Bu həyat, bu ömür əyləncə deyil, İnsanın Tanrıya hesabatıdır... - Ağamir CAVAD - şeirlər

 

Sən yaşayan məzar

Atam üçün

"Gələn gedər" - bir məsəldir,

Qəza üstdən qəza gəldi.

Özün kimi nə gözəldi,

Sən yaşayan bu məzar.

 

Burada göylər ayazdı,

İlin hər bir fəsli yazdı.

Üzü üzüntək bəyazdı

Sən yaşayan məzarın.

 

Taleyimdə hər gün sınaq,

Gələmməsəm, etmə qınaq.     

Xəyallarım hər gün qonaq

Sən yaşayan məzara.

 

Başımdakı çənim kimin?

Saçımdakı dənim kimin?

Kim oxşayar mənim kimi

Sən yaşayan məzarı.

 

Əcəl ömür ələyidi,

Ötən tale küləyidi.

Yatan Tanrı mələyidi

Sən yaşayan məzarda.

 

Bu ömürdü, nə çox, nə az...

Ömrə sığmır arzu, muraz.

Çiçək ruhun qalxar hər yaz

Sən yaşayan məzardan.

Ürəyim

Tale quşum olub uçdun,

Daddı neçə dağ ürəyim.

Az qalıb qırılıb düşsün,

Titrəyir yarpaq ürəyim.

 

Eşqi elə yayılıbdır,

Qəm-qüssədən oyulubdur.

İçi qarla yuyulubdur,

Həsəddən uzaq ürəyim.

 

Dağ üstündən dağ qurtarmır,

Səs gəlmir, soraq qurtarmır.

Ürəyində yağ qurtarmır,

Hey yanır çıraq ürəyim.

 

Həsrətin bağrın dələrsən,

Günəştək üzə gülərsən.

Axır insafa gələrsən,

Bar verər torpaq ürəyim.

 

Hesabatı var

Günlər seltək axır, ötüşür ay, il,

Dərd-qəmin içində toy büsatıdır.

Bu həyat, bu ömür əyləncə deyil,

İnsanın Tanrıya hesabatıdır.

 

Haqqa qərar versin qəlbinin səsi,

Həsrətə gedən yol zamanı dələr.

Qoyular ortaya mizan-tərəzi,

Yaxşı da, yaman da hesaba gələr.

 

Elmin qüdrətiylə etmişik əsir

Torpağın təkini, göyün qatını.

Gecələr yuxumuz ərşə çəkilir,

Veririk gündüzün hesabatını.

 

Arzu sərhədini keçib yolların,

Hər dəfə təzə bir eşqə varmışıq.

Uyub xülyalara xam xəyalların

Həyatda nə qədər könül qırmışıq.

 

Sevda yollarında özünü yordun,

Qəlbində nə qədər həsrət çatı var.

"Sevirəm" söylədi, qəlbini qırdın,

Ürək qırmağın da hesabatı var.

Aramızdan keçən su

Qara zamandan keçdin,

Sarı samandan keçdin.

Dinin, imanın varmı?

Hansı imandan keçdin,

Aramızdan keçən su?

 

Donmuşuq sıramızda,

Duz göynər yaramızda.

Səni kimlər axıtdı

Sukeçməz aramızdan,

Aramızdan keçən su?

 

Ömrün karvan köçündə,

Tutdun hansı suçumdan?

Axı necə keçmisən

Sevda dolu içimdən,

Aramızdan keçən su?

 

Qəlbini dindirən kim?

Qibləni döndərən kim?

İçib sənin suyundan

Yanğısın söndürən kim,

Aramızdan keçən su?

 

Sutək təmizdir adım,

Su yanar, sönməz odum.

Oyun bitər, bilərsən,

Kim uduzub, kim udub,

Aramızdan keçən su.

***

Bu səhnə

nə gözəl səhnəcik...

Dünyaya açılıb pəncərə,

pəncərə önündə

oxuyur sərçəcik:

- Cik, - cik, - cik...

Düşüb min xəyala.

Bu dünya eşqinə sığmayan

ən kiçik qəfəscik.

Boylanır dünyaya,

Pəncərə - Allaha açılan

ən böyük nəfəslik.

Oxuyur sərçəcik:

- Cik, - cik, - cik...

Bu nəğmə sərçənin

bir Tanrı ünvanlı duası.

Oxuyur sərçəcik,

bu kiçik pəncərədən

yayılır dünyaya sədası:

- Cik, - cik, - cik...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!