Fəsillər dəyişmir - Fuad Cəfərli - şeirlər

 

Fəsillər dəyişmir

Lizel Meminger, fəsillər dəyişmir...

Qərinələr keçsə də

dəyişməyən sadəcə

çəkilən ağrıdır.

Hər səhər göydən

boylanan Günəş adlı tablo kimi...

Xatirələrdən asılır

o ağrı.

Və sən ora adını yaza bilmirsən...

Bax, mən də illər öncə

riyaziyyat dərsində

cavabı bilsəm də

yumurta sözünü yaza bilməmişdim.

Sonralar anlayacaqdım

nəticəni rəqəmlər deyil,

həm də yumurta həll edirmiş,

yəni cavab yumurtada gizliymiş...

Lizel Memenger, fəsillər dəyişmir,

fəsillər güllənir, yandırılır,

və ya boğulur.

Dəyişən sadəcə

kitab rəflərinin üzərində

sahibini gözləyən barmaqların izləridir.

Sənsə həmin izlərin içində

hamının axtardığı

o ümid idin.

***

Dərdli Şekspirin ömür boyu səslədiyi

və üzünü görmədiyi

qızılgülü

dünən gördüm.

Gərək ki, ustad məndən inciməsin,

 o

 yazdığından daha gözəl idi.

Dünyanın ən gözəl səsi

bir qar üzərində addımlayarkən

bir də uşaq qığıldayarkən gəlir.

Bu qədər gözəllik

yalnız şeirlərin qonağı ola bilərdi

amma olmadı...

Axı niyə vurğulara sinə gərib

insanlara misralardan boylanmadı?!

Yoxsa indi dünya ilk gün olduğu kimi

gözəl, məsum və böyük olardı,

Kilidlər yoxa ustaları isə azadlığa çıxardı...

***

Ən çox sevdiklərim incitdi məni

Saqqız olub çeynəndim.

Yuxarıdakı misralar təki

Qəlyanaltından sonra...

 

Mirvari dənəciyinə bənzədilib

Bivec tələbənin barmaqlarıyla

partanın altına yapışdırıldım.

Yəni

günəşi bir dərs ilinin əvvəlində

bir də sonunda

xadimənin ovucunda

gördüm

Bu saqqız ömrümdə...

Tanımadığımız adamlar var

Tərlərini kağıza köçürdüyümüz

gecəsini xəyallarla bölüşdürüb,

səhərlərini isə

yelkənsiz evlərlə hördüyümüz...

 

Bir də tanımadığımız yolların

əyilmiyən kənarları var.

İndi oralarda

Qarğıdalı bişirən bir uşağın tüstüsü

məhşər günüylə oynayır...

 

Mən Səni tanıdım,özünü gizlətmə,

Yaxşısı ya qapını, ya

topunu gizlət.

Topun hər səfər qapının ağızında fırlanır, Tanrı.

 

Kaş ki...

Kaş ki, insanlar düzəltdikləri

dayanacaqlara oxşayardı,

sadiq olardı, vəfalı olardı,

dizini qırıb gözləməyi bacarardı.

Kaş ki, insanlar düzəltdikləri

dayanacaqlara oxşayardı

onlara sığınan acizləri

yağışdan, qardan

bir dayanacaq vüqarı ilə qoruyardı.

 

Kağızdan əvvəl

Dünyanın ən böyük ədalətsizliyi,

saf suyun

yalan dolu dodaqlarda can verməsidir...

 

Bilirəm,

bilirəm

uzaqların xəyalındayam.

 

Otaqlara bölünməyən,

Divarları künc görməyən,

sonralarsa sökülməyən

ev olmaq üçün.

 

Kağızdan əvvəl

məndənsə sonra gələn, insandayam.

Bir də insanlar yenə gecikəcəklər,

yenə həqiqqət nədir bilməyəcəklər...

Dünya qırmızıya boyanmş

yalan dolu bir dodaq,

bizsə o dodağa bir ömrlük nəm...

***

Tüstülər qanadı sınıq göz açar

İlan qabıq dəyişər

insanlar ana bətnini

səs üşüyəndə sükutu çağırar

çiçəklərsə torpağı...

 

Bir ağacın budağında

hardandı bunca ümman

Dili kəsilmiş kilsə zınqırovları

üşüdü korların kölgəsində

əli çatmadı Günəşə sinaqoqların

nə minarələr boy atdı,

nə də işıqların şamdanları.

Və beləcə Tüstülər...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!