Lirik qəhrəmanın özü - Təranə ABDULLAYEVA yazır

 

Yazıçı, publisist Novruz Nəcəfoğlu bir yaradıcı şəxs olaraq daha çox nəsr kitabları çap etdirsə də, hər şeydən əvvəl şairdir və şairlik onun həm nəsr, həm də publisistik əsərlərində özünü çox aydın şəklidə göstərir.

Şeirlərini əsasən heca vəznində və sərbəst şeir formasında yazan Novruz Nəcəfoğlu, sözün həqiqi mənasında klassik ənənə və milli köklərə, adət-ənənələrə, müasir ədəbi prosesə və mühitə bağlı şairdir. Onun poetik əsərlərinin ən bariz keyfiyyət və xüsusiyyətləri, düşünürük ki, saflıq və səmimiyyət, ictimai məzmun və fəlsəfi çalar, dərin ümumiləşdirmə və bədiiləşdirmə qabiliyyətidir. Tam cəsarətlə deyirik ki, müəllifin elə şeirini tapmaq çətindir ki, orada oxucu qəlbini riqqətə gətirən, insanı heyrətləndirən poetik obrazlara rast gəlinməsin.

Şeirlərinin birində "Qismət xallı bir kəpənək, Ha qovdum, tuta bilmədim", - yazan şairin "İçimdə bir ocaq var", "Göyərçin", "Keçir", "Daş yaddaş", "Kösöv", "Ömür suyu" və s. əsərləri bir ömrün yaşantıları və sənətkar qəlbinin düşüncələri olmaqla bərabər, hesab edirik ki, fəlsəfi lirikanın da gözəl nümunələrindəndir. Bu sıradan olan şeirlərin birində, yəni "Bir kaha önündə" əsərində oxuyuruq:

Dağlar qapısına bitişik,

Qüdrət əli ilə hörülmüş Qara qayada

Dərin bir kaha var,

İçi boş, üzü bomboz.

Kahaya gedən cığırlar

Gözəllərin hörükləri kimi

Bir-birinə dolaşıb.

Bir vaxt insan məskəni olub,

İçi insan nəfəsi ilə isinib.

Diqqətlə baxsan,

Daşlarından insan rəsmi asılıb.

Bu gözəl poetik səhnəni yaradan müəllifin məqsədi, əslində, bütün zamanlar üçün aktual olan bir məsələni oxucusuna xatırladıb onu dünyanın gərdişindən baş çıxarmağa çağırmaqdır. Şairin təsvirində dünya fırlanır, cilddən-cildə girir, dünya kimi insanlar da dəyişir. Bir vaxt kahalara sığan insan, indi geniş dünyaya, göydələnlərə sığışa bilmir. Göyü, yeri zəbt edir, qurur, yaradır. Lakin ən qorxulusu odur ki, ürəyindəki şeytanın vəsvəsəsinə uyaraq Tanrısını unudur, illərlə zəhmət çəkib yaratdığını bir anın içində məhv edir. Deməli, insanın xislətində daima çarpışmaqda olan Xeyirlə Şərin mübarizəsində Şər qalib gəlir və bunun nəticəsində qanlar, qadalar, müharibələr törəyir. Ulu bir kökdən (Adəm və Həvvadan) törənənlər murdar nəfslərinin əlində əsir olub bir-birlərinə qənim kəsilir və beləcə:

Nəfsinə əsir olan Adəm övladı,

İlkinliyinə qayıda bilmir...

Kaha isə yerindədir,

Elə o boyda, o biçimdə.

Xəyalı pəjmürdə, üzü boz,

İçi bomboş!

