Və həyat elə, budur. İçinə çökən ümidsizlik və torpağa bulaşmış ağ kitab səhifəsidir... - Əlibala ƏHMƏDOV - şeirlər

 

Ölən dalğalar

Dəliliyin nəğməsidir gözlərindəki kədər...

Yaşam qığılcımlarından,

yaşam çoxluğundan keçərək,

Dəli olur, insan, bir gün - kimlərsə təcridxanalarda,

Kimlərsə qapalı bir otaqda,

intihar qapılarında,

kimlərsə də elə bu cür - yellənən kresloda

gözlərini sönmüş köz kimi  divarlara dikərək...

Və həyat elə budur.

İçinə çökən ümidsizlik və

                        torpağa bulaşmış ağ kitab səhifəsidir.

Nələrə inandın, nələri sevdin, onda...

Uçan qar parçalarını sevən uşaqlar kimi...

İnamlardan keçdin,

Ümidlərdən keçdin,

Adamlara tutundun və qadınlardan keçdin,

Sonluq qarlı nağılların bitməsitək kədərli oldu...

Və sonda hər şey qurudu.

Sonda dəli olur, hər kəs...

Hər kəs fərqli şəkildə...

Yaşamda saxlayıb, bədənimi

ruhumu sovururam, mən

səhra qumu rəngində ümidsizliyin rənginə,

Badam dənəsi kimi quruyan - boz olan hisslərə...

İtən sevgilər, itən ümidlər

Burulğan kimi gəlib

yox olan eşqlər

və sönən bütün günəşlər

naminə məhv oluram...

İtən axınlar

Boz rəngli yağış sularının axması,

Onların axdığı yerlər,

Bir də gecənin içində maşınların şütüməsi...

Onların gedişindən gələn səs...

Soyuq havalarda ağzımızdan qaçan buxarlar...

Nələrinsə yaşanılıb, əbədiyyən bitməsi deməkdir.

Onlar qıvrılan, tütün rəngiylə yoğrulan ağrılar idi...

Yemiş sarılığında

qızıl kimi parlaq bir eşq

Və bir qadın

salxım saçlarla

cənnət yarpaqları rəngində - yaşıl köynəklə...

Sevilibvə itirilib.

Nələrsə yaşanılıb - kimsə ağlını,

                        şüurunu, ruhunu itirib onun üçün.

İndi

Uzaqlardan gələn qüssə - gedişlərdən gələn səsdir.

Dəftərlərin qoxusu

çevrilən səhifələrin

qələmlərin duruşu barmaqsız qalan əllərin qüssəsidir -

mən bilirəm ki, yaşamışam, mən bilirəm ki, sevmişəm...

Amma itirəcəyimə inanmırdım -

qırıldı, üzüm salxımları...

Gedəcəyinə inanmırdım, heç kimin.

Yemiş sarılığında xoşbəxt olduğum anların

axan boz yağış sularına qarışacağına inanmırdım...

Amma indi maşınlar şütüyür.

Amma indi səslərin içində,

soyuqların itiliyində

sevdiyim qadın

ölmüş anların qüssəsini bəxş edir, mənə.

Puçluğun quyusunda xoşbəxt mənzərələr görürəm

Ölmüş ailə üzvünü lentyazıda

                        izləmək kimi - aylar, dumduru sular,

sönməyən günəş görürəm...

Amma bitib.

Amma maşınlar şütüyür,

Amma günəş sönür,

İnana bilmədiyim hər şey artıq başıma gəlib...

Dönüklük

 

Hərflərin duruşu belə sabitdir,

Niyə belə dəyişməz və durğundur, adlar.

Kəlmələr niyə belə mütləqdir,

Boz karton üstündə yazılıb, bir zavod adı

Dəyişmir, dayanıb, yerində.

Niyə dəyişmir?

Yaşadığımız dünya bu qədər həyasız və ağrılı olsa, belə.

Niyə həyəcan duyduğunu,

Niyə ürəyinin zəncirlər kimi gərginliklə titrədiyini

Ruhunu nanə rəngində qüssənin gizildətdiyini

soruşurlar, utanmadan...

Bu adlar, bu kəlmələr, bu hərflər, bu sözlər...

Yerlərində dik duraraq,

Sadiq qalaraq,

quruluşlarına...

Amma mən dözmürəm...

Susaraq, tab gətirmirəm, həyasızlığına bu dünyanın

Sakit qala bilmirəm, bu adların,

                        bu kəlmələrin, bu adamların qarşısında,

Ağrıyıram, üzülürəm,

uğunuram...

Nifrət edirəm, səssiz duruşuna

bu həyatda hər şeyin.

Sanki hər şey yaxşıymış kimi.

Əgər bir gün partlasa ürəyim,

həyasız dünyada duyduğum ən böyük qürur olacaq, bu...

Ağrılar

Yarpaqlarının yarısı saralmış gənc ağac

Və kəsici külək,

Qışın qoxusu.

Çöldəki və ürəyimizdəki qışın

Sanki qıpqırmızı bir gilas uzaqlarda üşüyür,

fəza içində təkliyə düşür -

xoşbəxtlikdir, o...

Üzülür, insan...

Gözlərim şüşəsi düşmüş köhnə qapıya sataşır,

Uğunuram...

Nələri itirdiyimi

İtirdiklərimin ağırlığını

Köksümdə duyuram

Və görmək istəmirəm, bir daha tapdığım heç nəyi...

Hansı ki, indi ömür anlarında

taxta əşyalar kimi faydasızca yığılıb, onlar...

Və damarlar donub...

Qırmızı ağrılar soyuğun içində can tapıb, batır, qəlbinə.

Qırılan hər şeyin soyuqluğu yığılır, günün boşluğuna...

Hər şey bitib,

Ağrılar başlayır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!