqvami-aləmə,

Bəxş eylə bir həyati-növin Şərqi-əzəmə.

Əzmü səbatın ilə görün, düşmən ağlasın,

Millət üzündə xəndəyi-ümmid parlasın.

İqbalə doğru xütvələr at intizam ilə,

Ənzari-əhli-xakə görün ehtişam ilə.

Yıx, əz, nə əngəl olsa əvət rəhgüzarına,

Qəlbən inan da qüvvətinə, iqtidarına.

Simayi-iqtidarını görsün bütün cahan,

Ey türk dövləti və əya bəxti-növcavan!

Olsun qibtəbəxşi-miləl hər siyasətin,

Şayani-afərin ola bilsin fərasətin.

Ədayi-namuradə sübut et ləyaqətin,

Bilsin nədir ləyaqəti bu canlı millətin.

Ey dövləti-növin, yaşa nəzmü nizam ilə,

Parlaq əməllərinlə, məzhəri-məram ilə.

Qoş nura, qoş ziyaya, qoş irfanə, hikmətə,

Bir şahrah bariqədar aç bu millətə.

Millət o yolda xütvələr açsın da qayəyə,

Çıxsın təkamül eyləyərək ülvi payəyə.

Bir xütvəyi-mətin ilə pahi-kəmalə qoş,

Qoş feyzə, qoş həyatə, mətanətən cəlalə qoş.

Aç kainati-rüfətə şəhbali-irtiqa,

Caç kainati-millətə ənvari-etila.

Türk aləmində parlasın ənvari-intibah,

Gülsün həyatımızda da əzhari-intibah.

Olsun bu yurdumuz çəmənarayi-mərifət,

Əhli-vətənə bulmalı iqbalü məsədət.

 

II

Dönsün behiştzarə bu qiymətli lanəmiz,

Şahbazpərvər olmalıdır aşiyanəmiz.

Yüksəlmək istəriz o səmayi-məaliyə,

Son arzumuz iştə kəmalati-aliyə.

Məfkurəmiz yolunda nə lazımsa etməli,

Məqsudə doğru əzmi-xüruşanə getməli.

Çıxsın dilərsə qarşımıza həp məzarımız,

Qorxmaz məzardən bu dili-əzmkarımız .

Guş eyləsin bu fikrimi əqvami-kainat,

Amali-zülcəlalımız iştə gözəl həyat.

Vicdani-millətə yazılıbdır bu ayəmiz,

Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz.

Məqsudə doğru qoşmalı bixovf, bilməli,

Yıxmaq gərək təriqi tutan hər bir əngəli.

Zail olursa hail olanlar təriqdən,

Eylər şitab məqsədə hər zadəyi-vətən.

1919


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!