Heç kim bizim kimi sevə bilmədi... - Annabel Li... Edqar Po

 

İllər, illər əvvəl idi, məkanı

Səfalı ölkəydi, dəniz sahili.

Orda yaşayırdı şən və qayğısız

Gözəl bir qız. Adı da Annabel Li.

Tək sevmək və sevilmək istəyirdi,

Yox idi başqa arzusu, diləyi.

 

O, uşaqdı, mən də uşaqdım hələ.

Ölkəmiz səfalı dəniz sahili.

Bir yerdə deyildik, hələ ayrıydıq,

Mənimlə Annabel Li.

Göydə uçan mələklər qısqanırdı

Bizi. Bizim hüdudsuz sevgimizi.

Xoşbəxt idik o dəniz sahilində,

O mələklər bizi gözə gətirdi.

Buludların küləyindən üşüyüb

Soyuqladı gözəlim Annabel Li.

Onu məndən aldılar,

Əl üstündə apardılar məzara.

Məkanıdır indi dəniz sahili.

 

Biz daha xoşbəxt idik mələklərdən,

Buna görə onlar qısqandı bizi.

Hə! Belədir (hamı şahiddir buna,

Təsdiqləyər ölkənin sakinləri).

Buludların küləyindən bir gecə

Soyuqladı və öldü Annabel Li.

 

Nə böyüklər, nə bizdən ağıllılar -

Heç kim bizim kimi sevə bilmədi.

Və ayıra bilməz ruhumuzu da

Nə səmada pərvazlanan mələklər,

Nə də yeraltı dünyanın cinləri.

Mənim ruhum əbədiyyən sənindir,

Əzizim Annabel Li.

 

Xəyalını canlandırır gözümdə

Gecəyarı Ayın parlaq şöləsi.

Göy üzündə ulduzlar parlayanda

Gülümsəyir elə bil Annabel Li.

Yanındayam, səninləyəm, səninəm,

Gözəl gözlüm, əziz, əziz sevgili.

Məzarının yanında uzanmışam,

Məkanımız olub dəniz sahili.

Tərcümə etdi: Həmid PİRİYEV

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!