Görən, ürəyimin ağrılarını, sənin ayağına yazmaq olarmı?.. - Vahid ASLAN - şeirlər

Miras

Oğlum da özüm kimi

Yaman dərdlidi, ata;

Mən sənə oxşamışdım,

Sən talesiz həyata;

 

Sən ki, dərddən göyərən

Bir bağ salmışdın onda,

Bax, oğlum da böyüyür,

Dərdlərin qucağında;

 

Bax, ata, bəlaları

Babam sənə ötürmüş;

Səndən qalan nə varsa,

Oğlum məndən götürmüş.

 

Yağış havası

Elə ki, tutulur göylərin üzü,

Qara buludların davası düşür.

Elə kövrəlirəm, ay aşıq, düzü

Könlümə bir yağış havası düşür.

 

Hamıdan qaçıram - tanışdan, dostdan,..

Hər şeydən bezirəm - toylardan, yasdan...

Ay ana, yanımda heç sən də yoxsan!

Könlümə nənəmin yaxması düşür.

 

...Yığış, qalan ömrüm, gedirik, yığış!

Olsun bu yolçuluq - kəndə qayıdış.

Bir pəncərə olsun, bir mən, bir yağış,

Könlümə babamın daxması düşür.

Yüyürmək istədim

Yuxuma gəlmişdi dağlar bu gecə,

Yuxuma gəlmişdi uşaqlığım da.

Gördüm ki, bulaqlar oxuyur necə,..

Məni ovundursun kövrək çağımda.

 

...Ot basan cığırlar - sınıq xətt kimi;

Qayalar bir azca mamır bağlayıb.

Gördüm ki, yenə də duman çəhlimi

Dərənin çayını tutub, saxlayıb...

 

Gördüm dağ döşünün quzularını,

Zirvəyə yüyürən bir uşağı da.

Gördüm bu uşağın arzularını,

Gördüm göy üzüylə danışmağı da...

 

Yüyürmək istədim mən də zirvəyə,

Gördüm ki, "dərələr" qolumdan çəkir;

Qışqırdım dəlitək - a, dağlar! - deyə:

Səsimdən qayalar diksinmədi ki...

 

Oğlumun

Hecalanıb, nəğmələnib ötəndi,

Kökü üstdə cücərəndi, bitəndi,

Qarış-qarış addımlayan vətəndi,

Ayağına qurban olum oğlumun.

 

Əcdadı var boy-buxunlu, kürəkli.

Şəhəri var dağ havalı, küləkli.

Qəlbində bir göy üzü var - üçrəngli!

Bayrağına qurban olum oğlumun.

 

Yurd tamı var damağında, dadında.

Qurd kodu var yaddaşında, yadında.

Qartal başlı - Azərbaycan adında -

Torpağına qurban olum oğlumun.

Dostum

Uzağımı yaxın bilən,

Yüngülümü ağır bilən,

Düşmənimi yağı bilən

Kimsə, dostum odu, odu!

 

Kürəyimi quca bilən,

Qollarımı qucaq bilən,

Daşımı da ocaq bilən

Kimsə, dostum odu, odu!

 

Büdrəyəndə çatan, tutan,

Ürəyimdən qəmi atan,

Şorumu da baltək udan

Kimsə, dostum odu, odu!

 

Şair ürəyi

...Elə ki, Yer üzü dar gələr ona,

Oxuyar... dilini göylər anlayar;

Baxıb adamların soyuqluğuna,

Söz-söz, misra-misra alışar, yanar.

 

Sevmək öyrədənməz daşa, divara,

Darıxar, təklənər, sınar nəğməsi;

Divar adamlara, daş adamlara

Dəyib, çiliklənər səsi, nəfəsi...

 

Görər adamların yıxıldığını,

Bu qədər nifrətin, kinin içində.

Görər ki, nə qədər günahlar, ahlar

Gizlənib imanın, dinin içində.

 

...Çırpınar göylərdə qanad çalmağa,

Misralar uçuşar lələklər kimi.

Uçub Tanrısına qovuşmaq istər,

Sözdən qanadlanan mələklər kimi.

 

Bil ki, quş kimidi şair ürəyi,

Azadlıq istəyər, qəfəsi sevməz!

Laylası həzindi, nəğməsi kövrək,

Həmdəmi yoxdusa danışmaz, dinməz!

Xəstəxanada yazılan şeir

Ayrı cür görünür yazın gəlişi,

Quzum, xəstəxana pəncərəsindən;

Yanına sevdiyin qızın gəlişi

Onsuz da bilinir ayaq səsindən;

 

Dərman qoxusunu qovur otaqdan,

Gözünün kədəri, saçının ətri;

Öldürür bir sual məni bayaqdan:

- Axı neylədim ki, mən səndən ötrü...

 

Axı nə biləydim, hardan biləydim

Xəstədi gözünü sevən ürəyim!

Səni tapmamışdan gərək öləydim,

Ay mənim olanım, varım, gərəyim!

 

...Soyuq xəstəxana divarlarını,

Tale qismətitək yozmaq olarmı?

Görən, ürəyimin ağrılarını,

Sənin ayağına yazmaq olarmı?..

 

Yetim qalan kuklalar

Zəhranın timsalında müharibələrdə

öldürülən bütün uşaqlara   

Anan da

            Atan da

                        Dostların da bir yana,

Kuklaların yetim qaldı, Zəhra!

Daha fani dünyada

Nələr olmadı ki,..

Güllələdi oyuncaqları,

Rəhm etmədi

Kuklaların göz yaşına,..

Baxmadı evcik quran

Toppuş əllərinə,

Gözlərindəki gülüşünü,

Xəyallarının dalınca düşən

Yastı-yastı yerişini

Güllələdi zalımlar!

Imkan vermədilər

Kuklalarını doya-doya öpəsən,

Fürsət vermədilər

Oyuncaqlarına

Ölümqabağı əl edəsən...

Zəhra!

Bəlkə də

Güllələrə qoşulub

Göy üzünə uçmusan!

Orada,

Allah babaya

Deyəcəksən son sözünü;

Deyəcəksən:

- Baba!

Yolumu

Gözləsələr də kuklalar,

Bir daha

Qayıtmaq

İstəmirəm Yer üzünə,

Orada ermənilər var.

 

Sözümə bax

Yollar çoxdu bu dünyada,

Mənzilinə kimlər çata...

Ey, əyrimi görən adam!

Düzümə bax, gör mən kiməm.

 

Əllərim saralan çiçək,

Ürəyim şüşədən kövrək,

Ayağımdan gözünü çək!

Gözümə bax, gör mən kiməm.

 

Məni anlamaq istəsən,

Dərdimə yanmaq istəsən,

Haqqa inanmaq istəsən,

Sözümə bax, gör mən kiməm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!