Düşünürük ki, N.Nəcəfoğlunun "Bir qala ziyarəti" əsəri süjetli lirikanın gözəl nümunəsi olmaqla bərabər, həm də dərin məzmun və bəşəri ideyaya malik, sənətkarlıq baxımından diqqəti cəlb edən əsərlərdəndir. Qədim, yaşı bilinməyən bir dağ qalasının ziyarətçiləri dumana düşdüyündən yollarını azmış, kompası xarab olmuş səyyah kimi çiskinli bir gədikdə çarəsiz duruma düşmüşlər. Bir müddət sonra qatı duman çəkilir və başı çalmalı dağdan meşəyə nur səpilir. Şairin təqdimatında ziyarətçilər yollarına davam edib qalaya çatırlar. Həmin səhnənin rəsmini şair poetik sözlərlə belə yaradır:

Biz qalaya çatanda,

Qala, sanki dil açıb,

Qorqud qiyafəsində

Bizi pişvaz elədi:

"Balalar, xoş gəldiniz,

Mənim bərbad könlümü,

Necə abad etdiniz".

Burada bir məqama, şairin nə demək, oxucularına hansı hissi təlqin etmək istəyinə xüsusi diqqət yetirilməlidir. Göründüyü kimi, qalanın dilindən deyilmiş cəmi doqquz sözdən ibarət üç misralıq parçada dərin məna ilə yanaşı, dərin də nisgil var. Şair demək istəyir ki, qədim qalalar, yurd yerləri və qəbiristanlıqlar da insan kimi, ziyarətçiləri olmayan abidələr isə tənha, gözdən, nəzərdən uzaq unudulmuş qocalar kimidir. Onları yoluxmaq, başa çıxmaq bəşər övladının vəzifəsindən ziyadə insanlıq, vətəndaşlıq borcudur. Müəllif bu ideyanı ümumiləşdirərək çox haqlı olaraq belə bir qənaətə gəlir ki, ziyarətçilərin gəlişindən sonra "qalanın soyuq daşlarına can, mamır basmış sifətinə isə qan gəlir". Şəxsləndirmədən istifadə edilməklə yaradılan bu cür ifadə üsulu bədii tapıntı olmaqla yanaşı, həm qan yaddaşını oyandırmağa hesablanmış həqiqətdir.

Şeirlərinin birində:

Bu bulud yerin ahıdır,

Yön alıb göyün üzünə,

- deyən şair "Yuxum ərşə çəkilmişdi", "Tonqalları çatmalıyıq", "Bir sətir söz", "Qalmayıb", "Olacaq", "Vədəsiz sədalar", "Qorun", "Bir qala ucalığında" "Gərəksizsən, gərəksən" və s. şeirlərində daha çox insanları məşğul və narahat edən məsələlərə toxunur, bir qələm əhli olaraq cəmiyyətdəki problemlərə münasibətini bildirir.

N.Nəcəfoğlunun "Dünya" rədifli qoşması da bu sıradan olan şeirlərdən biridir. Dünyaya, yaşadığımız Yer Kürəsinə xitab kimi yazılan şeirdə əsas obraz dünya yox, lirik qəhrəmanın özüdür. "Bir qucaq külək, bir əlçim bulud" olsa da, yağışa qovuşa bilməyən, zamanla, dövrlə ayaqlaşmaqda çətinlik çəkən lirik qəhrəman narahat, dünayanı, cəmiyyətdə baş vermiş və baş verə biləcək olayları düşünən bir şəxs olduğundan "Lal olub su kimi axa bilmədiyi" kimi, "dar döngələrdən də çıxa bilmir", əmrlərə "boyun əymək" də onun əlindən gəlmir. Lakin lirik qəhrəman nə dünyanı qarğamır, nə dünyaya gəlməyinə peşmandır,. "Dirəmə yolumu yoxuşa, dünya!", - deyən şair məramını qoşmanın möhürbəndində aşağıdakı kimi yekunlaşdırır:

Qızılgül əkmişdim, tikanlar bitdi,

Sevib qucduqlarım uzaqdan ötdü,

Novruzun olanı gümandı, itdi,

İç gözümün yaşın, get yaşa, dünya!

