Apar ömrümdən bütün qaranlıqları... - Tural CƏFƏRLİ - şeirlər

Fəlsəfi sayıqlamalar...

Aqnostik şeir

Şiller, Fixte, Spinoza

Günəş, Ay və buludlar.

Harda qaldın Feyerbax?

Görünmürsən neçə vaxt...

İn və Yan fəlsəfəsi,

Brahman axtarır onu.

Suallar yada düşür,

Yoxdu bu yolun sonu.

 

Süd yolunda azıbdı,

Neçə sufi orbiti

Perelmana güvənir,

Cavab ondadı qəti.

Edam öncəsi nahar,

Xaç suyu və şərab var.

Qəzali fikirlidi,

Bəhmənyarda ümid var.

Şumerlərin izləri,

Dəclə-Fərat düzündə

Ləpir kimi qalıbdı

Kutilərin üzündə.

 

Asketik şeir

Çarvaka,

Lokayata,

Afina,

Troya atı...

Bütün ölümləri fəlsəfə,

Bütün həyatı sentimental

Yarpaq boyda ümidləri

Bulud yorğunluğu ilə

Aparır -

Adamlar, adamlar, adamlar...

Sonra

Sonra

Payızda yağışı,

Qışda qarı

Yazda gülü,

Yayda Günəşi

Aparır -

Adamlar, adamlar, adamlar...

Zaman haqqında

bir neçə söz

 

Deist şeir

Göy üzünə pərdə çəkir

İlk başlanğıc qüvvəsi.

Təkan verir qübbələrə

Külli aləmin səsi.

Torpaq, su və od üçün

Zaman uyğun yer seçir.

Vulkan püskürür birdən

Çaylar dağlardan keçir.

Sonra ilk məzar daşı

Yas saxlayır ilk insan.

Beləcə bu dünyada

Başlayır sonsuz zaman...

Meduza olmaq üçün yaşamaq

Praqmatik şeir

Sakit okeanda, fırtına öncəsi

Kalimantan adasında

Bir rahibə ağlayır

Gecə göy üzünə baxıb...

Heç kim bilmir nə olacaq...

Limandakı balıqçıların arzuları

Tora ilişib qalıb.

Bir qarmaq atan da yox

Taleyin boğazına...

Quşlar uçur və yağan yağışlar

Səhranın çat dodaqlarını isladır.

Sonra Günəş yenə hamilə qalır

Çölün düzündə...

Bir kaktus boyda ümid var

Hər gün içimi didir.

Bir sual var cavabı yox,

Beləliklə

Ömür meduza kimi

Asta-asta,

Gülə-gülə,

Sonuna doğru gedir...

 

Madaqaskar adasında qətl

İdealist şeir

İblis, iblis və yenə də iblis...

Kor qoyma gözlərimi

Apar ömrümdən

Bütün qaranlıqları...

Gəl, sağlıq deyək

Ölümə...

İçək göz yaşlarını

Balıqların...

Darıxanda bilirik

Zamanın qədrini...

Elə ki yoruluruq

Uzanır əllərimiz

Arzuların ətəyinə...

Arzular da abırlıdı

Ətəyi uzun,

Üzü bağlı,

Hardan tanıdın məni?

O küçədənmi,

Bu ağacdanmı,

Həmin daxmadanmı?!

Kainatın sirrini bilən adam

Kinetik şeir

Dahi rus riyaziyyatçısı Qriqori Perelmana

Bütün qaranlıqlarda işıq,

Bütün yoxluqlarda var olan.

Allahın özünü görmədən

Yerini deyən adam...

Puankare, Aristotel və Platon

Səni görsə nə edərdi?

Bəlkə dəhşətə gəlib

Ölərdilər həmin an?

Uzun, qısa zamanda

Səyahətin sehirli.

1,2,3,4 və sonsuzluq

Əhatə edir səni...

Bəlkə özün deyilsən?

Bəlkə yad planetlisən?

Bəlkə Marsdan gəlmisən?

Ya da Yupiterlisən?

Volqa çayı tökülür,

Elə şövqlə Xəzərə.

Perelman qonaq gələ

Üzə burda bir kərə...

 

Nədir dərman, nədir əlac?

Lemokratik şeir

Əzcaçı işləyən, ədəbiyyat adamı Səbuhi Mehdiyevə

İlk xəstəlik nə olub?!

İlk əlacı kim edib?!

Bəlkə dünya tarixində

Biləsən, kim ölmədən

Yaşamağı öyrənib?!

 

Ömür bir ayrı ağrı,

Ölüm bir ayrı ağrı...

Varmı gözdən yayınan,

Ürəkdə baş qaldıran

Sirli bir kainatı

Açıb bizə göstərən,

Ağrıların əvvəlini

Sonunda bildiyimiz...

Bir səsləyiş, bir çağrı

Hamının unutduğu,

Heç kimin xatırlamadığı

"Söz" adlı bir ağrı...

Kimdir o göy üzünə,

Buludları pambıq bilib

Dağları bayraq kimi

Yerin köksünə sancan?!

Söylə, hansı dərmandı

Ümidləri oyadan

Yaşamağa sövq edən,

Arzuları oyadan?!

Bilsən,

Bir əlac kimi,

Saxlayarsan  bizlərə

Bir də ümidsizlərə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!