N.Nəcəfoğlu lirikasında elə poetik nümunələrə rast gəlmək olur ki, bunları şairin özü ilə hesabatı, tərcümeyi-hal şeirləri də adlandırmaq olar. "Bükün məni bələyimə", "Gətirəydin", "Bu da 56 yaş", "Qəribsəmişəm", "Ömrün payızı", "Xeyli vaxtdır", "Bağışlasın", "İndi hansı yaşdayam..", "Qaldıra bilmirəm", "Anamın dilindən", "Tanrı mənim pənahımdı", "Anam eyvandan baxırdı", "Qalmayıb", "Bacım üçün", "Olaydı", "Məhəbbətim" və s. şeirlər bu qəbildən olan əsərlərdir.

Şeirlərinin birində:

Dolu döymüş bir ağacın barıyam,

Bağban məni qurd qoynuna atıbdı.

Aman yoxdu bu bəladan qurtulam,

Caynaqları iliyimə batıbdı,

- yazan, digər bir əsərində "Haqqamı daş atırsan? Qafil olma, mizan var!"- deyən N.Nəcəfoğlu poeziyasının incilərindən biri, zənnimizcə, "Dəfn elə" rədifli qoşmasıdır. Vətən, yurd, sevdalısı olan insanların vəsiyyətnaməsi təsiri bağışlayan bu əsər professor İslam Qəriblinin çox haqlı olaraq qeyd etdiyi kimi: "bir fərdin, konkret olaraq N.Nəcəfoğlu təfəkkürünün məhsulu olub lirik qəhrəmanın yaxınlarına ünvanlansa da, buradakı hiss və duyğular çox böyük ustalıq və yanğı ilə ümumiləşdirilərək cəmiyyətə yönəlmiş, arzu, istək fərdilikdən çıxaraq funksionallaşdırılmışdır". Nümunə üçün beşbəndlik qoşmanın ilk və son bəndlərinə diqqət edək:

Əgər cismim qismət olsa torpağa,

Apar, haqqım çatan yerdə dəfn elə!

Xəlvət yerdə darıxaram, elimin -

Yolu, izi ötən yerdə dəfn elə!

 

...Məndən sonra nə qəmə bat, nə dərdə,

Elim harda, obam harda - mən orda,

El yolunda bir təpə var, bax orda -

Tər çiçəklər bitən yerdə dəfn elə!

Şeirlərinin birində qəmi korun-korun yanıb tüstüləyən ocağa bənzədən şairin "Bükün məni qundağıma" əsəri müəllifin uşaqlıq xatirələrinin poetik təcəssümü olsa da, burada hər bir oxucu öz keçmişi ilə baş-başa qala, uşaqlıq illərinə qayıda bilər. Lirik qəhrəman uşaqlığına qayıtmaq üçün arzu edir ki, kaş onu təzədən bələyə büküb ağacdan asılan və başı üstündə quşların hay-haray salıb "çağırılmamış qonağa" nəğmələr oxunan nənniyə salsınlar ki, çırpınıb qundaqdan çıxa bilsin. Pöhrələr əlini sıxsın, yarpaqlar yelpiyə dönüb onun tellərini öpsün, oxşasın.

N.Nəcəfoğlunun poeziyasını "analı poeziya" adlandırsaq, heç də yanılmarıq. "Ana" rədifli gəraylısında:

Dilin şəkər, sözün baldı,

Sən getdin xatirən qaldı.

Səni Tanrı tez apardı,

Yoxsa, məni atdın, ana?!

- deyən müəllif "Anamın dilindən bayatılar" şeirində bizi bir ana obrazı ilə üz-üzə qoyur. Beş bəndi bayatı, bir bəndi on birlik şeir formasında olan bu şeirdə həyatda ömür yolu heç də hamar olmayan ananın həyatının müxtəlif anları əks olunur. Şeirin əvvəlki bəndində "keçdiyi yol qar, döngələri dar, qisməti nəhs gətirib günü ah-zar olan" bir ana surəti ilə qarşılaşırıqsa, sonrakı bəndlərdə "çiçək ikən pörşələn, xırman kimi ələnən, sevinc həyan durmadığından kədərinə bələnən", qəmi dağlar qədər olub səbrindən dağ əriyən ananın obrazı ilə baş-başa qalırıq. Nümunələrə diqqət edək:

Çiçəkdim, pörşələndim,

Xırman kimi ələndim.

Sevinc həyan durmadı,

Kədərimə bələndim.

 

Qəmim dağlar qarıdı,

Səbrimdən dağ əridi.

Dərdi dağdan ağırlar

Məni gördü kiridi.

N.Nəcəfoğlunun avtobioqrafik səciyyə daşıyan əsərlərindən biri də "Bəhruz" rədifli gəraylısıdır. Şair gəraylını dil açanda ilk kəlməsi "Baba" olmuş nəvəsi Bəhruza ithaf etsə də, fərdilik səddini aşaraq duyğu və düşüncələrini ümumiləşdirməyə müvəffəq ola bilmişdir. Bu əsəri N.Nəcəfoğlunun öz nəvəsinə həsr etdiyi şeir kimi də, bütün babaların nəvələrinə ithafı kimi də şərh etmək olar.

N.Nəcəfoğlu poeziyasında diqqəti cəlb edən şeirlərdən biri də lirik-fəlsəfi poeziyanın gözəl nümunəsi olan "Qorun" şeiridir. Bu əsəri sənətkarın "Nəsiyətnamə"si də adlandırmaq olar. "Qorun" kəlməsi hər bəndin sonunda təkrarlansa da, bu şeir qoşma deyil.

Şeirə verdiyi epiqrafda "Arxalıdır, ya arxasız - Qorun, abırsızdan qorun!" - deyə oxucusuna müraciət edən müəllif hesab edir ki, insan gərək yersiz, mənasız gülüşə qoşulub hər atəşə korun-korun yanmasın və "ismətdən boynunu bükən bənövşələrdən" deyil, "lalətək qızaran üzlərdən qorunsun". Şeirdən çıxan məntiqi nəticə bundan ibarətdir ki, şəxsi mənafeyini güdən insanda ləyaqət olmaz. Mənliyini satan, töhmətə, təhqirə alışan insanlar yaltaqlardılar ki, onlardan hər cür pisliklər gözləmək olar. Ona görə də "Yaltağın rəzalət torundan qorun!".

Şair doğru olaraq bildirir ki, düşmənin mərdi dostun namərdindən min dəfə yaxşıdır. Mərd düşmən etdiyini büruzə verər, saman altdan su yeritməz. Namərdin dilinə düşdünmü, olmayanları olan kimi sənə sırımağa cəhd edəcək. Odur ki, belə adamlardan uzaq gəz və "Bədəsil "dostların" felindən qorun".

Şair oxucusuna aşağıdakıları məsləhət görür:

Fürsət qənimətdir, qiymətini bil,

Mərd mərddir, namərdin cəhlindən qorun.

Arxalı nadanla Yaradan bilər,

Fəqirin, məzlumun ahından qorun.

 

Nankorun min rəngi, min sifəti var,

Əyrisi əyridir, düzündən qorun.

Düşmənlə bacarmaq çox çətin deyil,

Amandır, sən özün özündən qorun!

N.Nəcəfoğlunun poeziyası haqqında fikirlərimizi ümumiləşdirərkən belə bir qənaətə gəlirik ki, o sözdən ehtiyatla, zərgər dəqiqliyi ilə istifadə edən, özü ilə üz-üzə durub söhbət etməyi və oxucusunu da arxasınca aparmağı bacaran sənətkardır. Mövzu, janr baxımından rəngarəng olan poetik əsərlərində olan incə və dəruni məqamların sözün sehrinə və zəhminə bələd olan sənətkar istedadı və qələmi ilə təqdim olunması diqqəti daha çox cəlb edir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!